“MədəniyyətimİZ” layihəsində növbəti görüş

 

Oktyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Layihənin budəfəki qonaqları tanınmış opera müğənniləri, Xalq artistləri Fidan Qasımova və Xuraman Qasımova olub.

Əvvəlcə tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“İRƏLİ” İctimai Birliyinin layihələrlə iş üzrə katibi Riad Cəbrayılov qeyd edib ki, Fidan və Xuraman Qasımovalar klassik opera sənətinin milli kontekstdə inkişafına böyük töhfələr veriblər. Ulu öndər Heydər Əliyev onların fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, Prezident İlham Əliyev tərəfindən Fidan və Xuraman Qasımova bacıları dəfələrlə yüksək dövlət mükafatları ilə təltif edilib.

Daha sonra Fidan və Xuraman Qasımovalar Ulu öndərlə bağlı xatirələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, yaradıcı fəaliyyətlərinin 25-ci ildönümündə Heydər Əliyevin iştirakı onların fəaliyyətinə göstərilən böyük diqqətin təzahürü idi.

Görüşdə gənclərə öz tövsiyələrini verən sənətkarlar müasir dövrdə opera sənətinin təbliği istiqamətində daha yeni tendensiya və yaradıcı sənayenin özünəməxsus tələbləri olduğunu diqqətə çatdırıblar. Həmçinin peşəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri, milli vokal məktəbinin yaranması və klassik ifaçılıq üslubunun təbliği, akademik pedaqoji fəaliyyət və peşəkar yanaşmanın tətbiqi ilə bağlı düşüncələrini dilə gətiriblər.

Musiqili görüşün bədii hissəsində Əməkdar artistlər Rəna Ağayeva və Nigar Məlikovanın pianoda müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Fəridə Məmmədova, Aqşin Abdullayev və Akademik Opera və Balet Teatrının solisti Fatimə Cəfərzadənin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri təqdim edilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli liderin həyat və fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Layihə çərçivəsində indiyədək bir sıra tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilib. Tədbirlərin əlamətdar il ərzində davam etdirilməsi planlaşdırılır.

 

Lalə

Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.5.