Paşatəpə qədim yaşayış məskənində
arxeoloji qazıntılar
Cəlilabad rayonunda
mövcud olan Paşatəpə qədim
yaşayış məskənində
aparılan arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinə dair yeni maddi-mədəniyyət
nümunələri aşkar
edilib. Çoxsaylı
tarixi tapıntılar
arasındakı insan skeletlərinin qalıqları
qədim dəfnetmə
adəti ilə bağlı yeni məlumatları üzə
çıxarıb.
Rayonun Cəfərxanlı
kəndində yerləşən
məkanda bir il öncə də arxeoloji qazıntılar aparılıb.
Burada üzə çıxan nümunələr
ərazidə fasiləsiz
həyatın olması
ilə bağlı ilkin təsəvvürlər
yaradıb. Ərazidə
qədim insanların məşğuliyyəti ilə
bağlı Neolit dövrünə aid saxsıdan, sümükdən
və dəvəgözü
daşından hazırlanmış
çoxsaylı məişət,
bəzək əşyaları
üzə çıxıb.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Vəfa Mahmudova bildirib ki, saxsı məmulatlarında müxtəlif
bəzəklərə rast
gəlinir.
Tapıntılar arasında qədim dəfn adətləri ilə bağlı nümunələr də var. Üz-üzə dəfn edilmiş iki insan sümüyünün
qalıqları burada qoşa dəfnetmə adətlərinin mövcudluğundan
xəbər verir. Həmçinin qəbir qalıqları ilə paralel ərazidə həmin şəxslərin
məşğuliyyətindən xəbər verən istehsal sobası da aşkarlanıb.
Tarixçi Elçin
Hüseynov qeyd edib ki, aparılan
araşdırmalar Cəlilabadın
tarixinin çox zəngin olduğunu bir daha göstərir:
“Bura qədim insanların yaşayış
yeri olub. Tapılan eksponatlardan da görünür ki, qədim insanlar burada uzun müddət yaşayıblar”.
Mütəxəssislərin fikrincə, Paşatəpə artefaktının araşdırılması Qafqaz arxeologiyasında erkən əkinçilik mədəniyyəti və sənətkarlıqla bağlı yenilikləri üzə çıxara bilər.
Mədəniyyət.- 2023.- 6 sentyabr.-
S.6.