Kazan kinofestivalı çərçivəsində
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi
Xəbər verdiyimiz kimi, 5-9 sentyabr tarixlərində
XIX Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı
keçirilir. Tatarıstanın paytaxtında 2005-ci ildən təşkil
olunan ənənəvi festivalda ölkəmiz də təmsil
olunur.
Festival çərçivəsində Azərbaycanın
Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş fotosərgi açılıb. Bundan əlavə,
sentyabrın 5-də Kazan şəhərindəki “Mir”
kinoteatrında “Heydər Əliyev – əfsanə insan” sənədli
filmi (CBC TV-nin istehsalı) “festivalın xüsusi tədbiri”
kimi nümayiş etdirilib.
Təqdimatda festivalın icraçı direktoru,
“Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova, festivalın
münsiflər heyətinin üzvü, azərbaycanlı
rejissor və prodüser Fariz Əhmədov, “Tatarıstan Azərbaycan
Milli Mədəni Muxtariyyəti”nin regional ictimai təşkilatının
sədri Bəhram
Mustafayev və diasporumuzun təmsilçiləri, yerli ictimaiyyət
nümayəndələri, mədəniyyət xadimləri
iştirak ediblər.
Milyauşa Aytuqanova XIX Kazan Beynəlxalq Müsəlman
Filmləri Festivalında Azərbaycan xalqının
Ümummilli liderinin yubileyinin qeyd edilməsinin əlamətdar
hadisə olduğunu deyib. Diqqətə çatdırıb
ki, “Azərbaycanfilm” kinostudiyası Kazan festivalının rəhbərliyinə
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin
təşkili təklifi ilə müraciət edəndə
buna məmnuniyyətlə razılıq veriblər.
“Rusiya ilə Azərbaycan arasında ənənəvi
olaraq isti münasibətlər inkişaf edib. Bunda isə Heydər
Əliyev əsas rol oynayıb. Rəmzi xarakter
daşıyır ki, Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunmuş tədbirlər Kazan Film Festivalının
ilk tədbirinə çevrildi. “Mir” kinoteatrında tematik fotosərgi
və filmin nümayişini təşkil etməyimiz bizim
üçün böyük şərəfdir. Üstəlik,
Tatarıstanda 20 min nəfərdən çox azərbaycanlı
icması yaşayır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, festival çərçivəsində
açılan sərgidə Heydər Əliyevin
tanınmış mədəniyyət xadimləri, eləcə
də siyasətçilərlə görüşlərdən
arxiv fotoları təqdim olunur.
Mədəniyyət.- 2023.- 8 sentyabr.-
S.5.