Qəhrəmanlar heç zaman unudulmur

 

Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi Samir Səmədovun ailəsini ziyarət ediblər. Mərkəzin əməkdaşları şəhidin ailə üzvləri ilə görüşərək onlarla söhbət edib, ev-muzeyindəki eksponatlarla tanış olublar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Samir Səmədov 2002-ci il yanvarın 18-də Astara rayonunun Pensər kəndində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 10-da Talış kəndi və Ağdərə rayonu istiqamətindəki döyüşlərdə iştirak edib. Ağdərə uğrunda şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

***

Lerikdə Vətən müharibəsinin şəhid giziri Tərzan Haşımovun anım günü münasibətilə tədbir keçirilib. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri T.Haşımovun məzarını ziyarət edərək xatirəsini yad ediblər.

Tərzan Haşımov 1989-cu il aprelin 13-də Lerik rayonunun Bibiyoni kəndində dünyaya göz açıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 44 günlük müharibə zamanı oktyabrın 20-də Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Göyçay rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Sənan Məmmədovun anım tədbiri keçirilib. Çıxış edənlər Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, şəhid Sənan Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından söz açıblar.

S.Məmmədov 2002-ci il iyulun 27-də Çaxırlı kəndində anadan olub. Vətən müharibəsində oktyabrın 21-də Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Şəki şəhər Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidləri Əziz Əzizov, Hüseyn İsmayılov və Xəyal Əsgərzadənin anım günü ilə əlaqədar ailələrinə baş çəkiblər. Kitabxana əməkdaşları hər bir şəhid ailəsinin əziz olduğunu, onlara diqqət göstərməyin hamının mənəvi borcu olduğunu qeyd ediblər. Sonda şəhidlərin ev-muzeyi və məzarları ziyarət edilib.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində isə Vətən Müharibəsi Qəhrəmanı, mayor Şixamir Qaflanovun anım günü münasibətilə tədbir təşkil edilib. Şəhidin həyatından bəhs edən film nümayiş etdirilib, ədəbi-bədii kompozisiya təqdim olunub, şeirlər oxunub. Çıxış edənlər şəhid mayorun keçdiyi ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıb, əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.

Qeyd olunub ki, Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 19-da Xocavənd istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, həmçinin “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Şirvan şəhərində Vətən müharibəsinin şəhid kiçik giziri Zeynal Zülfüqarlının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Zeynal Zülfüqarlı 1995-ci il mayın 31-də Şirvan şəhərində anadan olub. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. İlk döyüş yolu Murovdağ yüksəkliyindən başlayıb. Daha sonra Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində gedən döyüşlər zamanı şücaəti ilə seçilib. Oktyabrın 20-də Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd, Şuşa və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

***

Cəbrayıl rayon Mədəniyyət Mərkəzi, Fuğanlı, Karxulu, Xələfli, Qaracallı, Hacılı kənd klubları və rayon MKS-nin 6 saylı Hacılı kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Sevindik İsmayılzadənin ailəsinə baş çəkiblər. Mədəniyyət işçiləri ailənin qayğıları ilə maraqlanıb, onlara maddi və mənəvi dəstək olublar.

Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Sevindik İsmayılzadə 1998-ci il noyabrın 30-da Saatlı rayonunda məcburi köçkünlər üçün salınan Qaranuru kənd 2 nömrəli çadır şəhərciyində dünyaya gəlib. Vətən müharibəsi zamanı könüllü olaraq ön cəbhəyə yollanıb. Oktyabrın 20-də Füzuli döyüşlərində şəhid olub. Biləsuvar rayon Cəbrayıl şəhərciyindəki 3 saylı qəsəbə məzarlığında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 25 oktyabr, ¹79.- S.4.