Kinoya ehtiyac içində...
Azərbaycan
tamaşaçısının film zövqü və tələbatı
daim rəngarəng olub. Bunu nümayiş lisenziyası
alınmaqla kinoteatrlarda yayıma girən filmlərin sayı və
janr müxtəlifliyi də deyir. Amma bir gerçəklik də
var ki, son 20 ildə Azərbaycan tamaşaçısı daha
çox qardaş Türkiyə istehsalı olan film və
serialları izləyir.
Bu
günlərdə Bakıda keçirilən III “Korkut Ata”
Türk Dünyası Film Festivalı onu göstərdi ki, digər
qardaş respublikalarda da diqqətəlayiq ekran əsərləri
çəkilir. Festivalda nümayiş olunan üç film
haqqında söhbət açmaq istəyiri
***
Türkiyəli
kinematoqrafçıların çəkdiyi “Ulduz tozu” ekran əsəri
Kənan və Mustafa adlı qardaşların həyat hekayəsindən
bəhs edir. Evlərinin çardağında uzanıb
söhbət edən qardaşlar göy üzündə
parlayan bir cüt ulduz görürlər. Yaşca kiçik
olan Kənan böyük ulduzu seçir. Onlar bir-birlərinə
söz verirlər ki, kimin ulduzu sönmək istəsə, digəri
buna imkan verməyəcək. Yaşamaq və bu həyatda
mübarizə aparmaq üçün daim bir-birinə dəstək
olacaqlar...
Onlar
hər gün dostları ilə birgə futbol oynayır,
söhbət edir, əylənirlər. Bir gün Almaniyada yaşayan
dayıları Firudin onlara qonaq gəlir. O, Mustafaya velosiped, Kənana
isə bir qutu şokolad hədiyyə edir. Kənan bundan məmnun
olmayıb Mustafanın paxıllığını çəkməyə
başlayır. Hər gün yaraşıqlı və
bahalı velosipedə minmək arzusu ilə
alışıb-yansa da, qardaşı buna imkan vermir. Bir
gün xəlvəti velosipedlə kənd yoluna çıxan
Kənan dərəyə yuvarlanır. Bunu eşidən
valideynləri tez hadisə yerinə gedirlər. Kənan xəstəxanaya
yerləşdirilir. Qardaşını itirmək qorxusu ilə
üzləşən Mustafa etdiyi hərəkətdən
çox peşman olur. “Kaş vaxtında icazə verəydim
velosiped sürməsinə, indi belə olmazdı” deyə
düşünür. Çardaqda uzanaraq fikirlər selinə
qərq olan Mustafa qardaşının seçdiyi nəhəng
ulduzun hərəkət etdiyini görür. Cəld yerindən
qalxıb velosipedinə minir və ulduzun ardınca sürməyə
başlayır. Onu yerə düşməyə qoymayan Mustafa
ulduzu ovuclarının arasına alır. Qeybdən bir səs:
“Məni burax, qardaşın yaşayacaq, onun taleyi hələ
qabaqdadır” deyir. Mustafa qardaşının tezliklə
sağalması üçün dua edir və əlindəki
ulduzu səmaya doğru uçurur. Həmin an ulduzdan qopan zərrəciklər
yerə səpələnməyə başlayır və onun
gözlədiyi ən böyük möcüzə baş
verir, qardaşı sağalır...
Uşaqlar,
onların timsalında bütünlükdə insanlığa
sevgi və mərhəmət hissi aşılayan filmin rejissoru
Ahmet Sönmezdir. Filmdə rolları Süleyman Biçen,
Berat Çağan, Serdar Özer, Açelya Devrim Yılhan,
Toprak Can Adıgüzel və digər aktyorlar
canlandırırlar.
Qeyd
edək ki, “Ulduz tozu” III “Korkut Ata” kinofestivalında “Ən
yaxşı bədii film” nominasiyasında qalib olub.
***
Festival
boyu məni cəlb edən daha çox sənədli filmlər
idi. “Həmişə 33 yaşında” bədii-sənədli
filmi türkiyəli rejissor Murat Pay tərəfindən lentə
alınıb. Festival jürisinin xüsusi mükafatına
layiq görülən ekran əsəri İslam
dünyasında tərtib və çap edilmiş hələ
ki ilk ensiklopediyanın ərsəyə gəlməsindən bəhs
edir.
Niyaz
və Ekmel ilahiyyatçıdırlar. Niyaz ilahiyyat fakültəsi
məzunu gənc, Ekmel isə 60 yaşlarında alimdir və
universitetdə dərs deyir. Onların yolları Türkiyə
Dəyanət Vəqfinin nəşr etdirdiyi “İslam ensiklopediyası”nda
kəsişir. Filmdə 33 ilə başa gələn 44 cildlik
ensiklopediyanın ortaya çıxmasında əməyi olan və
bu işdə yaşlanan, lakin heç vaxt sevdiyi işdən əl
çəkməyən nəşrin məsul katibi Niyazdan bəhs
edilir.
Film
ümumilikdə 15 əsrlik bir dövrü əhatə etməklə
bütünlükdə İslam coğrafiyası və onun
tarixi ilə bağlı bir sıra ölkələrdə
aparılan araşdırmalara da nəzəri rakursdan baxmaq
imkanı verir. Maarifləndirici ekran işi vasitəsilə biz
1983-cü ildən başlanıb 2016-cı ildə başa
çatdırılan ensiklopediya sayəsində İslam dini,
ona münasibət və həmin zaman nəhəng layihəni
ərsəyə gətirən alim və qurumların üzləşdikləri
çətinliklərə şahidlik edirik. Filmdə həyatı
kitabxana, arxiv və müqəddəs məkanlarda keçən,
yaşa dolduqca sevimli həyat yoldaşını, onunla birgə
arzularını da torpağa tapşıran bir alim ömrü
gözlərimiz qarşısında canlanır...
***
Haqqında
bəhs etdiyimiz sonuncu ekran əsəri Qazaxıstan
kinematoqrafçıları tərəfindən lentə
alınan “Arqau” sənədli filmidir. Yeri gəlmişkən
deyək ki, bu film festivalın “Ən yaxşı sənədli
film” nominasiyasında 2-ci mükafatı qazanıb.
Film
qədim Qazaxıstan torpağı haqqındadır. Zaman
keçdikcə keçmiş dəyərlər unudulub,
müqəddəs məfhumlar yaddaşlardan silinib... Filmin əsas
məqsədi bu unudulmuş dəyərləri canlandırmaq
və onların fəlsəfi mənalarına nüfuz etməkdir.
Ekran
işində maraqlı müqayisələr və tarixi
yaddaşa obyektiv nəzər var: İslamla birlikdə
Qıpçaq çölünə ərəb-fars mədəniyyəti
gəldi. İki mədəniyyətin uzunmüddətli
toqquşması çöl sivilizasiyasının
yaddaşlardan silinməsinə rəvac verdi. Sonradan Rusiya
imperiyasının tərkibində oturaq həyat
dövründə çöl sivilizasiyasının dəyərləri
daha da unuduldu. Film də məhz bu yaddaş tarixçələrinə
baxış, ən ucqar bölgələrdəki unudulmuş,
tərk edilmiş insan təsvirlərini diqqət mərkəzinə
gətirir.
Dauli
Arbibekin ssenari müəllifi və rejissoru olduğu filmdə
iki ahıl insanın – zamanında sürgün edilmiş
qazaxla Stalinin, dolayısı ilə, sosializm sevdalısı
İkinci Dünya müharibəsi veteranının mübahisələrinə
yer verilir. Qazaxıstan Mədəniyyət Nazirliyinin sifarişi,
Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin
yardımı ilə çəkilmiş film qazaxların
unudulmuş adət-ənənələrinə işıq
salır.
Həmidə
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.7.