Bir rəng içində...
Teatra boyakarlığın
azadlığını, boyakarlığa
səhnənin nizamını
gətirən Nazim Bəykişiyev
Onun haqqında
yazmağı çoxdan
istəyirdim. Çünki
hazırda peşəkar
Azərbaycan teatrının
ən işlək rəssamlarından, saysız
quruluşları ilə
seçilənlərindəndir.
Akademik Milli
Dram Teatrın repertuarındakı bir çox səhnə nümunələrinin titul
vərəqlərində quruluşçu
rəssam kimi Nazim Bəykişiyevin adı yazılır. Bu da o deməkdir
ki, o, bir quruluşçu, tərtibatçı
rəssam kimi illərdir fasiləsiz, özü də yaradıcılığından zövq ala-ala işləyib.
Yəqin bir
neçə dəfə
onunla söhbət, yazı cəhdimə də bu fasiləsiz
iş tempi mane olub. Bu
dəfə də cari məsələləri
bir yana atıb onunla ürəkdən bir yubiley söhbəti eləmək istəyim baş tutmadı. Səhhətindəki problemlərə
və xarakterinə, nə bilmək olar, bəlkə də rəssamlara məxsus susqunluğuna görə görüşümüzdə
daha çox əsərləri, rəngləri,
eskizləri, onlara qatdığı duyğuları
“danışdı”.
Anadan olmasının
75-ci ildönümündə, özü də peşəkar Azərbaycan
milli teatrının yaranmasının 150 illiyində
onu belə susqun “dindirdim”.
Əvvəlcə haqqında oxucular üçün qısa təqdimat.
Xalq rəssamı,
Dövlət mükafatı
laureatı, Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının professoru
Nazim Zöhrab oğlu Bəykişiyev
1948-ci ildə Bakıda
anadan olub. 1969-cu ildə Ə.Əzimzadə
adına Rəssamlıq
Məktəbinin rəngkarlıq
bölməsini bitirib.
Sonra Rusiya Teatr Sənəti Akademiyasında (Moskva,
QİTİS) quruluşçu rəssam ixtisası üzrə təhsil alıb. SSRİ Xalq artisti Sergey Obraztsovun sinfində oxuyub. 1975-ci ildə həmin təhsil ocağını bitirdikdən
sonra Rusiyanın Orconikidze (indiki Vladiqafqaz) şəhərinin
Kukla Teatrında və Rus Dram
Teatrında quruluşçu
rəssam işləyib.
Sonralar H.Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər
Teatrında quruluşçu
rəssam və baş rəssam vəzifələrində çalışıb.
1979-cu ildən SSRİ Rəssamlar,
1980-ci ildən Azərbaycan
Teatr Xadimləri ittifaqlarına
üzv olub.
2002-ci ildə respublikanın “Əməkdar
rəssam”ı,
2006-cı ildə “Xalq
rəssamı” fəxri
adlarına layiq görülüb. “Qızıl
dərviş” və
“Humay” mükafatları
laureatıdır. Əsərləri
müxtəlif ölkələrdə
sərgilənib, İngiltərə
və Rusiyada fərdi sərgiləri açılıb...
Adam yox ola biləydi
Bir rəng içində,
Ağ bulud üzündə
Dümağ göyərçin kimi...
Xalq şairi Vaqif Səmədoğlunun Nazim müəllimə
həsr etdiyi poeziya nümunəsindən
götürdüyüm bu
bənd özlüyündə
bir rəssam, sənətkar, yaradıcı
insan ömrünə
nəzər üçün
kifayət edir.
Bəli,
şair haqlıdır.
Nazim müəllim özünü,
ömrünü, ən
gözəl illərini
rənglər içində
itirib, sonra bambaşqa boyalarda yenidən zühur edib. Bu mənada müasir Azərbaycan teatr rəssamlığı
və təsviri sənətində özlüyündə
bir cığır müəllifidir. Təsadüfi
deyil ki, sənət
aləmində müxtəlif
istiqamətlərə maraq
göstərən və
öz parlaq istedadı və zəhmətsevərliyi ilə
vurğunu olduğu peşəsinə bağlı
adamdır.
Biz onu sözsüz ki, əsasən teatr rəssamı kimi tanıyırıq. 2001-ci ildən Akademik Milli Dram Teatrının
baş rəssamıdır
və məhsuldar fəaliyyəti ilə seçilərək o teatrın
zəngin tarixində öz izini qoya
bilib. Ən müxtəlif mövzulu və ağır səhnə əsərlərinin
tərtibatını verib.
Bu mənada akademik teatrın səhnəsində uğurla
tamaşaya qoyulan H.Cavidin “İblis” və “Afət”, M.F.Axundzadənin “Lənkəran
xanının vəziri”,
V.Şekspirin “Hamlet”, Elçinin
“Qatil”, J.Koktonun “İnsan səsi”, Mir Cəlalın “Dirilən adam” kimi fərqli əsərlərin bədii
tərtibatı ona məxsusdur.
Onun səhnə
tərtibatları milli
teatr dekorasiya sənətimizə verdiyi
böyük töhfələrdir.
2006-cı ildə Vyananın
Kamera Opera Teatrında
(Wiener Kammeroper) dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın
mal alan” operettasına verdiyi quruluş onun rəssam kimi fərdi üslubunun, musiqili əsərə biçmiş olduğu təsvir zənginliyinin bariz nümunəsidir.
Bundan illər
əvvəl – 1984-cü ildə
SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun Akademik Milli Dram Teatrında
hazırladığı “İblis”
tamaşasına verdiyi
tərtibata görə
Dövlət mükafatına
layiq görülən
Nazim Bəykişiyev öz parlaq istedadı və zərif zövqü ilə daim diqqət
mərkəzində qalıb.
İşini yalnız bir istiqamət üzrə məhdudlaşdırmayan, peşəkar
Azərbaycan teatr rəssamlığına və
səhnə tərtibatçılarının
yetişməsinə də
öz töhfələrini
verən sənətkar
uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
pedaqoji fəaliyyətlə
də məşğul
olub.
Yaradıcılıq üfüqləri zəngin
olan rəssam haqqında danışarkən
tanınmış sənət
xadimlərinin də fikir və rəylərini
qeyd etmək yerinə düşərdi.
Azərbaycan Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilovun təbirincə
desək, Nazim Bəykişiyev həm quruluşçu istedadına
malik, həm də səhnə mədəniyyətini dərindən
bilib müasir teatr aləmində baş verənlərin önündə getməyi
bacaran sənətkardır.
Sitat: “Nazim Bəykişiyev səhnə
sənəti ilə yanaşı, öz emalatxanasında teatr dünyası ilə çətin uyğunlaşan
rəngkar rəssam kimi çalışır
və onun elə dərinliklərinə
baş vurmuşdur ki, hətta bir müddət teatrdan uzaqlaşmışdır.
Biz sərgilərdə
onun həm tamaşaçıların, həm
də tərifləməyi
o qədər də xoşlamayan rəssam həmkarlarının diqqətini
özünə cəlb
edən çox incə, lirik əsərlərini gördük.
O, bütün zamanlarda rəssam adını uca tutmuş, çox dəyərli əsərlər
yaratmışdır. Sevinirəm
ki, bizlərlə yanaşı geniş tamaşaçı auditoriyası
da onun böyük
önəm daşıyan
istedadlı səhnə
əsərlərini teatrda
görmək imkanı
qazanmışdır”.
Nazim müəllimi
iki sənət istiqaməti – teatr və rəssamlıq arasında sülh bağlayan, onların hər hansı birinə xəyanət etməyən, əksinə,
hər iki istiqamətin bir-birini tamamlamasında böyük
yol qət edən insan kimi də xarakterizə
edirlər.
Mərhum rejissor,
Xalq artisti Azər Paşa Nemət illər əvvəl rəssamın
fərdi sərgisinin açılışında məhz
bu məqama – rəssamın teatr sənəti ilə təsviri sənət arasındakı tandeminə
diqqət çəkərək
onu hər iki sənətin səlahiyyətli nümayəndəsi
adlandırmışdı: “Rejissorluqla rəssamlığın
bir sıra oxşar, hətta üst-üstə düşən
yaradıcılıq səciyyələrini
aşkarlamaq mümkündür.
Hər ikisinin yaradıcılıq məkanı
boşluqdur: boş səhnə və boş kətan... Və hər ikisi bu məhsuldar
boşluğu bədii
təxəyyülündə yaşayan görüntüləri
əsərə çevirməyə
can atır. Hər ikisi bu tələbkar boşluğu öz ruhunda çırpınan
duyğu, xəyal, kədər və sevincləri, şübhə
və ümidləri ilə canlandırmaq
həvəsi ilə yaşayır. Beləcə,
hər ikisi bu məsuliyyətli, cazibədar, mürəkkəb,
mübarək işi ləyaqətlə yerinə
yetirməkdə sənətkarlıq
və peşəkarlıq
təməllərindən təkan
almağa çalışır.
Məndən ötrü Nazim Bəykişiyev teatra boyakarlığın azadlığını,
boyakarlığa isə
səhnənin nizamını
gətirib. Tam səmimi olaraq onu da vurğulamalıyam
ki, Nazim milli mədəniyyət məkanında ustad sənətkar kimi mövcuddur və yaradıcılığın ən
yüksək şərt
və tələblərinə
cavab verən böyük rəssamdır”.
Uzunmüddətli fəaliyyəti sayəsində
Azərbaycan səhnəqrafiya
sənətinin inkişafında
özünəməxsus yeri
olan rəssamın teatr-dekor işi sahəsindəki yaradıcılığı
dramaturji əsərin
dərin qatlarına həssaslıqla nüfuz etməsi və ədəbi materialın çox dəqiqliklə yozulması faktları ilə əlamətdardır.
Dünya və Azərbaycan klassiklərinin
fərqli janrlı əsərlərinə, eləcə
də müasir teatr estetikasına uyğun səhnə işlərinə verdiyi çoxqatlı tərtibatlar
buna əyani sübutdur. O, tablolarında
olduğu kimi, dekorasiyalarında da Azərbaycan milli koloritini sərhədsiz, dünyəvi müasirliklə
uzlaşdırmağa çalışır.
Sənətşünaslıq
doktoru, professor İlham Rəhimli onun yaradıcılığını
analiz edərkən maraqlı bir məqama diqqət çəkir: “Nazim, ilk növbədə, tamaşanın ideya-bədii
dəyərini, rejissorun
ali məqsədini tamaşanın bədii tərtibatında təcəssüm
etdirməyə çalışır.
Onun tərtibatları
tamaşanın obrazı
kimi səciyyələnir.
Rəssam tamaşanın
janrına uyğun olaraq rəng variasiyalarını dəyişir.
Bu dəyişmələri
və müxtəlifliyi
şərti olaraq üç prinsipə bölmək olar: şux və parlaq rənglər; sərt və soyuq rənglər; rəmzi detallar və qarışıq rəng çalarları.
Nazim Bəykişiyev
quruluş verdiyi teatrda səhnənin texniki ölçülərini
dərindən mənimsəyir.
Buna görə də onun tamaşalarında
kompozisiya bitkindir. Fəza genişliyində poetik vüsət var. Bir sıra
tamaşalarda Nazim Bəykişiyevin tərtibatı
ikimərtəbəli olur.
Bu iki mərtəbə
də çox maraqlı və obrazlı detallarla əlaqələndirilir. Məkanından
asılı olmayaraq onun tərtibatlarında aktyorların sərbəst
və məzmunlu davranışları, hadisələrə
sərbəst daxil ola bilmələri üçün bitkin şərait var”.
Nazim Bəykişiyev
xarakter etibarilə sadə, səmimidir. Əsərlərinə bu
yumşaq, zərif detalları da əlavə etməyi bacardığından onun
istər mənzərə
və fiqurlu kompozisiyalarında, istərsə
də səhnə tərtibatlarında bu məqam aydın sezilir. Yetkinlik, daxili nizam, saf
ruh, şəxsiyyətin
iç dünyası
və ətraf mühitlə harmoniyası səciyyəvi
keyfiyyətlər kimi
yaradıcılığında da öz əksini
tapır.
Rəssamın ən çox sevdiyi rəng ağdır. Bunu istər onun rəngkarlıq nümunələrinə,
istərsə də teatr-dekor işlərinə
baxarkən sezmək olur. Yaradıcılığında
bu rəngin əhəmiyyəti böyükdür.
Gah günəş kimi parlaq və
bərq vuran, gah da sonsuzluq
qədər qəmli və sirli-sehrli görünən ağ rəng rəssamın qarşısına qoyduğu
məqsəddən asılı
olaraq müxtəlif əsərlərində tamamilə
fərqli effekt yaradır. Bu isə biz izləyicilər
üçün rəssamın
əsərlərindən gələn
fövqəladə müsbət
enerji ilə yanaşı, onun ruhi qatda saflığı
ilə rabitəyə
maneəsiz keçiddir.
Sənətin mövcudluq
və təsir gücü də, yəqin ki, məhz bundadır. Həm də öz daxili dünyasındakı azadlığını
böyük sevgi və səxavətlə ifadəsində.
O, indi də
iş başında –
çox sevdiyi səhnəyə, sənətə xidmətindədir.
Baş rəssamı olduğu Akademik Milli Dram Teatrının
yeni mövsümünə
hazırlaşır. Özü
də yeni-yeni işlərlə. Deməli,
sənətə olan böyük sevgi və səhnənin cazibəsi bütün maneələri dəf edib, öz işığı
ilə bütün qaranlıqları nura boyaya bilir. Və
nə yaxşı ki, bu mümkün
olur...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 6 sentyabr.-
S.7.