İtaliyalı
pianoçu Bakıda konsert verib
İtaliyalı
gənc maestro, beynəlxalq müsabiqələrin qalibi Lorenso
Banyati oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində
konsert proqramı ilə çıxış edib.
O,
1998-ci ildə Milanda musiqiçi ailəsində doğulub,
fortepiano ilə 4 yaşında məşğul olmağa
başlayıb. 14 yaşında “La Feniçe” orkestrində
debüt edib. 17 yaşında konservatoriyanı fərqlənmə
ilə bitirib. 2018-ci ildə
“American Protégé International Piano and String
Competition” müsabiqəsində birinci mükafatı
qazanıb və bu, ona Nyu-Yorkdakı “Carnegie Hall”da
çıxış etmək imkanı verib. Həmin ildə
Düsseldorfda Anton Rubinşteyn adına müsabiqədə
birinci mükafata sahib olub.
İtaliyalı
pianoçu Bakı konsertində Ferens List, Moris Ravel, Klod
Debüsi, Eytor Vila-Lobos və Alberto Xinasteranın fortepiano
şedevrlərindən ibarət proqram təqdim edib.
Yaradıcılığı,
konsert və Bakı ilə tanışlıq təəssüratı
ilə bağlı AZƏRTAC-a müsahibə verən
ifaçı paytaxtımıza növbəti gəlişində
Azərbaycan bəstəkarının əsərini də
repertuarına salacağını deyib. Ötən il Parisdə
“École normale supérieure”nun pedaqoqu Rəna
Şereşevskayadan dərs aldığını deyən
pianoçu Vaqif Mustafazadənin yaradıcılığı
ilə də tanış olduğunu deyib: “Təəssüf
ki, bu dəfə Vaqif Mustafazadənin kompozisiyasından nə
isə hazırlamaq alınmadı, lakin Bakıda yenidən
olmaq mənə nəsib olarsa, o halda mütləq Azərbaycan
bəstəkarının əsərini ifa edəcəyəm”.
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.5.