Vətən övladıyam, zülm-zillət istirahətdir
mənə...”
Əliabbas Müznib-140
55
illik ömür. Ondan çox qəzet və jurnalın
redaktoru, naşiri. 40 adda kitab, yüzlərlə bədii,
publisistik əsər. O, qorxunc repressiya dalğasına
düşməyib 20-30 il də yaşasaydı, bu göstəricilər
qat-qat çox olar, bundan ədəbi, ictimai, maarifçi
fikrimiz, ədəbiyyatşünaslıq elmimiz daha nələr
qazanardı... Şair-publisist, dil tarixçisi, ədəbiyyatşünas-alim,
maarifçi və tərcüməçi Əliabbas
Müznib.
Tanınmış
ziyalı XIX əsr və XX əsrin əvvəlləri klassik
ədəbiyyatımızın toplanılması və tədqiqinə
mühüm töhfələr verib. Yaradıcılığında
milli düşüncə aparıcı yer tutub. Milli təfəkkürünə
görə çar, həm də sovet hakimiyyətləri
zamanı daim təqib olunub, təhdidlərlə üzləşib.
1912-ci ildə Sibirə sürgün edilib. 1937-ci ildə
“burjua millətçisi” kimi bir daha mühakimə olunub və...
Əliabbas
Müznibi anadan olmasının 140 illiyi münasibətilə
yada salırıq.
Əliabbas
Mütəllib oğlu Əhmədov (Müznib) 1883-cü ildə
Bakı şəhərində dünyaya göz açıb.
İbtidai təhsilini evdə anası Reyhan xanımdan
alıb. Sonra mədrəsədə oxuyub və fars dilini
öyrənib. Bir müddət sonra rus dili ilə maraqlanır
və sənədlərini rus-tatar məktəbinə verir. Bu
dili də yaxşı öyrənir. Ancaq maddi çətinliklər
üzündən təhsilini davam etdirə bilmir.
Atasının yanında daş yonur və xarratlıq edir...
Əliabbas
erkən çağlardan ədəbiyyata,
yaradıcılığa maraq göstərib. İti qələmi,
çılğın milli təəssübkeşliyi
ilə ədəbi aləmdə tanınmağa
başlayıb. Özünə “Müznib” (ərəbcədən
tərcümədə “suçlu” deməkdir) təxəllüsü
götürür, ancaq başqa imzalarla da əsərləri,
məqalələri dərc olunur. O vaxtlarda o, “Şərqi-Rus”,
“Tazə həyat”, “İttifaq”, “Zənbur” kimi qəzet və
jurnallarda çıxış edir. 1910-cu ildə özü
“Hilal” adlı qəzet nəşr etdirir. Həddindən
artıq tənqidçi ruhu ilə diqqəti çəkən
qəzetin ilk sayı hələ mətbəədə ikən
müsadirə olunur. Bunun səbəbi isə qəzetdə
müəllifin “Hökumət, ah, bir insan yeyən qurd, nə
pul qoyar, nə bir yurd” misraları ilə başlayan şeiri
idi.
Əliabbas
Müznib “Tazə həyat” qəzetində və “Molla Nəsrəddin”
jurnalının redaksiyalarında Mirzə Ələkbər
Sabir, Seyid Hüseyn, Abbasqulu Kazımzadə, Məmmədəli
Rəsulzadə və Kərbəlayı Vəli Mikayılov
kimi milli düşüncəli ziyalılarla tanış olur.
Bu tanışlıq və dostluq onun
yaradıcılığına ciddi təsir göstərir.
Şeir dili mürəkkəb ərəb-fars tərkibli
sözlərdən təmizlənir. İlk satirik
yazısı 1909-cu ildə “Zənbur” jurnalında işıq
üzü görür. Maraqlı ədəbi
yaradıcılığı ilə diqqəti çəkən Ə.Müznib 1910-cu ildə
jurnalın baş redaktoru təyin edilir. Şairin 1911-ci ildə
nəşr etdirdiyi “Şihab-sağıb” qəzeti də
bağlanır. Müznib qısa müddət
üçün həbs olunur. Daha sonra isə
ömürlük Sibirə sürgün edilir. Üsyankar ruhlu
şair Sibirdə də yazmaqdan, tutduğu yoldan qalmır. Qələmə
aldığı şeirlərini Bakı mətbuatında dərc etdirir.
Filologiya
üzrə fəlsəfə doktoru Qərənfil
Dünyaminqızı araşdırmasında qeyd edir ki,
Ə.Müznibin sürgündən həyat yoldaşı Səriyyə
xanıma yazdığı məktubda belə bir cümlə
var: “Vətən övladıyam, zülm-zillət istirahətdir
mənə”.
Çar
II Nikolay 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi
ilə əlaqədar əfv fərmanı imzalayır.
Ə.Müznib də əfv olunur və Bakıya dönür.
Ancaq onun vətənə gəlişi heç də
yaxşı qarşılanmır. O, guya məqalələrinin
birində dini tənqid edib və ruhaniləri ələ
salıb. Buna görə də Şeyx Molla Qəni tərəfindən
ölümünə fətva verilir. O, dövrün vətənpərvər
ziyalılarının köməyi ilə bu çətinlikdən
də qurtarır... Yenidən mətbuat və nəşriyyat
aləminə atılan ədib 1914-cü ildə böyük
qardaşı Əbülfəz Mütəllibzadənin
adına “Dirilik” adlı bir məcmuə nəşr etdirir.
Sonra qələmdaşları ilə birlikdə “Açıq
söz” qəzetini təsis edir. Eyni zamanda “Molla Nəsrəddin”
jurnalının təsiri ilə nəşr olunan
“Babayi-Əmir” və “Şeypur” satirik jurnallarının da
redaktoru olur.
Azərbaycan
Xalq Cümhuriyyətinin qurulmasından ruhlanan Ə.Müznib
“Azərbaycan”, “İstiqlal” və “Bəsirət” qəzetlərində
dövlətçilik ideyalarını fərəhlə təbliğ
edir. “Azərbaycan” qəzetində bir-birinin ardınca “Azərbaycan
istiqlalı”, “Azərbaycan təfriqəsi”, “Türk birlik ilə
yaşamış və böylə yaşayacaqdır” və
başqa milli ruh aşılayan məqalələri dərc
olunur. “Yaşıl qələm” ədəbi birliyinə
üzv olur və ədəbi müzakirələrin fəal
iştirakçısına çevrilir. Bu illərdə o,
“Şeypur” dərgisi ilə yanaşı, “Övraqi-nəfisə”
jurnalına da redaktorluq edir.
Xalq
Cümhuriyyətinin süqutundan sonra bir çox vətənpərvər
ziyalılarımız kimi, Ə.Müznibin də qara günləri
başlanır. O, 1926-cı ildə təqaüdə
çıxır və heç yerdə iş tapa bilmir.
Beş övladı, qoca ata-anası ilə çətin
şəraitdə yaşamalı olur. Mətbuatla nəfəs
alan ədib birdən-birə sevdiyi sahədən
ayrılır və ədəbi araşdırmalara
başlayır. 1927-1937-ci illər arasında o, XIX-XX əsr Azərbaycan
ədəbiyyatı klassiklərinin əsərlərindən
ibarət 10 kitab ərsəyə gətirir. Bu sırada
“Türk tarixi”, “Yusif və
Züleyxa”, “Tiran rolu”, “Nəsrəddin məzhəkələri”,
“Aşıq Pəri və müasirləri” və s.
kitabları maraqla qarşılanır.
Ə.Müznib
12 dekabr 1936-cı ildə həbs edilir. İstintaq işi
1937-ci ildə başa çatır. “Burjua-millətçi” fəaliyyətinə,
bolşevizm əleyhinə iş apardığına, həmçinin
əsərlərində Bakı kommunasına böhtan atmaqda,
Osmanlı qoşunlarının Bakıya gəlməsini
alqışlamaqda təqsirli bilinib və 8 il azadlıqdan məhrum
edilib. Tanınmış şair-publisist 28 avqust 1938-ci ildə
Vladivostokdakı xüsusi düşərgədə haqq
dünyasına qovuşub. 1956-cı ildə ona
ölümündən sonra bəraət verilib.
Ədibin
“Seçilmiş əsərləri” 2003-cü ildə ədəbiyyatşünas
İslam Ağayevin tərtibatı, ön sözü və
lüğətlə çap olunub. Professor Hüseyn Həşimli
isə 2004-cü ildə müəllifin “Ürək
yanğısı” hekayəsini ön sözlə çap
etdirib.
Savalan
Fərəcov
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.6.