Rus Dram Teatrında “Albalı bağı”

Aleksandr Şarovski: “Hətta ən sabit repertuarı, uğurlu tamaşaları olan teatrı arabir klassik əsərlə silkələmək lazımdır”

 

…Anton Pavloviç Çexov. Kiçik hekayələrin böyük ustadı və təsirli pyeslərin müəllifi. Çox az dramatik teatr kollektivi tapılar ki, repertuarında onun əsəri olmasın. Əgər müəlliflərin arasında Çexovun adı yoxsa, deməli, bu boşluğu doldurmaq lazımdır.

Nə vaxtdır ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının repertuarında da belə bir boşluq var idi. Nəhayət ki, Çexovun pyesini orijinalın dilində eşidib görmək istəyən teatralların arzusu yerinə yetməkdədir. Oktyabrın 20-də və 21-də teatr hər kəsi A.P.Çexovun “Albalı bağı” pyesinin tamaşasına dəvət edir.

Biz də premyera öncəsi teatrın baş rejissoru, həm də “Albalı bağı”nın quruluşçu rejissoru Aleksandr Şarovski ilə söhbət edirik.

– Aleksandr Yakovleviç, çoxdandır ki, Çexovun irsinə müraciət etmirdiniz…

– 2003-cü ildə “Qağayı”ya quruluş vermişdim. Həmin əsəri Rusiyada festivalda oynadıqdan sonra tamaşanın iki əsas qəhrəmanının ifaçısını – Elmira Əbdürrəhmanova və Fərid Tağıyevi Moskva teatrları “ələ keçirdi”. Düzdür, tamaşa onların gedişi ilə bitmədi. “Qağayı” başqa aktyorlarla davam etsə də, əvvəlki tamaşa olmadı. Çünki həmin tamaşanı məhz o iki gənc aktyor üçün qurmuşdum.

O ki qaldı “Albalı bağı”na… Bilirsiniz, mənim fikrimcə, hətta ən sabit repertuarı, ən bacarıqlı truppası, uğurlu tamaşaları olan teatrı arabir klassik əsərlə silkələmək lazımdır ki, durğunluq yaranmasın. Çexov dramaturgiyası isə bunu bacarır. Tamaşa üzərində fikirləşəndə belə qərara gəldim ki, Çexovun özü də bu tamaşada olmalıdır. Tamaşanın lap əvvəlində Çexov personaj kimi səhnəyə çıxır və deyir: “Ölümümə az qalıb. Sonuncu pyesimi yazdım...”. Beləcə, səhnələr bir-birini əvəz etdikcə Çexov ön səhnəyə çıxır və nələrsə söyləyir.

Maraqlıdır ki, o vaxt, yəni 1903-cü ildə Çexov “Albalı bağı”nı da bütün pyeslərinin ilk səhnəyə çıxdığı teatra – Moskva Bədaye Teatrına, Stanislavski ilə Nemiroviç-Dançenkoya verir. Onlar da axşam pyesi oxumağa başlayırlar… Səhərədək həyəcan və göz yaşı tökməkdən yata bilmirlər. Bunu Anton Pavloviçə deyəndə o, təəccüblənir: burada ağlamalı nə var ki? Mən axı komediya yazmışam?

– Yəqin Stanislavski də, Nemiroviç-Dançenko da “Albalı bağı”nın alt qatındakı faciəni görüblər: necə deyərlər, göz yaşı içində gülüş.

– Çexov bütün rejissorlara tapmaca tapmağı təklif edir: “Albalı bağı” nədən bəhs edir?

– Sizin bu tapmacaya cavabınız?

– Çexov “Albalı bağı”nda saflığı, məhəbbəti, böyük ailəni, bağ evinin hüzurunu tərənnüm edən əhvalatı təsvir edib. Burada köhnə düşüncəli insanlarla yeni düşüncə tərzinin mübarizəsi gedir.

…Səhnədə isə işıq qurulur. Daha dəqiq desək, tamaşa başlayandan sonadək bütün epizodlarda işığın gurluğu, yayğınlığı, tutqunluğu, rəngi, nə vaxt hansı personajın üzünü işıqlandıracağı dəqiqləşdirilir. Yox, bu dəfə aktyorlar səhnə qiyafəsində deyillər. Demək olar ki, hamı tündrəngli məşq geyimindədir. Çünki jest kimi səhnə işığının parametrlərini də aktyorun tünd siluetinin ətrafında nizamlamaq rahatdır.

Məşq zamanı hiss olunur ki, tamaşa üzərində xeyli iş görülüb. Tamaşada teatrın böyük aktyor heyəti – Xalq artistləri Natalya Şarovskaya (Lübov Ranevskaya), Fuad Osmanov (Leonid Qayev), Ayan Mirqasımova (Şarlotta İvanovna), Əməkdar artistlər Mariya Dubovitskaya (Anya), Murad Məmmədov (Yermolay Lopaxin), Teymur Rəhimov (Trofimov), Yuri Omelçenko (Semyon Yepixodov), Həcər Ağayeva (Dunyaşa), Salman Bayramov (Firs), aktyorlar Rüstəm Kərimov (Çexov), Olqa Arsentyeva (Varya), Rüfət Nəzərov (Simeonov-Pişşik) və başqaları məşğuldur.

***

Təəssüf ki, ən bəlağətli ifadələr, sinonimlərin bolluğu, ən təsirli lirik ricətlərlə dolu təsvir müəyyən təəssürat yaratsa da, tamaşanın aurasını çatdırmaqda acizdir. Onu gərək qəlbinlə hiss edib ruhunla duyasan. Bu isə yalnız tamaşanı salonda əyləşib seyr etməklə mümkündür.

“Albalı bağı”nın seyrinə isə lap az qalıb. Cəmi bir neçə saat...  Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı sənətsevərləri bu mövsümün ilk premyerasına dəvət edir: A.P.Çexov: “Albalı bağı”. Buyurun, gəlib seyr edin. Əlbəttə, əgər kassada bilet qalıbsa…

 

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.7.