Teatrlarda yeni mövsüm
başlayır
Yay məzuniyyətini
başa vuran teatrlar yeni mövsümün
açılışına hazırlaşır. Sentyabrın
ilk günlərində
yaradıcı kollektivlərdə
toplantılar olub, yeni yaradıcılıq planları, gələcək
layihələrlə bağlı
fikir mübadiləsi aparılıb.
Azərbaycan Dövlət Kukla Teatrında mövsümün
başlanması münasibətilə
kollektivin geniş tərkibdə toplantısı
keçirilib. Teatrın
direktoru Əməkdar
mədəniyyət işçisi
Rəşad Əhmədzadə
kollektivə yeni yaradıcılıq uğurları
arzulayaraq, ötən
mövsümdə olduğu
kimi, bu mövsümdə də maraqlı layihə və yaradıcı ideyaların realizə olunacağını deyib.
Yay məzuniyyəti
müddətində də
kuklaçıların səyyar
tamaşalar göstərdikləri,
mədəni-sosial layihələrdə
iştirak etdikləri
diqqətə çatdırılıb.
O cümlədən 26 avqust
– Laçın şəhər
günü tədbirləri
çərçivəsində teatrın və teatrın nəzdindəki
“Oyuq” teatr-studiyasının
tamaşa-konsertlə çıxış
etdiyi xüsusi vurğulanıb.
Bildirilib ki,
teatr yeni mövsümə sentyabrın
15-də – Bilik günündə
start verəcək. Həmin gün balacalara yeni səhnə nümunəsi
– “Melisa” tamaşası
təqdim olunacaq.
Opera və Balet Teatrında
yeni baş baletmeyster
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif
Eyvazov yeni mövsümün
açılışı ilə əlaqədar kollektivlə toplantı keçirib.
Direktor
ilk olaraq teatra yeni təyin olunmuş baş baletmeyster Ruslan Pronini balet truppasına
təqdim edib.
Rusiyanın Əməkdar artisti,
baletmeyster-repetitor, pedaqoq
Ruslan Mixayloviç Pronin
1988-2008-ci illərdə Moskvada
Böyük Teatrın
solisti olub. O, həmçinin dünyaca
məşhur xoreoqraf,
SSRİ Xalq artisti Yuri
Qriqoroviçin assistenti
kimi onun quruluşlarını müxtəlif
ölkələrin teatr
səhnələrində həyata
keçirir. Həmin quruluşlardan biri Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, görkəmli
bəstəkar Arif Məlikovun “Məhəbbət
əfsanəsi” baletinin
18-19 sentyabr tarixlərində
Heydər Əliyev Sarayında nəzərdə
tutulan premyerasıdır.
Sonra Yusif Eyvazov yeni mövsümdə qarşıda
duran prioritet məsələlər, gözlənilən
maraqlı layihələr,
premyeralar haqqında məlumat verib. Bildirib ki, hazırda xarici teatrlarla müqavilələr də
bağlanır. Əsas
məsələlərdən biri də teatrın
qastrol səfərlərinin
təşkil edilməsidir.
Milli mədəniyyətimizi ölkə hüdudlarından
kənarda təmsil etmək balet truppasının artistləri
və solistlərimiz üçün böyük
bir stimuldur. Milli və unudulmuş operalarımızın bərpası
da qarşıda dayanan
məsələlərdən biridir. Həmin operaları dünyanın
ən tanınmış
səhnələrində nümayiş
etdirməliyik.
Direktor bildirib ki, Opera və Balet Teatrının binasının təmirə
bağlanması kollektivin
iş fəaliyyətinə
təsir etməyib. Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində,
Heydər Əliyev Sarayında, eləcə də BMA-nın Opera studiyasında həm balet, həm də opera tamaşalarını
nümayiş etdirmək
üçün şərait
yaradılıb.
Milli Dram Teatrında yeni mövsümün
planları
Azərbaycan Akademik Milli Dram Teatrında
məzuniyyətdən sonra
kollektivlə ilk görüş
keçirilib.
Sənət ocağının bədii
rəhbəri Əməkdar
incəsənət xadimi
Mehriban Ələkbərzadə gələcək planlar, hazırlanacaq tamaşalar haqqında məlumat verib.
Teatr
yeni mövsümdə üç
tamaşa hazırlayacaq.
Yeni yaradıcılıq işləri
Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı
Anarın “Dantenin yubileyi” əsərləri
əsasında hazırlanacaq
eyniadlı tamaşalardır.
Mehriban Ələkbərzadə kollektivi
təbrik edib, uğurlar arzulayıb.
Görüşdə 2023-cü ilin yanvar-iyul aylarında Akademik Milli Dram Teatrının
həyatında baş
verən hadisələrin
hesabatından ibarət
videoçarx təqdim
olunub.
Musiqili Teatr
qastrolları davam etdirəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni mövsümün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.
Teatrın direktoru
Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev yeni mövsüm
münasibətilə kollektivi
təbrik edib. Bildirib ki, ötən
mövsüm bir çox əlamətdar hadisələrlə yadda qalıb. Yaradıcı heyət respublikamızda keçirilən tədbirlərdə,
eyni zamanda xaricdə festivallarda da təmsil olunub. Bu günlərdə
(26 avqust) Laçında
“Şəhər günü”
tədbirləri çərçivəsində
nümayiş olunan “Arşın mal alan” (Üzeyir Hacıbəyli) tamaşasının
yaradıcı heyətinə
xüsusi təşəkkürünü
bildirən direktor ilboyu bu qəbildən
səfərlərin olacağını
diqqətə çatdırıb.
Ulu öndər
Heydər Əliyevin
100 illik, peşəkar
milli teatrımızın
150 illik yubileyləri ilə əlaqədar hazırlanan “Sən elə bir zirvəsən!...” musiqili-tarixi essesinin ötən mövsümdə
təqdimatından söhbət
açılıb və
yeni mövsümün
açılışının da bu layihə
ilə olacağı vurğulanıb. Qeyd edilib ki, Gəncə
və Şəkidə
də nümayiş olunan bu tamaşanın
Mingəçevir, Lənkəran
və Naxçıvan
şəhərlərində təqdimatı nəzərdə
tutulub.
Tədbirdə teatrın dördaylıq
(2023-cü ilin sonunadək)
repertuar planı təsdiqlənib, müzakirələr
aparılıb.
Gənc Tamaşaçılar
Teatrında təltifli
toplantı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
2023-2024-cü il üzrə
yeni mövsümün
açılışı ilə əlaqədar kollektivlə görüş
və ümumi iclas keçirilib.
Teatrın direktoru
Naidə İsmayılzadə
növbəti mövsümdə
yaradıcı heyətlə
görüləcək işlər
barədə danışıb,
kollektivə uğurlar
arzulayıb.
Sonra teatrın
aktrisası, Xalq artisti Naibə Allahverdiyevaya 60 illik yubileyi münasibətilə
teatrın fəxri diplomu təqdim olunub.
Bundan başqa, teatrın bir qrup yaradıcı heyəti və texniki işçiləri Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları ilə təltif olunublar.
Mədəniyyət.- 2023.- 6 sentyabr.-
S.1;5.