Kinorejissor Tofiq İsmayılov haqqında film Kazan festivalında
Sentyabrın 5-də Kazanda XIX Müsəlman
Kinosu Festivalı işə başlayıb.
2005-ci ildən Tatarıstan
paytaxtını məkan
etmiş bu festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin
dəstəyi ilə Tatarıstan Mədəniyyət
Nazirliyinin təşəbbüsü
əsasında keçirilir.
Festivalın “Mədəniyyətlərin
dialoqundan dialoq mədəniyyətinə” devizi
altında çox maraqlı filmlər nümayiş olunur.
Zəngin
proqramla kino bilicilərinin
və kinosevərlərin
görüşünə gələn
builki festivalın proqramına nəzər salarkən bir filmin adı diqqətimizi çəkdi.
“Tammetrajlı sənədli
filmlər” müsabiqə
proqramında “Azərbaycanın
ziyalı ulduzu:
Professor Tofiq İsmayılov” filmi. 6 sentyabr saat 17:00. “Sinema Korston” kinoteatrı.
Filmin annotasiyasında isə yalnız müəllifin adı qeyd olunmuşdu:
Kamil Engin.
Necə
deyərlər, axtaran
tapar: tapmaq istəyənə də sosial şəbəkə
kömək edər.
Bəs görkəmli kino xadimimiz
Tofiq İsmayılov haqqında filmi beynəlxalq
festivala çıxaran
Kamil Engin kimdir? Uzun illər Türkiyədə sənət
müəllimi kimi çalışmış Azərbaycanın
tanınmış kinorejissoru,
Xalq artisti Tofiq İsmayılov ilə tanışlığı
barədə rejissorun
özündən eşidək:
–
1994-cü ildə iş
adamı Mehmet Tanrıseverin
qurduğu kino kurslarına
qoşulmuşdum. İyirmi
yaşım var idi,
İstanbul Universitetində tələbəydim. Tofiq hocanı (müəllimi)
ilk dəfə burada tanıdım. Bu kursun dinləyiciləri mədəni
davranışı və
zəngin həyat təcrübəsiylə diqqətçəkən
və çox sevimli bir ləhcəylə
danışan təxminən
55 yaşlarındakı müəllimə
qısa müddətdə
öyrəşdilər. Tələbələrə
qayğıkeş yanaşan,
idealist və intizamlı
şəxsiyyət olan
müəllimimiz hər
kəsin sevgisini qazandı. Bir neçə
ay sonra Tofiq hocanın yazmaq istədiyi bir kitab üçün köməkçi
aradığını eşitdim.
Bir dostumla müəllimə
dedik ki, bu işə həvəsimiz
var və ona kömək etməyə hazırıq. 1995-ci ilin aprelindən başlayaraq onunla yaxından çalışmağa başladım.
Tofiq İsmayılovun
beşillik böyük
zəhməti və yorulmadan çalışmasının
nəticəsi olan “Türk cumhuriyetleri sinema tarihi” kitabı 2001-ci ildə çapdan çıxdı.
Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan
və Özbəkistan
milli kinosunun tarixindən
bəhs edən bu kitab üzərində çalışmaq mənim
üçün ikinci
bir universitet təhsilinə bərabər
oldu.
Kamil Engin deyir ki, Tofiq İsmayılov Türkiyədəki pedaqoji
fəaliyyətini başa
vuranadək assistent olaraq onunla birlikdə
çalışıb: “Artıq
bizim ata-oğul münasibətimiz vardı.
Sonralar o, İstanbula gələndə mütləq
görüşürdük”. Tofiq İsmayılov barədə tammetrajlı (51 dəqiqə) sənədli
filmin yaranma ideyası barədə sualımızı müsahibimiz
belə cavablandırdı:
– Tofiq hocanın vəfatından sonra
İstanbul və Malatya kinofestivallarında
onun xatirəsinə proqramlar həsr olundu, çəkdiyi filmlər göstərildi.
Elə müəllimim
haqqında sənədli
film ideyası da o zamanlarda
yarandı. Əsas niyyətim professor Tofiq İsmayılovu yaxından
tanımış insanların
gözü ilə göstərmək, onun sənətkar xislətini
və əsərlərini
yada salmaq idi. Çünki Tofiq hoca təkcə qardaş Azərbaycanın
deyil, həm də Türkiyə mədəniyyətinin öncül
simasına çevrilmişdi.
2019-cu ildə Türkiyə Mədəniyyət və
Turizm Nazirliyi Kino Baş Müdirliyinə
film çəkməklə bağlı müraciətimiz
müsbət qarşılandı.
Həmin il sentyabr-oktyabr
aylarında Bakıda və İstanbulda çəkilişlər aparsaq
da, pandemiya səbəbindən
çalışmaları yarımçıq
saxlamalı olduq. Yalnız 2021-ci ilin baharında filmi tamamladıq.
– Budur, artıq Kazanda “Azərbaycanın ziyalı ulduzu: professor Tofiq İsmayılov” tammetrajlı sənədli
filmi müsabiqə proqramında
nümayiş olunur. Bəs Azərbaycanda bu filmi nə zaman seyr edə biləcəyik?
– Çox istərdik ki, film
Tofiq hocanın məmləkətində də
göstərilsin. Biz tərəfdən
rəsmi müraciət
olmasa da, ailə üzvləri ilə bu barədə danışmışıq. İnşallah,
bu da reallaşar. Ötən ilin dekabrında İstanbulda Beynəlxalq İpək Yolu Film Festivalında premyera baş tutdu. İndisə budur, filmin Kazanda
ilk nümayişinin həyəcanını
yaşayırıq.
– Kamil bəy, sizə uğurlar arzulayırıq
və filminizin mükafat qazanacağına
ümid edirik. İnanırıq ki, sizin
filminizin Bakıda da nümayişi yaxın zamanlarda baş tutacaq.
– Çox sağ olun. Mən də sizə diqqətinizə görə
minnətdaram.
***
Müəllifdən onu da öyrəndik ki, “Azərbaycanın
ziyalı ulduzu:
professor Tofiq İsmayılov”
filmində Azərbaycandan
məhrum kinorejissor Eldar Quliyev, eləcə də Xalq yazıçısı
Anar, Xalq şairi Ramiz Rövşən,
akademik Rafael Hüseynov,
Xalq artistləri Oqtay Mirqasımov, Rafiq Əzimov, Əməkdar incəsənət xadimləri
Cəmil Quliyev, Aydın Kazımzadə və Elxan Cəfərov,
Türkiyədən Şenol
Demiröz, professor Sami Şəkəroğlu,
İhsan Kabil, Çetin
Tunca, İrfan Çiftçi
(mərhum) və Rasim Aşının müsahibələri yer alıb.
Filmdə
Tofiq İsmayılovun
ailə arxivindəki materiallarla yanaşı, Mimar Sinan Gözəl Sənətlər Universitetinin
professoru Sami Şəkəroğlunun
rəhbərlik etdiyi
Sinema-TV Mərkəzi ilə
Azərbaycan Dövlət
Film Fondunun arxiv materiallarından istifadə
olunub.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.5.