Xankəndidən peşəkar səhnəyə
İnsan
ömrünü şərəfləndirən də, həyatını
mənalandıran da onun əməlləridir. O insan xoşbəxtdir
ki, uca Yaradanın verdiyi ömrü şərəflə
yaşayır, özündən sonra həyatda bir iz qoyub
gedir. Ömrünü milli teatrın tərəqqisinə həsr
edən, yaradıcılığı ilə həmkarlarına
nümunə olan Əməkdar incəsənət xadimi,
tanınmış rejissor Baxşı Qələndərli də
belə sənətkarlardandır. Naxçıvan
teatrının inkişafına öz töhfəsini verən
rejissorun bu il anadan olmasının 120 illiyidir.
Baxşı
(Baxış) Həsən oğlu Qələndərli
1903-cü il iyul ayının 20-də Xankəndidə
dünyaya göz açıb. İlk təhsilini Xankəndidəki
ikisinifli məktəbdə alan Baxşı 1921-1923-cü illərdə
Şuşa Müəllimlər Seminariyasında oxuyub.
Uşaqlıqdan
teatra böyük maraq göstərdiyindən Şuşa
Müəllimlər Seminariyasında oxuduğu müddətdə
dram dərnəyində iştirak edir. Seminariyanı bitirdikdən
sonra bir il doğma kəndlərində müəllimlik edir.
1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil
alır. 1930-1934-cü illərdə isə Leninqrad (indiki
Sankt-Peterburq) şəhərindəki Səhnə Sənəti
İnstitutunda təhsilini davam etdirir. İnstitutu müvəffəqiyyətlə
bitirir, təyinatla İrəvan Dövlət Azərbaycan Dram
Teatrına göndərilir. Bu qədim sənət
ocağında ilk olaraq 1935-ci ildə Cəfər
Cabbarlının “1905-ci ildə” dramına quruluş verir. O,
bu teatrda 1934-cü ildən 1964-cü ilədək fəaliyyətini
davam etdirir. 1943-1951-ci illərdə bu teatrda baş rejissor vəzifəsində
çalışır. M.F.Axundzadə, Ü.Hacıbəyli,
C.Cabbarlı, Ə.Haqverdiyev, A.Ostrovski, N.Qoqol və onlarla digər
klassikin əsərlərini tamaşaya qoyur.
B.Qələndərlinin
rejissorluğu ilə oynanılan “1905-ci ildə”
tamaşası geniş rezonans doğurub. Bundan sonra teatra Cəfər
Cabbarlının adı verilib.
B.Qələndərli
1964-cü ildən ömrünün sonunadək C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət
göstərib. O, Naxçıvan səhnəsində milli
klassiklərimizin, çağdaş
dramaturqlarımızın və həmçinin əcnəbi
müəlliflərin əsərlərinə maraqlı
quruluşlar verib. Rejissor hazırladığı
tamaşaların ideya-bədii cəhətdən, aktyor oyunu
baxımından maraqlı olmasına
çalışırdı. O istəyirdi ki, hər yeni
tamaşa izləyicini yalnız güldürüb əyləndirməsin,
həyat haqqında dərin düşüncələrə qərq
etsin.
İnsan
ürəyinin hökmü ilə seçdiyi və sevdiyi
işlə məşğul olanda, sözün həqiqi mənasında,
öz peşəsinə aludə olanda, gördüyü
işin də faydası olur. Bu həyat həqiqətini biz B.Qələndərlinin
ömür yolunun timsalında aydın görürük. O
öz sevimli peşəsinin sirlərinə dərindən bələd
olduğundan praktiki fəaliyyətini də nəzəri biliklərlə
daha da zənginləşdirmək arzusu ilə yaşayır,
insanların maariflənməsində teatrın roluna
böyük əhəmiyyət verirdi. O, bir rejissor olsa da, əsl
vətəndaş idi. Çalışırdı ki, əsər
tamaşaya hazırlanarkən hər bir aktyorda səhnəyə
məhəbbət hissi aşılasın. Məşq
zamanı aktyorlara “İnsan sevməsə, sevdirə bilməz”
deyirdi.
Ötən
əsrin 60-70-ci illərində Naxçıvan teatrında
müasirlik duyğusunun qüvvətlənməsi
müşahidə olunurdu. Bu xüsusən B.Qələndərlinin
baş rejissor kimi teatrda fəaliyyətə
başlamasından sonra daha bariz şəkildə
görünməyə başlayır. Onun Naxçıvan
teatrında quruluş verdiyi ilk tamaşa Adil Babayevin “Ürək
çağırır” (11 may 1964) pyesi olmuşdur. Bu
tamaşadan sonra rejissor Kəmalə Ağayevanın “Məhsəti”
əsərinə (bədii tərtibatçı M.Qasımov)
quruluş verir. 1964-cü ilin iyun ayının 1-də göstərilən
ilk tamaşada Zəroş Həmzəyeva (Məhsəti), Məmməd
Quliyev (Gəncə hökmdarı), İsa Musayev (Pərvər
baba), İldırım Cabbarov (İlyas), Əkbər
Qardaşbəyov (Əmir Əhməd), Əyyub Məmmədov
(Əşrəf) və başqaları çıxış
etmişdilər. Təcrübəli rejissor tamaşada tarixi
şəraiti bütün təfərrüatı ilə təsvir
etmək prinsipindən, cah-calallı dekorasiyalardan və
parıltılı geyimlərdən uzaq
qaçmışdı. Səhnə əsəri rejissor dəst-xəttinin
sadəliyi, təsvir vasitələrindəki qənaətçilliyi
ilə diqqəti cəlb edirdi. İki
dünyagörüşün, iki fəlsəfi
baxışın baş-başa gəlməsi tamaşada
inandırıcı bir şəraitdə göstərilirdi. Məscid
və xərabət – bu iki cəbhə tamaşanın iki rəmzi
surəti idi.
Aktyor
ansamblını möhkəmləndirmək və səhnə
mədəniyyətini yüksəltmək istiqamətində
B.Qələndərlinin Naxçıvan teatrındakı fəaliyyəti
xüsusilə səmərəli idi. Onun adı bir rejissor kimi
respublika mətbuatında tez-tez çəkilirdi. O, quruluş
verdiyi tamaşalarda nə özündən əvvəlki həmkarlarını,
nə də müasirlərini təkrarlamazdı. Təsadüfi
deyil ki, sənətşünaslıq doktoru, professor Cəfər
Cəfərov B.Qələndərlini “Naxçıvan
teatrı üçün bir tapıntı”
adlandırmışdı.
Belə
bir deyim var: “Çatmaq istədiyi hədəfi olmayan insanlar
çalışmaqdan zövq almazlar”. Baxşı müəllim
isə məhz çatmaq istədiyi hədəfləri
ustalıqla fəth edən, yüksək zirvələrə
doğru inamla irəliləyən, sözün həqiqi mənasında,
işindən zövq alan əməksevər, qəlbən
öz peşəsinə vurğun sənətkar idi. Rejissor fəaliyyəti
dövründə 100-dən artıq klassik və müasir əsərə
uğurlu quruluş vermişdi. O, Naxçıvan teatrında
M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli
şah”, “Hacı Qara”, N.Vəzirovun “Hacı Qəmbər”,
H.Cavidin “Şeyx Sənan”, “Şeyda”, C.Cabbarlının “Od gəlini”,
“Solğun çiçəklər”, “Oqtay Eloğlu”, C.Məmmədquluzadənin
“Anamın kitabı”, S.S.Axundovun “Laçın yuvası”,
S.Vurğunun “Vaqif”, H.İbrahimovun “İtirilən
sağlıq”, H.Razinin “Arxalı dağlar”, İ.Səfərlinin
“Yolayrıcında”, V.Şekspirin “Otello”, F.Şillerin “Məkr
və məhəbbət”, K.Qoldoninin “Mehmanxana sahibəsi”, “Məzəli
hadisə”, K.Simonovun “Dördüncü”, V.İvanovun “Zirehli
qatar 14-69”, B.Lovrenyovun “Hücum”, N.Dumbadzenin “Darıxma, ana” və
digər əsərlərə verdiyi quruluşlar zəngin
rejissor yozumu ilə diqqəti çəkirdi. A.Ostrovskinin
“Cehizsiz qız” pyesi rejissorun quruluşunda 1966-cı il aprelin
16-da tamaşaya qoyulur. B.Qələndərli səhnə əsərində
insan ləyaqətinin və məhəbbətinin qüdrətini
ön plana çəkərək tamaşaçılara təqdim
etmişdi. Bu tamaşada Larisa yalnız ətrafdakı insanlara
deyil, həm də öz duyğularına qarşı
mübarizə aparır. Buna görə də rejissor Larisa
obrazının bədii təcəssümü
üçün onun oxuduğu romansın “ehtiyac olmadan məni
incitmə” sözlərini qəhrəmanın
ölümünə görə zülmkarlar dünyasına
qarşı ittiham kimi səsləndirir.
B.Qələndərlinin
sənət axtarışları sayəsində
yaranmış digər bir uğurlu tamaşa Adil Babayevin məşhur
realist rəssam Bəhruz Kəngərlinin həyat və
yaradıcılığını əks etdirən
“Yarımçıq şəkil” adlı tarixi
dramıdır. Əsər 1968-ci ilin 24 mayında tamaşaya
qoyulmuşdu. Tamaşada Əkbər Qardaşbəyov (Bəhruz),
İsa Musayev (Qəmküsar),
Əyyub Haqverdiyev (Oğulbəy), Yusif Haqverdiyev (Ülfət),
Pakizə Məmmədova (Şirin), Aydın Şahsuvarov
(Solomon), Sofya Hüseynova (Eteri) və başqa artistlər
obrazlarının öhdəsindən layiqincə gəlmişdilər.
Quruluşçu rejissor bu tamaşada da dramaturqun fikrinə
sadiq qalaraq Bəhruz Kəngərlinin həyatını yeniliyə,
işığa doğru can atan insanların mübarizəsi
kimi mənalandırmışdır. “Yarımçıq
şəkil” pyesi Naxçıvan bölgəsi
üçün xüsusilə əhəmiyyətli idi.
Çünki hadisələr Naxçıvanda cərəyan
edir və əsərin baş qəhrəmanı Bəhruz Kəngərlinin
bütün fəaliyyəti də məhz bu qədim şəhərlə,
onun adamları, mədəni mühiti ilə
bağlıdır. Lakin rejissor bu əsərə “yerli”
mövzu kimi baxmamış, onun daha çox ictimai-siyasi mahiyyətini
və bədii məziyyətlərini açmağa nail
olmuşdu. O, əsəri tamaşaya hazırlayarkən qəhrəmanın
tərcümeyi-halının təfərrüatına uymadan,
onu bir sənət fədaisi kimi canlandırmışdı.
Tamaşada rəssam Bəhruzun mürəkkəb taleyi, ziddiyyətli
daxili aləmi işıqlandırılırdı. Gürcü
qızı Eterinin ona məhəbbəti, Bəhruzun həyəcan
və iztirabları, tufanlı illərin hadisələri ilə
üzvi şəkildə əks olunurdu.
Qədim
yunan filosofu Demokritin “İnsan öz gözündə deyil,
başqalarının gözündə yüksəlməlidir”
fikri B.Qələndərlinin timsalında dəqiq əksini
tapırdı. O, aktyor və rejissor kadrların ərsəyə
gəlməsində mühüm rol oynayıb və kollektivdə
böyük hörmət və rəğbət qazanıb.
Baxşı müəllim öz sənətini nə qədər
sevirdisə, bildiklərini də həmkarlarına eyni məhəbbətlə
öyrədirdi. Gələcək kadrların mükəmməl
yetişməsində B.Qələndərli öz təcrübəsini
və sənətə olan yanaşmalarını rahatlıqla
ortaya qoyurdu. Bir rejissor kimi onu yaşadan, unudulmağa qoymayan məziyyətlərdən
biri də elə bu idi.
B.Qələndərli
şərəfli rejissorluq fəaliyyəti ilə milli teatr sənətimizin
əsl fədailərindən oldu. Azərbaycan teatr sənətinə
öz töhfəsini verərək adını mədəniyyət
tariximizə əbədi həkk etdirdi. Bu görkəmli sənətkarın
fəaliyyəti həmişə diqqət mərkəzində
olub, 1974-cü ildə respublikanın “Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülüb. İki dəfə
isə “Şərəf nişanı” ordeni ilə təltif
olunmuşdu.
Ömrünü
səhnə sənətinə həsr edən B.Qələndərli
1985-ci il sentyabrın 14-də Naxçıvan şəhərində
dünyasını dəyişdi və vəsiyyəti ilə
qəlbən sevdiyi qədim və tarixi şəhərimiz
İrəvanda dəfn olundu.
Unudulmaz
sənətkar çalışdığı kollektivlərin,
tamaşaçıların, sənətsevərlərin rəğbətini
və hörmətini qazanmışdı.
Naxçıvanın teatr, sənət ictimaiyyəti onun xatirəsini
həmişə uca tutur. Xatirə yazımızı
şotlandiyalı məşhur filosof Vilyam Hamiltonun “Yer üzündə
ən böyük varlıq insandır, insanda isə ən
qiymətli şey müdriklikdir” fikri ilə
yekunlaşdırıram. Həqiqətən də,
Baxşı müəllim müdrik sənətkar idi...
Əli
Qəhrəmanov
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı, dosent
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.7.