“Arşın mal alan” – səhnədə
və kinoda əbədi ömür
Üzeyir
Hacıbəylinin “Arşın mal alan” operettası 110 ildir Azərbaycan
mədəniyyətinin bəzəyidir və onu dünyada
tanıdır. Üzeyir Hacıbəyli bu əsəri
1913-cü ildə, 28 yaşında yazıb. Həmin vaxt
Sankt-Peterburq Konservatoriyasında oxuyan gənc bəstəkar
operettanı tamamladıqdan sonra onu ilk dəfə
konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı
A.Qlazunova göstərmişdi. A.Qlazunov əsəri çox bəyənmiş
və yüksək qiymətləndirmişdi.
“Arşın
mal alan” operettasının süjet xəttində
yenilikçi, mütərəqqi əxlaqi görüşləri
ifadə edən qəhrəmanlar diqqət mərkəzindədir.
Bu əsərlə Ü.Hacıbəyli gənclərə kənar
müdaxilə olmadan şəxsi həyatlarını öz
seçimlərinə əsasən qurmaq
şüarlarını irəli sürür. Üzeyir Hacıbəylinin
özü də dövrünün müasir gənci kimi 24
yaşında Məlikə xanımı sevib-bəyənərək
ömür-gün yoldaşı olaraq seçmişdi.
“Arşın
mal alan” operettası 1913-cü ilin 25 oktyabrında Bakıda
Hacı Zeynalabdin
Tağıyevin teatrında tamaşaya qoyulandan sonra qısa zamanda Qafqazda
yaşayan bir çox xalqların dilinə, eləcə də
rus, özbək, türkmən, yəhudi, gürcü, ingilis,
fransız, çin, polyak, ərəb, fars, türk və s.
dillərə tərcümə olunmuşdur.
Əsər
Bakıda üç dəfə (1916, 1945¸1965)
ekranlaşdırılmışdır. 1945-ci ilin filmi
bütün dünyanı gəzərək şöhrət
qazanmışdır. Həmin ekranlaşdırmanın da
maraqlı tarixçəsi vardır:
1943-cü
ildə Tehranda SSRİ, ABŞ və İngiltərə liderlərinin
iştirakı ilə tarixi konfrans keçirilir. Bununla
bağlı bədii proqram da hazırlanır. O cümlədən
azərbaycanlı artistlər də sovet nümayəndə
heyəti tərkibində Tehrana yollanırlar. Qonaqlara Hollivudda
(ABŞ) çəkilmiş “Arşın mal alan” filmi də
nümayiş olunur. Filmin rejissoru kimi Tiqranov, bəstəkarı kimi isə
R.Maqalyan qeyd edilmişdi.
Azərbaycanlı
nümayəndələr bu xəbəri “Arşın mal alan”
operettasının həqiqi
müəllifinə - Ü.Hacıbəyliyə
çatdırırlar. Üzeyir bəy dərhal SSRİ rəhbəri
Stalinə məktub yazır. Qısa zamanda Stalindən
Üzeyir bəyə cavab gəlir və “Arşın mal alan”
filminin çəkilməsi təklifi irəli
sürülür. Filmin çəkilişi üçün
hazırlıq işləri başlayır. Bu zaman İrəvanda
yerli orkestrlə çalışan Rəşid Behbudov
Bakıda qastrol səfərinə gəlir. Bəstəkar Üzeyir Hacıbəyli, çəkiləcək
filmin rejissorları Nikolay Leşenko, Rza Təhmasib onun
konsertində iştirak edirlər. R.Behbudov konsert zamanı
“Arşın mal alan” operettasından “Əsgərin
ariyası”nı ifa edir. Konsert sonrası yaradıcı heyət
Rəşid Behbudova
yaxınlaşaraq əsl Əsgər obrazını
tapdıqlarını bildirirlər. Beləliklə, R.Behbudovun
iştirakı ilə “Arşın mal alan” filmi çəkilir və 1945-ci ildən
ekranlara çıxır. Film ümumilikdə 100-dən
çox ölkədə nümayiş olunaraq dünya
ekranlarını fəth edir...
“Arşın
mal alan” operettasının 100 illiyi 2013-cü ildə UNESCO-nun əlamətdar
tarixlər və yubileylər proqramına salınmış və
bu təşkilatda da qeyd edilmişdi. Həmçinin yubileylə
əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü
əsasında 1945-ci ilin ağ-qara formatlı “Arşın mal
alan” filmi rəngli formatda bərpa olunub.
Bu, həm
Üzeyir Hacıbəyli yaradıcılığı
üçün, həm də mədəniyyət tariximiz
üçün əlamətdar bir hadisə idi. Bu gün rəngli
formatda təqdim edilən
“Arşın mal alan” filmində artıq zaman fərqi hiss edilmir. Film sanki müasir
dövrdə çəkilib...
Selcan
Heydərova
Üzeyir
Hacıbəylinin Ev-Muzeyinin böyük elmi işçisi
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.6.