Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından
Ümummilli
lider Heydər Əliyev böyük siyasətdə olduğu
bir qərinədən artıq dövrdə, doğma
xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni
irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın inkişafı,
respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə
təşkili sahəsində də müstəsna xidmətlər
göstərib.
Heydər
Əliyevin mədəniyyətə diqqət və
qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli
ötən sayımızda)
1997-ci
il 31 may
Xalq
artisti, görkəmli xanəndə Sara Qədimovanı 75
illik yubileyi münasibətilə təbrik edib. “Füsunkar
Qarabağ təbiətinin zənginliyi ilə köklənmiş
ecazkar səsinizlə yeni həyat verdiyiniz mahnı və
muğamlar Azərbaycan musiqi sənətinin qızıl
fonduna həmişəlik daxil olmuşdur”, – deyə təbrik
məktubunda vurğulanırdı.
1997-ci
il 5 iyun
Məşhur
rusiyalı müğənni İosif Kobzonun Respublika
Sarayında keçirilən “Vida qastrolu” zamanı onunla
söhbət edib.
“...Məndən
soruşdunuz ki, Sizin üçün nə oxuyum? Mənim istədiklərimin
hamısını oxudunuz. 60-70-ci illərin mahnıları
gözəl idi. O illərdə biz cavan idik, lakin bu mahnılar
da ölməzdir... Məsələn, “Durnalar”
mahnısı... Bu mahnının necə yaranması mənim
xatirimdədir. Yan Frenkel onu Rəsul Həmzətovun sözlərinə
bəstələmişdi... Mahnı, musiqi qədər, incəsənət,
mədəniyyət qədər insanları bir-birinə
heç nə bağlamır. İncəsənətin, mədəniyyətin,
xüsusən də mahnının, musiqinin oynadığı
rolu heç bir şey, heç bir vasitə oynaya bilməz.
Sizin bu missiyanız sadəcə olaraq qastrol səfəri,
konsertlər vermək deyildir. Bu, əlaqələrin,
dostluğun möhkəmlənməsinə xidmət edən
böyük işdir.
O ki
qaldı “Vida qastroluna”, hesab edirəm ki, bu vida olmayacaqdır.
Sizin 60 illik yubileyinizi keçirəcəyik, amma bundan sonra Siz
dayana bilməyəcəksiniz. Belə potensialla, belə səslə,
enerji ilə Siz evdə oturub qəzet oxuya bilməzsiniz”. (Qeyd:
İosif Kobzon daha 20 il səhnədə oldu və 2018-ci ildə
vəfat etdi – red.).
1997-ci
il 7 iyun
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında Səməd
Vurğunun “Fərhad və Şirin” pyesinin yeni quruluşda
tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə
görüşdə çıxış edib.
“Fərhad
və Şirin” böyük şairimiz Səməd
Vurğunun mədəniyyətimizə
bəxş etdiyi ən böyük töhfələrdən
biridir... Öz məzmunu, mənası ilə həddindən
artıq təsiredicidir, ibrətamizdir. Bu əsər insan
münasibətlərində pak, saf sevgi-məhəbbətin nə
qədər güclü, nə qədər ülvi
olmasını, eyni zamanda xəyanətin,
satqınlığın nə qədər nifrət və
ikrah hissləri doğurduğunu parlaq surətdə göstərir.
...Əsərə
çox gözəl quruluş verilib. Bilirəm ki, Cənnət
xanım (Səlimova – red.) tamaşanın quruluşçu
rejissorudur. Onu çoxdan yüksək səviyyəli bir
quruluşçu rejissor kimi tanıyıram... O ki qaldı
ifaçılara, bir çoxunuzu tanıyıram, bəziləriniz
də gəncsiniz, sizləri yeni görürəm.
Hamınız öz rollarınızı çox gözəl
ifa etdiniz. Bizim görkəmli aktyorumuz Mikayıl Mirzə
baş rolu çox gözəl ifa etdi. Fədakar aktyorumuz Həsən
Məmmədov uzun illərdir ki, teatrda, kinoda çox fəal
çalışır. Çox məmnunam ki, Həsən Məmmədov
yenə də səhnədədir və Xosrov rolunu da çox
məharətlə ifa etdi.
Şirin
rolunu ifa edən Məleykə Əsədova gəncdir.
Çox gözəl, təbrik edirəm. Həmişə istəmişəm
ki, bütün sahələrdə gənclər olsun... Bu,
mütləq lazımdır. Çünki yaşlı nəsil
həm gənclərə təcrübə verir, həm də
sənətimiz davam edir...”.
1997-ci
il 17 iyun
Xalq
artisti Fidan Qasımovanı 50 illik yubileyi münasibətilə
təbrik edib. “Milli musiqimizin ənənələrini davam
etdirməklə Siz Azərbaycan vokal sənəti
üçün yeni üfüqlər açmış, onu
keyfiyyətcə yeni bir mərhələyə
qaldırmısınız”, – deyə təbrik məktubunda
bildirilirdi.
***
Bəstəkar,
Xalq artisti Cövdət Hacıyevə 80 illiyi münasibətilə
təbrik ünvanlayıb. “Siz ölkəmizdə milli
simfonizmin yaradıcılarından biri kimi
tanınırsınız. Sənətsevərlərin
böyük rəğbətini qazanmış bir sıra əsərləriniz
Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna
daxil olmuşdur”, – deyə məktubda vurğulanırdı.
1997-ci
il 18 iyun
Özbəkistana
rəsmi səfəri zamanı Daşkənddəki
Əlişir Nəvai adına Özbəkistan Dövlət
Opera və Balet Teatrında Arif Məlikovun “İki qəlbin
dastanı” baletinə tamaşa edib.
1997-ci
il 4 avqust
Amerika
Birləşmiş Ştatlarına ilk rəsmi səfəri
zamanı Çikaqoda Azərbaycan Mədəniyyət Cəmiyyətinin
nümayəndələri ilə görüşüb.
“...Mən
Vaşinqtonda gedib Kennedinin qəbrini ziyarət etdim. Orada
gözəl sözlər yazılıbdır. Con Kennedi
prezident andı içərkən amerikalılara müraciətlə
deyibdir: “Siz düşünməyin ki, Amerika sizə nə etməlidir.
Düşünün ki, siz Amerikaya nə etməlisiniz”. Bunlar
çox müdrik sözlərdir. Mən də Kennedinin bu
sözləri ilə sizə deyirəm: Siz düşünməyin
ki, Azərbaycan sizə nə etməlidir.
Düşünün ki, siz Azərbaycana nə etməlisiniz.
Çünki insan harada olur-olsun yaşaya bilər. Bir az pis,
bir az yaxşı. Mən həyatın hər bir
üzünü görmüşəm. Moskvada, Kremldə
oturmuşam və böyük bir villada yaşamışam.
Amma sonra oradan gedib Naxçıvanda bir komada
yaşamışam. Nə olsun? İnsan yaşayır. Mən
də yaşadım.
Demək
istəyirəm ki, insan harada olsa yaşayacaqdır. Şərt
o deyildir. Şərt odur ki, insan milləti, Vətəni,
torpağı üçün nə edir... Hər bir azərbaycanlı
fəxr etməlidir ki, nəhayət, Azərbaycan
xalqının dünya birliyinə daxil olan müstəqil
dövləti vardır. Azərbaycanın məktəbləri,
elmi Azərbaycan dilindədir. Heç bir Şərq ölkəsinin
bizim qədər böyük mədəniyyəti yoxdur...
...Ürəyim
istəyir ki, dünya azərbaycanlıları daha birləşsinlər,
daha da sıx olsunlar... Belə olmasın ki, bu o Azərbaycandandır,
bu isə bu Azərbaycandandır. Rəhmətlik Şəhriyar
bu barədə nə deyib, yadınızdadır? İndi nə
olsun ki, vaxtilə aramızı kəsdilər. Aramızı
Araz kəsmədi, bizi parçaladılar. Nə olsun? Nə fərqi
var ki, biri o tayda, biri bu tayda doğulubdur? Hamısı azərbaycanlıdır.
Bütün azərbaycanlıların indi dünyada bir
dövləti var. Bu, müstəqil Azərbaycan
Respublikasıdır. Gəlin hamımız bu dövlətin,
bu Vətənin ətrafında birləşək...”.
Hazırladı:
Vüqar Orxan
(davamı
var)
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.5.