Valideynləri onu hüquqşünas
görmək istəyirdi...
O, “Əhməd haradadır?” filmində hər kəsin axtardığı Əhməd,
“Uşaqlığın son
gecəsi”ndə iş icraçısı
Rüstəm, “Ən vacib müsahibə”də jurnalist Altay və digər obrazları ilə kinosevərlərin rəğbətini
qazanmışdı. Fərqli,
idmançı görkəmi
rejissorların diqqətini
cəlb etmişdi. Əməkdar artist Səyavuş Şəfiyev
aktyorluğa sirk meydanından gəlmişdi...
Səyavuş Məmməd oğlu Şəfiyev 1 sentyabr
1937-ci ildə dünyaya
göz açıb. Araşdırmalarda qeyd edilir ki, əslən
Cəbrayıl qəzasından
olan Məmməd Şəfiyev ötən əsrin 30-cu illərində
indiki Qubadlı rayonunun Xanlıq kəndində rəhbər
vəzifədə çalışır.
Həmin vaxtlar onun ailəsində bir oğlan uşağı dünyaya
göz açır. Adını Səyavuş
qoyurlar... Bir müddət sonra II Dünya müharibəsi başlayır. Məmməd
Şəfiyev cəbhəyə
gedir. Döyüşlərin
birində ağır
yaralanır və ordudan tərxis olunur. Beyləqan Rayon Partiya Komitəsinin
birinci katibi vəzifəsinə təyin
edilir. Bu səbəbdən Səyavuş
da ibtidai təhsilini burada alır. Sonra atası Azərbaycan KP Mərkəzi Komitəsində
şöbə müdiri
təyin olunur. Beləliklə, Səyavuş
orta təhsilini də Bakı şəhərində başa
vurur.
Valideynləri Səyavuşu hüquqşünas,
ya da həkim
görmək istəyir.
Ancaq o, başqa bir sənət arzusu ilə çalışır. Hələ
məktəbli ikən
dram dərnəyinə,
idmana gedir. Dostları isə ona səhnə üçün münasib
göründüyünü deyirlər. O, dəfələrlə
məktəblər arasında
təşkil olunan idman yarışlarına qatılır. Boks üzrə müxtəlif
yarışların qalibi
olur.
Günlərin bir günü Moskva şəhərinə
gəzməyə gedən
S.Şəfiyev gözlənilmədən
sənədlərini Ümumittifaq
Sirk Məktəbinə
verir və qəbul olunur. Təhsilini başa vurduqdan sonra akrobatika üzrə dərəcə alır. Təyinatla “Soyuzsirk”ə
göndərilir. Moskva
sirkində tanınmış
artistlərlə çalışır
və qısa zaman ərzində işinin peşəkarına
çevrilir.
Sənətin sirlərinə dərindən
yiyələnən S.Şəfiyev
1972-ci ildə Bakıya
qayıdır. Yenicə
açılan sirkdə
fəaliyyətə başlayır.
Quruluş verdiyi proqramlar böyük populyarlıq qazanır. Burada bir neçə
il işlədikdən
sonra yenidən Moskvadan dəvət alır. Məşhur “Səhnədə sirk” birliyinin quruluşçu rejissoru təyin edilir.
Onun peşəkarlığı
kinorejissorların diqqətindən
yayınmır. İlk
dəfə 1963-cü ildə
“Əhməd haradadır?”
filminə çəkilir.
Ekran əsərində
Əhməd obrazını
canlandıran S.Şəfiyev
bu rolu ilə
aktyor kimi də tanınır. Filmə görə Moskvada rejissor Adil İsgəndərov tənqidə məruz qalır. Film “burjua-meşşan
elementlərinin ifadəçisi”
kimi xarakterizə edilir. Ancaq film
ekranlara çıxandan
sonra tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanır.
Aktyor sonralar filmdə yer almasından məmnun olduğunu dilə gətirərək demişdi:
“Taleyimdən çox
razıyam. Nə yaxşı ki, o vaxt Adil İsgəndərov
məni bu rola çəkdi”.
Tanınmış sənətkar “Əhməd
haradadır?” filmi ilə bağlı başqa bir müsahibəsində deyib:
“Əhmədin evdən
qaçma səhnəsi
çəkilirdi. Pəncərədən
qonşu həyətə
tullanmalı, sonra da hasardan aşıb
aradan çıxmalı
idim. Bu zaman qonşu həyətdəki it hürə-hürə üstümə
gəldi. Elə birinci dublda it məni qapdı.
Bərk qorxdum. O zaman Adil İsgəndərov
dedi: “Qadası, bu səhnə bir neçə dəfə çəkiləcək.
Hər dəfə
də bu it Səyavuşu qapsa, onda can qalmaz...”. Görkəmli sənətkarın
bu iradından sonra it zəncirə bağlanır və çəkiliş də uğurlu alınır.
Aktyor
1968-ci ildə Arif Babayevin lentə aldığı “Uşaqlığın
son gecəsi” filmində
iş icraçısı
Rüstəm obrazını
yaradır. Bu ekran əsəri Gürcüstanda
keçirilən festivalda
mükafata layiq görülür. Araşdırmalarda
qeyd edilir ki, çox utancaq xarakteri olan S.Şəfiyev “Uşaqlığın son gecəsi”
filmində bəzi səhnələrin çəkilişində
müəyyən çətinliklərlə
üzləşməli olub.
Eldar Quliyevin 1971-ci ildə çəkdiyi “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını canlandıran
aktyor burada fərqli oyun tərzi ilə tamaşaçıların yaddaşında
iz qoymağı bacarıb.
“O qızı tapın”, “Nəsimi”, “Qəribə adam” və “Nizami” filmlərində epizodik rollarda çıxış edən
S.Şəfiyev sonradan yenidən sirk həyatına qayıdır. Moskvanın
sirk kollektivi aktyoru yenidən əməkdaşlığa dəvət
edir. Moskva Sirk Birliyinin baş rejissoru təyin olunan S.Şəfiyev
bu kollektivlə müxtəlif ölkələri
dolaşır. Ancaq hər zaman Bakıya qayıtmaq ümidi ilə yaşayır...
Bir gün rəhbərlik etdiyi sirk kollektivi
ilə Fransada qastrolda olarkən səhər heyət məşqə gəlir. Yoldaşları S.Şəfiyevin
gəlmədiyini görüb
tələsik mehmanxanaya
dönürlər. Bu
zaman aktyor döşəmənin üzərində
huşsuz vəziyyətdə
qalmışdı. Onu
Qızıl Aypara Cəmiyyətinin təyyarəsi
ilə Moskvaya gətirirlər. Daha sonra Bakıya yola salmaq istəsələr
də, o, belə vəziyyətdə getmək
istəmədiyini deyir...
SSRİ Kinematoqrafçılar
İttifaqının üzvü,
Əməkdar artist Səyavuş Şəfiyev
24 noyabr 2001-ci ildə
Moskvada vəfat edib. Bakının Yasamal qəbiristanlığında
torpağa tapşırılıb.
Savalan Fərəcov
Mədəniyyət.- 2023.- 6 sentyabr.-
S.6.