O, Bakını sevirdi...
Sergey Yeseninin yaradıcılığına həsr
olunan tədbir
Musiqi
Mədəniyyəti Dövlət Muzeyində “Musiqi və
poeziya: Sergey Yesenin” adlı ədəbi-bədii gecə
keçirildi. Bakıda Rus Evinin (Rusiya İnformasiya və Mədəniyyət
Mərkəzi) birgə təşkilatçılığı
ilə gerçəkləşən tədbir
tanınmış rus şairi S.Yeseninin (1895-1925)
yaradıcılığına həsr olunmuşdu.
Aparıcı
Nigar Həsənzadə şairin
yaradıcılığından söz açdı. Diqqətə
çatdırdı ki, S.Yesenin 1924-1925-ci illərdə
Bakıda yaşayıb. Burada 40-dək şeirini yerli mətbuatda
dərc etdirib. Onun əsərləri dəfələrlə
Azərbaycan dilinə tərcümə olunub. Azərbaycanda
yazdığı “İran nəğmələri”, “Əlvida,
Bakı”, “Balaxanı mayı” və digər şeirlər
müəllifin Bakıya olan sevgisinin təzahürüdür.
Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar
mədəniyyət işçisi Alla Bayramova dedi ki,
S.Yeseninin adı lirik rus şairləri arasında hörmətlə
çəkilir. Onun həyatının və parlaq
yaradıcılığının ən məhsuldar
dövrü Bakı ilə bağlıdır. Şair həmin
illərdə görkəmli xanəndə Cabbar
Qaryağdıoğlunun musiqi məclislərində
yaxından iştirak edib, Azərbaycan musiqisini çox bəyənib.
O, bundan təsirlənərək Bakı ilə bağlı əsərlər
qələmə alıb. Bəstəkarlar tərəfindən
şairin bir çox əsərlərinə musiqilər
yazılıb.
Bakıdakı
Rus Evinin rəhbəri İrek Zinnurov Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə 1975-ci ildə Mərdəkanda şairin ev-muzeyinin
açılmasından danışdı. Diqqətə
çatdırdı ki, muzeydə qorunan eksponatlar onun əsasən
Moskva, Sankt-Peterburq və Bakıda yaşadığı
dövrləri əhatə edir.
Rusiyanın
ölkəmizdəki səfirinin I katibi Pavel Kuznetsov tədbirin
təşkilatçılarına minnətdarlıq etdi,
S.Yeseninin parlaq yaradıcılığının Rusiya-Azərbaycan
mədəni əlaqələrinin möhkəmlənməsində
xüsusi yeri olduğunu dedi.
Çıxışlardan
sonra bədii hissəyə keçildi. Əməkdar mədəniyyət
işçisi Rafiq Qoşayev, Bakı Musiqi
Akademiyasının vokalçısı və konsertmeysteri
Yelena Yakubovskaya, Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın
ifasında şairin sözlərinə yazılmış
mahnı və romanslar, Azərbaycan Milli
Konservatoriyasının “Buta” kvartetinin ifasında Azərbaycan
muğamı və xalq mahnıları, “Günay” uşaq
teatrı tərəfindən isə səhnəciklər təqdim
edildi.
Çıxışlar
S.Yeseninin həyat və yaradıcılıq yolunu əks etdirən
slayd-şou ilə müşayiət olundu.
Savalan
Fərəcov
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.6.