Rumıniyada türk xalq rəqsləri, mahnıları və milli geyimləri üzrə festival
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu dəstək verib...
Rumıniyanın Konstanta şəhərində
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun dəstəyi ilə Türk-tatar xalq rəqsləri, mahnıları
və milli geyimləri üzrə
28-ci Beynəlxalq festival
təşkil olunub.
Fonddan bildirilib
ki, festivala Azərbaycanı, Türkiyəni,
eləcə də Rumıniya, Makedoniya, Gürcüstan, Slovakiya, Bolqarıstan və digər Avropa ölkələrində yaşayan
türk xalqlarını
təmsil edən rəqs və mahnı qrupları qatılıblar.
Festival heyətlərin rəngarəng milli geyimlərdə və ölkələrin bayraqlarıyla
Konstanta şəhərinin
mərkəzi küçələrində
yürüşü ilə
başlayıb.
İki gün
ərzində musiqi kollektivləri regionun müxtəlif bölgələrində
konsert proqramları ilə çıxış
ediblər. Azərbaycanı
festivalda 2018-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayeva (xanəndə), Səxavət
Məmmədov (tar) və Elvin Novruzovdan
(kamança) ibarət
muğam triosu uğurla təmsil edib.
Türkiyədən “Bursa Vətən Xalq Oyunları Gənclik və İdman Klubu Dərnəyi” nümayəndələrinin
zeybək rəqsi də maraqla qarşılanıb.
Qeyd edək
ki, son illərdə
Rumıniyanın rəsmiləri
və tatar icmasının nümayəndələri
ilə keçirilən
görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun iştirakı ilə birgə fəaliyyətin istiqamətləri ətrafında
müzakirələr aparılıb.
Festivalda Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova
da iştirak edib. O, festivalın əsas təşkilatçısı
olan Rumıniyanın Türk-Müsəlman Tatarları
Demokratik Birliyinin sədri Celil Eserghep ilə görüşüb. Fond
tərəfindən müxtəlif
ölkələrdə məskunlaşmış
türk kökənli
xalqların mədəni
irsinin qorunması istiqamətində aparılan
fəaliyyətindən bəhs
edilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu festivalın işində fəal iştirak etdiyi üçün diplomla təltif olunub.
Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.8.