“Yuxumdakı şəhid”
Vətən müharibəsinin daha bir qəhrəmanı
haqqında film çəkilib
Tariximizin
ən parlaq səhifəsinə çevrilən 44
günlük Vətən müharibəsində
canı-qanı bahasına şanlı Zəfər qazanan igid
oğullarımızın xatirəsi əziz tutulur, onların
döyüş yolu barədə əsərlər
yazılır, filmlər çəkilir.
Oktyabrın
19-da Nizami Kino Mərkəzində Vətən müharibəsi
şəhidi Cavid Həsənova həsr olunmuş
“Yuxumdakı şəhid” adlı tədbir və eyniadlı sənədli
filmin təqdimatı keçirildi. Tədbir “Biz bir ailəyik”
əlilliyi olan şəxslərə dəstək İctimai
Birliyi (İB) və “Uğur events” MMC-nin birgə təşkilatçılığı
ilə gerçəkləşdi.
Təqdimatdan
əvvəl qəzetimizə müsahibə verən şəhidin
anası Mirvari Həsənova filmin yaranma tarixçəsi
haqqında danışdı. Dedi ki, filmin ideya müəllifi
Günay Ağazadədir: “Biz bir ailəyik” İB-nin sədri,
eyni zamanda Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin
əməkdaşıdır. Bu universitetin şəhid məzunu
II Fəxri xiyabanda Cavidlə yanaşı dəfn olunub.
Günay xanım Cavidi yuxuda görür. Yuxusunu ata-anasına
danışır. Hətta Cavid üçün ehsan da verirlər.
O, Fəxri xiyabana gələndə Cavidin məzar
daşındakı şəklindən anlayır ki, yuxuda
gördüyü həmin o şəhiddir. Günay xanım
şəhidlərimizdən birinin anım tədbirində
oğlumun sinəmdə asılmış şəklini
görüb məni tanıdı. Cavidi yuxuda
gördüyünü, oğlumun ona “anamı sənə
tapşırıram” dediyini söylədi...”
Mirvari
xanım deyir ki, filmin təqdimatı üçün 19
oktyabr tarixi təsadüfən seçilməyib. Bu tarixdə
Cavidin mənimlə sonuncu telefon danışığı
olub
Tədbirdə
əvvəlcə şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Nizami
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
rektor əvəzi Vazeh Əsgərov və Xəzər
Universitetinin rektoru İradə Xəlilova
çıxış edərək Cavid Həsənovun
göstərdiyi şücaətdən söz
açdılar. Belə bir qəhrəman oğul böyütdüyü
üçün şəhidin valideynlərinə minnətdarlıq
ifadə olundu.
Bildirildi
ki, Cavid Mikayıl oğlu Həsənov 1993-cü il martın
6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə
214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə
isə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə
təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan
Dövlət Neft Akademiyasında oxuyub. Gəncə şəhərindəki
N saylı hərbi hissədə xidmətini başa vurduqdan
sonra bir sıra sahələrdə çalışıb.
Vətən
müharibəsi zamanı oktyabrın 20-də Xocavənd uğrunda
döyüşlər zamanı şəhid olub. II Fəxri
xiyabanda torpağa tapşırılıb. Ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Vətən uğrunda” və
“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif
edilib.
Filmin
ideya müəllifi Günay Ağazadə dedi: “Hər dəfə
məndən “qardaşın varmı” deyə soruşanda mən
“xeyr” cavabını verirdim. Amma indi soruşanlara belə deyirəm:
“Qardaşım var və şəhid olub”. Mən bu gün fəxrlə
deyə bilərəm yaxşı ki, yuxuda belə olsa, Cavidi
tanıdım. Allah Cavidə və bütün şəhidlərimizə
rəhmət eləsin”.
Mirvari
Həsənova filmin ərsəyə gəlməsində və
tədbirin təşkilində əməyi olan hər kəsə
təşəkkürünü bildirdi.
Daha
sonra Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu
İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri
bədii proqramla çıxış etdilər.
Sonda
“Yuxumdakı şəhid” filmi nümayiş etdirildi. Filmin
rejissoru Canəli Əkbərovdur.
Qeyd
edək ki, Cavidin atası Mikayıl Həsənov Birinci
Qarabağ müharibəsi qazisi, II qrup əlildir.
Nurəddin
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.6.