Cəfası səfasından
uzun əlli il
Əslində,
o, hamıdan sonra – bir növ təşəkkür etmək
üçün demişdi bu sözləri. Amma dedikləri təkcə özünə
yox, ümumən aktyor sənətinə eyham olduğundan istədim
elə sonu əvvələ “daşıyım”.
İki
saata yaxın davam edən tədbirdə əvvəlcə
yaş-başına inad bir an belə qədd-qamətini əymədən
onunla görüşə gələn, təbriklərini
çatdıran hər kəsə ehtiram və diqqətini
göstərəndən sonra ağır-ağır irəliləyərək
tamaşaçısı önündə dayandı. Bəmbəyaz
və dalğın saçlarını növcavan ədası
ilə nizama saldı. Cəfər Cabbarlı adına Dövlət
Teatr Muzeyinin salonuna toplaşanları bir-bir gözdən
keçirəndən sonra şəstlə ürəyindən
keçənləri 5-10 cümləlik sözə
sığdırmağa çalışdı.
Allah
bilir, hələ nələr qaldı: “...Taleyimiz elə gətirib
ki, həyatımızı bu sənətə həsr
etmişik, ona bağlamışıq. Bu, çox
ağır, əzab-əziyyət dolu peşədir...
Heç yadımdan çıxmaz. Biləsuvara qastrola
getmişdik. Hava soyuq idi. Tamaşadan sonra dincəlməyə
yollandıq. Otaqlarda qızdırıcı vasitələr
olmasına rəğmən istilik yox idi. Pərdəni aralayanda
pəncərələrdə şüşə
olmadığının fərqinə vardım. Biz o şəraitdə
də səfərlərə gedib, tamaşalarda iştirak
etmişik. Bunları deməklə cəfakeş olduğumuzu
vurğulamaq niyyətində deyiləm. Sadəcə demək
istəyirəm ki, bu sənətin şan-şöhrətindən
çox iztirab və üzüntüləri var...
Bütün bunlara baxmayaraq, seçdiyim və sevdiyim bu sənətdə
xoşbəxtəm.
Mənim
səhnə fəaliyyətimin 50 illiyini qeyd etmək qərarını
alan bu muzeyin rəhbərliyinə və əməkdaşlarına
öz dərin təşəkkürümü bildirirəm.
Bu, başqaları üçün adi bir şey ola bilər,
ancaq mənim üçün böyük bir addımdır.
Axı, bizim siz tamaşaçıların sevgi və sədaqətindən
savayı səadətimiz yoxdur. Doğrudur, şəxsi həyatımız,
ailəmiz, doğmalarımız var. Amma böyük mənada
həyatımızın ən unudulmaz anları sizinlə
üz-üzə qalıb, sevgi və
alqışınızın hərarətində “Nə
yaxşı ki, bu sənətə gəldim” qənaətini
dönə-dönə zikr etməkdir...”.
Oktyabrın
20-də yarıməsrlik aktyor ömrünə qısa nəzər
salmaq istəyənlər Azərbaycan Dövlət Teatr Muzeyinə
– Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının
aparıcı səhnə ustası Qabil Quliyevlə
görüşə gəlmişdilər. Qonaqlar arasında
milli teatr sənətinin tanınan simaları, səbəbkarın
sənət dostları, uzaq gənclik illərinin
sirdaşları çoxluq təşkil edirdi. Ona görə
də burada biz bir aktyor ömrü ilə yanaşı, həm
də 50-60 il öncələrə səyahət etmək
imkanı qazandıq.
Tədbiri
muzeyin direktoru Əməkdar mədəniyyət
işçisi Sevinc Mikayılova açaraq qonaqları
salamladı və sənətkarı
yaradıcılığının 50 illik yubileyi münasibətilə
təbrik etdi.
Xalq
artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı,
Əli Nur, Əməkdar incəsənət xadimi,
teatrşünas Aydın Talıbzadə, aktyorun tələbə
yoldaşı, Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru
Zərifə Məlikova, Lənkəran Dövlət Dram
Teatrının direktoru vəzifəsini icra edən İntiqam
Hacılı, teatrın baş rejissoru Anar Babalı, sənətkarın
dostları təbriklərə qoşularaq ürək sözlərini
bölüşdülər.
Bir
qardaş, dost, sirdaş, ata və bütün bunlardan öndə
bir sənətkar ömrünün məlum və naməlum məqamları
gözlər önünə sərildi.
Tədbir
boyu iki məqam diqqətimi xüsusilə cəlb etdi:
birincisi, səbəbkarın “Qabil Quliyev Lənkəran
teatrına getməsəydi”lərdən sonrakı təəssüf
dolu mülahizələrə etirazsayağı
qaşçatması, ikincisi, ona ünvanlanan arzular içərisindən
“Arzuladığınız rolları oynayasınız”dan
sonrakı ilıq və məsumiyyət dolu təbəssümü.
Məhz
bu iki məqamda aktyor və insan – həyat və səhnədə
bir-birini tamamlayan Qabil Quliyev gözlərim önündə
daha da böyüdü. Bu, ömrü ləyaqətlə
yaşamış bir insana ehtiram da sayıla bilər.
...Tədbir
çərçivəsində muzeyin fondundan aktyorun həyat
və yaradıcılığını əks etdirən
eksponatlardan hazırlanmış videoçarx, həmçinin
oynadığı tamaşa və filmlərdən kadrlar da
nümayiş olundu.
Akademik
Opera və Balet Teatrının solisti xanəndə Mütəllim
Dəmirov və Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin və İncəsənət
Gimnaziyasının tələbələri sənətkarın
şərəfinə konsert proqramı ilə
çıxış etdilər.
Tədbir
başa çatdıqdan sonra sənət dostları onu
dövrəyə aldılar. Hərə bir xatirəni, bir
unudulmaz görüşdən saralmış ağ-qara fotonu
ona göstərməyə çalışrdı. Mənim
kimi bir neçə nəfər də bir tərəfdə
dayanıb, Neft Sənayesi İnstitutunu fərqlənmə
diplomu ilə bitirməsinə rəğmən sənəti
seçən, yerin altına qara qızıl axtarmağı
işıqlı səhnədə parıldamağa dəyişən
bir insanı müşahidə edirdi. Yəqin onlar da mənim
kimi İncəsənət İnstitutunda Rza Təhmasib, Muxlis
Cənizadə, Əliheydər Ələkbərov, Şəfiqə
Axundova, Əzizağa Quliyev kimi görkəmli sənətkarların
önündə imtahan verərək neftçiliyi
aktyorluğa dəyişmək istəyini anlamağa
çalışırdılar.
Öyrəndiyim
bir məqamdan – onun Lənkəran teatrına böyük
kinodan gəldiyi faktından sonra bir az da duruxdum. Peşəkar
milli kaskadyor, kino üçün yetərli fakturasının
olmasına rəğmən, bir neçə epizodik rolu
çıxmaq şərtilə, milli kinomuzda
olmadığına təəssüfləndim.
Yaxşısı
budur bu fakta bir də onun dilindən nəzər salaq və elə
yazını onun sözləri ilə bitirək. Qoy, bu da belə
fərqli monoloq olsun: “Həqiqi hərbi xidmətimi
(1972-1973) Moskvada Dövlət
Kino Komitəsinin hərbiləşdirilmiş kino bazasında
keçirmişəm. İşimiz kino çəkilişlərində
iştirak idi. 1973-cü ilin may ayının sonunda Bakıya
çəkilişə gəldim. Kinostudiyada paralel olaraq 3 bədii
film – “Səmt küləyi”, “Nəsimi” və “Qatır Məmməd”
filmləri çəkilirdi. Mən də süvari atlı dəstəsindəydim.
İşimizi qurtarıb gedəndə yoldaşlar təkidlə
Bakıya qayıtmağımı istədilər. Mənə
isə artıq xidmətdən sonra Moskvada qalıb işləmək
təklif olunmuşdu. Gedən kimi Bakıya
qayıdacağımı dedim və təklifdən imtina
etdim. Sonra bilirsiniz nə oldu? 1973-cü ilin noyabrında
Bakıya qayıtdım, amma mənə heç kim yaxın
durmadı. Mədəniyyət Nazirliyinə getdim. Məni Lənkərana
göndərdilər, “bir il orda işlə, sonra səni
Bakıya qaytararıq” dedilər. Getdim və bir daha
qayıtmadım. Bu da aradan keçən 50 il. Nəzərə
alın ki, mən hələ tələbə ikən Akademik
Dram Teatrında çalışırdım. Ustadım
Əliheydər Ələkbərov teatrın direktoru idi. Tələbə-aktyor
kimi bir neçə tamaşada maraqlı rollarım oldu.
Çoxları elə bilirdilər ki, mən artıq yerimi bərkitmişəm.
Amma həyat başqa ssenari qurdu. Moskvadan qayıdanda Əliheydər
müəllim artıq həyatda deyildi. Deməli, mənim o
teatrda yerim yox idi.
İndi
soruşsan ki, təəssüflənirsən, birmənalı
yox deyərəm. Bilirsən niyə? Çünki mənim
üçün əsl sənət bütün məqamlardan
öndə gəlir. Axı, aktyor səhnəni seçməlidir,
onun yerləşdiyi şəhəri yox. Mən də elə
etdim və halımdan çox məmnunam...”.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.5.