Pianoya həsr
olunmuş ömür
Türkiyədə musiqiçi-pedaqoq soydaşımız
haqqında kitab çapdan çıxıb
Bu
günlərdə musiqişünaslardan biri mənə
“Pianoya adanmış bir ömür” adlı kitab verdi.
Türkiyədə nəşr olunan kitab azərbaycanlı
pianoçu, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Ərzurum Atatürk Universiteti Gözəl sənətlər
fakültəsinin professoru Həqiqət Məhərrəmovanın
75 illiyi münasibətilə hazırlanıb.
Həqiqət
Ələsgər qızı Məhərrəmova 1948-ci il
martın 8-də Şəkidə anadan olub. 1971-ci ildə
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasını (indiki BMA) bitirib. 1972-1974-cü illərdə
təhsilini Leninqrad (Sankt-Peterburq) Dövlət
Konservatoriyasının aspiranturasında SSRİ Xalq artisti
P.A.Serebryakovun sinfində davam etdirib. 1974-cü ildə təhsilini
fərqlənmə diplomu ilə başa vuraraq Azərbaycan
Dövlət Konservatoriyasının İxtisas fortepiano
kafedrasında pedaqoji fəaliyyətə başlayıb.
1980-1994-cü illərdə burada Fortepiano fakültəsinin
metodiki seksiyasına rəhbərlik edib. 1997-1998-ci illərdə
Pakistanın Lahor şəhərində pianoçu-solist kimi
fəaliyyət göstərib. 1999-cu ildən Ərzurum
Atatürk Universitetində dərs deyir.
Qeyd
edək ki, Həqiqət Məhərrəmova hələ
konservatoriyada təhsil aldığı zaman, 1969-cu ildə Azərbaycan
bəstəkarlarının kamera əsərlərinin ən
yaxşı ifası üzrə müsabiqədə birinci
yeri tutub, 1979-cu ildə isə nəfəs alətləri
ifaçılarının I Zaqafqaziya müsabiqəsində ən
yaxşı konsertmeyster kimi fəxri diploma layiq
görülüb. Onun konsert proqramına müxtəlif
üslub və janrlarda əsərlər daxildir.
İnterpretasiyasında həmişə inandırıcı
olan bu əsərlər pianoçunun müasir
düşüncə tərzini əks etdirir. Onun ifasında
Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət səs yazıları olan CD-lər var.
Musiqi
tənqidçiləri onun qüsursuz musiqi zövqünü,
fortepiano musiqisi çalarlarını mükəmməl bilməsini,
virtuozluğunu, ən başlıcası isə
ifasının emosional təsir gücünü və
dolğunluğunu vurğulayırlar. Pianoçunun elmi fəaliyyəti
isə geniş spektrli istiqamətləri əhatə edir.
Bunlar həm elmi-metodiki məqalələr, həm Azərbaycan
bəstəkarlarının ayrı-ayrı əsərlərinin
ifasına dair metodiki tövsiyələr, müxtəlif
fortepiano ifaçılarının bədii
yaradıcılıq ənənələrinin
şərhi, həm də tədris proqramıdır.
Bundan
əlavə, o, “Azərbaycanda fortepiano-ifaçılıq mədəniyyətinin
təşəkkülü və inkişafı” adlı tədris
vəsaitinin müəllifidir. Tədris vəsaitinə bir
sıra çox maraqlı və mühüm aspektlər daxil
edilib. Bunlar həm fortepianonun texniki təkamülünün
xronologiyası, həm də fortepiano
ifaçılığı və
yaradıcılığı ənənələrinin qorunub
saxlanılmasına və inkişafına təsir göstərən
kreativ amillərdir.
Həqiqət
Məhərrəmova Türkiyədə Beynəlxalq
Ərzurum piano günləri (2007, 2010), Milli fortepiano musiqisi
festivalları, habelə Beynəlxalq Ərzurum klassik musiqi
festivalının (2012) layihə müəllifi və
münsiflər heyətinin üzvü olub.
“Pianoya
adanmış bir ömür” kitabında Azərbaycan,
Türkiyə, Rusiya, Moldova və digər ölkələrdən
tanınmış elm və incəsənət xadimlərinin
sənətkar haqqında məqalə və fikirləri yer
alıb.
Kitab
Atatürk Universitetinin rektoru professor Ömər
Çomaklının ön sözü ilə
açılır. Rektor pianoçunun zəngin elmi ilə
klassik musiqi sahəsindəki bacarıqlarını universitetin
müvafiq sahəsinin inkişafında mühüm rol
oynadığını bildirir. Gözəl sənətlər
fakültəsinin dekanı Mustafa Bulat isə H.Məhərrəmovanı
“müasir sənət elmini dolğun şəkildə, ləyaqətlə
tədris edən müəllim kimi xarakterizə edir,
pianoçunun tədrisə yeni ruh və baxış gətirdiyini
vurğulayır.
Kitabda
Azərbaycandan Xalq artistləri Fərhad Bədəlbəyli,
Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Azər
Rzayev, Rauf Atakişiyev, professorlar Rəna Məmmədova, Aida
Tağızadə və digər tanınmış incəsənət
adamlarının ürək sözləri və məqalələri
də yer alıb.
Nəşrdə
musiqiçi xanımın qardaşı Xalq artisti Məbud Məhərrəmovun
da fikirləri ilə qarşılaşırıq: “Mənəvi
dünyama zənginlik qataraq xarakterimin formalaşmasında rol
oynadın. Bununla bərabər, mənə hər zaman bir o qədər
də diqqət və sevgi verdin. Buna görə sənə
minnətdaram”.
Həqiqət
Məhərrəmovanın
yaradıcılığının müxtəlif illərini əks
etdirən fotolar, konsert və layihələrinin
afişaları kitabı daha da rəngarəng edib.
Lalə
Azəri
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.6.