Vətən
müharibəsinin Zəfər soraqlı
üçüncü şəhəri
20 oktyabr Zəngilan Şəhəri Günüdür
Azərbaycanın
ən yeni tarixinə şərəf və ləyaqət
salnaməsi olaraq yazılan 2020-ci il Vətən müharibəsinin
Zəfər soraqlı günlərindən biri də 20
oktyabrdır. Bu gün Zəngilan şəhərinin
işğaldan azad olunmasının üçüncü
ildönümüdür.
“Torpaqlarımızı
30 ilə yaxın işğal altında saxlayan düşmən
döyüş meydanında Azərbaycan Ordusunun
gücünü görür. Biz öz torpağımızda
vuruşuruq, öz torpağımızı qoruyuruq və
işğalçıları bundan sonra da öz
torpaqlarımızdan qovacağıq. Xalqımız
döyüş meydanından, cəbhə bölgəsindən
səbirsizliklə yeni xəbərlər gözləyir. Mən
çox şadam və mən xoşbəxt adamam ki, bu şad
xəbərləri Azərbaycan xalqına
çatdırıram” – Prezident, Ali Baş Komandan İlham
Əliyev bu tarixi sözləri 2020-ci il oktyabrın 20-də Zəngilanın
azad olunması ilə bağlı xalqa müraciətində
demişdi.
Zəngilan
Cəbrayıl (4 oktyabr) və Füzulidən (17 oktyabr) sonra Vətən
müharibəsində azadlığa qovuşan
üçüncü şəhərimiz idi.
Prezident
İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə
imzaladığı sərəncamla Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri
üzrə şəhər günləri təsis edilib. Sərəncama
əsasən, 20 oktyabr Zəngilan Şəhəri
Günüdür.
Zəngilan
torpağı işğaldan azad olunan ərazilərin
dirçəlişində bir ilklə də yeni tariximizə
düşdü. Otuzillik əsarətdən qurtulan yurd yerlərimizdə
yenidən qurulan ilk yaşayış məntəqəsi Zəngilan
rayonunun Ağalı kəndi oldu. 2022-ci ilin mayında
Ağalı öz sakinlərinə qucaq açdı.
2022-ci
ilin 20 oktyabrında isə Şərqi Zəngəzurun hava
qapısı olan Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycan
və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə
verildi. Bu, təkcə bu bölgəmizin deyil, ümumilikdə
Azərbaycanın inkişafı, eləcə də yerləşdiyimiz
coğrafiyanın gələcək mənzərəsi
üçün mühüm önəm kəsb edən, Azərbaycan-Türkiyə
birlik və bərabərliyi üçün əlamətdar
hadisə idi.
Zəngilanın
işğaldan azad olunmasının ikinci ildönümündə
Prezident İlham Əliyev şəhərdə
ilk yaşayış binasının təməlini də
qoydu. O vaxtdan ötən bir il içində dövlət
başçısı tərəfindən Zəngilan şəhərində
ümumilikdə 4 yaşayış kompleksinin təməli
atılıb. İnanırıq ki, zəngilanlılar növbəti
Şəhər gününü öz şəhərlərində,
ev-eşiklərində bayram edəcəklər. Bundan əlavə,
ötən müddətdə Zəngilan rayonunun yenidən
qurulacaq daha bir neçə kəndinin təməli qoyulub.
Tezliklə Ağalının sırasına “çinarlar
yurdu”nun digər yaşayış məntəqələri də
qoşulacaq...
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.1.