VIII Türk
Dünyası Sənədli Film Festivalına yekun vurulub
Əsas mükafat Vaqif Mustafayevin “Fikrət Əmirov”
filminə verilib
19-22
oktyabr tarixlərində Ankarada VIII Türk Dünyası Sənədli
Film Festivalı keçirilib. Türk Dünyası Jurnalistlər
Birliyinin təşkil etdiyi, Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi Kino Baş İdarəsi, Xaricdə
Yaşayan Türklər və Əqrəba Topluluqlar
Başqanlığı (YTB), Türk Dünyası Bələdiyyələr
Birliyinin, eləcə də bir sıra QHT, universitet və digər
qurumların dəstək verdiyi layihə bu il “Doqquz ölkə,
doqquz şəhər, bir festival” şüarı altında
gerçəkləşib. Bu isə o deməkdir ki,
festivalın mükafatçı filmləri doqquz ölkənin
şəhərlərində nümayiş olunacaq.
Builki
festivala ümumilikdə 371 müraciət olub. Onlardan
müsabiqənin şərtlərinə uyğun 152 sənədli
film seçilərək qəbul edilib. Yekun olaraq
tammetrajlı sənədli film yarışması
üçün 10, qısa filmlər bölməsi üzrə
13, tələbə filmləri üzrə 8 ekran işi final
proqramına salınıb. Festivalın beynəlxalq münsiflər
heyətinə türkiyəli rejissor Ferda Gürcan rəhbərlik
edib.
Festivalın
finalçı filmləri Ankarada Başkənd və Yaxın
Şərq Texniki universitetlərində nümayiş olunub.
Oktyabrın
22-də festivalın yekunları elan olunub və
mükafatlandırma mərasimi keçirilib.
Türk
Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demir festival
barədə məlumat verib, layihəyə dəstək verən
qurumlara minnətdarlığını bildirib.
Sonra
mükafatçıların adları açıqlanıb.
“Tammetrajlı
sənədli film” kateqoriyası üzrə Azərbaycanın
Xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi qalib olub.
“Qısa
film” kateqoriyasında İran rejissoru Erturan Nəcəfi
“Novruz”, “Tələbə sənədli filmi” kateqoriyasında
isə Şeyda Kiran (İngiltərə)
“Çayımızı toplayırıq” (Harvesinğ Our Tea)
filmi ilə qalib seçilib.
Türk
dünyasına verdiyi töhfələrə görə Azərbaycan
Milli Məclisi Mədəniyyət komitəsinin mərhum sədri
Qənirə Paşayevanın xatirəsinə həsr
olunmuş xüsusi mükafat da təqdim olunub. Mükafata
rejissor Nazgül Kenzhetay (Xakasiya) “Bir Tuğan” filminə
görə layiq görülüb.
Bundan
əlavə, tammetrajlı sənədli film üzrə
münsiflər heyətinin xüsusi mükafatına Laləxanım
Qənbərli (Azərbaycan. “Böyük qırmızı
ev” filmi) və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə
həsr olunmuş xüsusi mükafata Hüseyn Özden
(Türkiyə, “Zəlzələ və Ovakəndli özbəklər”
filmi) layiq görülüblər.
Əsas
mükafatı alan kinorejissor Vaqif Mustafayev festivalın təşkilində
əməyi keçən hər kəsə təşəkkürünü
ifadə edib. O, mükafatın dəyərini ifadə edərək
deyib: “Hazırda əlimdə tutduğum mükafatın
ağırlığı ona verilən əməyin, sevginin
ağırlığıdır”.
Xatırladaq
ki, sənədli film 2022-ci ildə Mədəniyyət
Nazirliyinin sifarişi əsasında Fikrət Əmirovun 100
illik yubileyi münasibətilə “Azərbaycanfilm”
kinostudiyasında istehsal olunub.
Mükafatları
qaliblərə Azərbaycanın Türkiyədəki səfiri
Rəşad Məmmədov, ölkəmizin TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı və digər təşkilatların
nümayəndələri təqdim ediblər.
Tədbir
zamanı Azərbaycan Kinematoqrafçilar İttifaqı idarə
heyətinin üzvü, rejissor Tahir Tahiroviçin təşəbbüsü
ilə “Azərbaycanfilm” kinostudiyasının
yaranmasının 100 illiyi münasibətilə filmlərimizin
plakat-afişalarını əks etdirən sərgi də təşkil
edilib.
Qeyd
edək ki, VIII Türk Dünyası Sənədli Film
Festivalının mükafatlarına layiq görülən
ekran işlərinin “Doqquz ölkə, doqquz şəhər”
ünvanlı nümayişi Azərbaycandan başlayacaq.
İlk nümayişin oktyabrın 25-də Bakı Dövlət
Universitetində keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.8.