Azərbaycan qadınlarının qurultayı
keçirilib
Oktyabrın
19-da “Gülüstan” Sarayında Azərbaycan
Qadınlarının VI Qurultayı keçirilib. Ulu öndər
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
qurultayda 600-ə yaxın nümayəndə iştirak edib.
Tədbirin
əvvəlində Prezident Administrasiyası Humanitar siyasət,
diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh Əliyeva dövlət
başçısı İlham Əliyevin qurultay
iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə
qeyd edilir ki, qurultayın Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunması dərin məna daşıyır. Azərbaycan
qadınlarının 25 il əvvəl Ulu öndərin təşəbbüsü
ilə keçirilən ilk qurultayı ölkəmizdə
qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini
başladıb: “Ötən müddətdə cəmiyyətdəki
mövqeləri daha da möhkəmlənən
qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi
potensialının gücləndirilməsi işinə dəyərli
töhfələr bəxş etmişlər. Onların təqdirəlayiq
ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən
müəyyən edilmiş dövlət qadın siyasətinin
ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir”.
Müraciətdə
vurğulanır ki, qloballaşmanın vüsət
aldığı və milli özünəməxsusluğu
sürəkli dəyişikliklərə məruz qoyduğu
bir vaxtda mədəni-mənəvi dəyərlərimizin
qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan
qadınlarının xidmətləri misilsizdir: “Onlar eyni
zamanda maarifpərvər sələflərinin ənənələrini
müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları
və dolğun sosial-mədəni fəaliyyətləri ilə
ictimai həyatımıza yeni güc qatır, müstəqillik
salnaməmizə parlaq səhifələr yazırlar. Hər
bir nailiyyətimizdə qadınların böyük zəhməti
vardır. Fədakar analarımızın Vətən
sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi
bütövlüyünün bərpası naminə
döyüş meydanındakı unudulmaz rəşadəti
ilə xalqımızın mübarizlik ruhunu nümayiş
etdirən milli əqidəli gənc nəsildir”.
Qurultayda
çıxış edən Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova bildirib ki, son 20 ildə iş dünyasında
qadınların rolu artıb.
Baş
nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan
hökuməti bundan sonra da cəmiyyətdə
qadınların imkanlarının genişləndirilməsi və
onlara şərait yaradılması istiqamətində
atılan addımları davam etdirəcək.
Türkiyə
ailə və sosial xidmətlər naziri Mahinur Özdemir
Göktaş Azərbaycanın tarixi Qarabağ Zəfəri
münasibətilə tədbir
iştirakçılarını təbrik edib. O, qadın haqlarından
danışıb, Türkiyənin bu istiqamətdə
atdığı addımlardan söz açıb.
Daha
sonra BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
– ombudsman Səbinə Əliyeva və digər şəxslər
çıxış ediblər.
Qurultay
panel müzakirələrlə başa çatıb.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.2.