Milli kinomuzun parlaq imzalarından...
Muxtar Dadaşov-110
125 yaşlı Azərbaycan kinosunun inkişafında mühüm
rol oynamış sənətkarlarımızdan biri
də görkəmli operator, rejissor, Xalq artisti Muxtar
Dadaşovdur. Bu, görkəmli kino xadiminin anadan olmasının 110 illiyidir.
Muxtar Baba
oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda dünyaya göz açıb. İlk gənclik çağlarından səhnə
sənətinə maraq
göstərib. Ancaq sonralar kino sahəsi
onu daha çox cəlb etməyə başlayır.
O, bu barədə
xatirələrində yazır:
“Kinoya məhəbbətim
o qədər güclü
idi ki, teatrdan
ayrılaraq həmişəlik
kino sənətinə
bağlandım. 18 yaşımda əvvəlcə operator Fyodr
Novitskinin şagirdi, sonra operator Boris Pumpyanskinin
assistenti oldum. “Lökbatan”, “Neft simfoniyası”, “Köçərilər”
filmlərinin çəkilişlərində
iştirak etdim. “Elə çək ki, elə bil sonuncu
işindir” deyən dahi Eyzenşteynin sözlərini unutmadım.
Sonra Moskvada, “Mejrabpomfilm”
studiyasında böyük
təcrübə keçdim...”.
Muxtar Dadaşov 1933-cü ildə
ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Bir sıra filmlərin çəkilişində iştirak
edir. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə
dönür, kinostudiyada
operator işini davam etdirir. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında)
quruluşçu operatoru
olur.
Araşdırmalarda qeyd edilir ki, dövrün mühüm ictimai-siyasi hadisələri
onun lentə aldığı sənədli
filmlərin əsas mövzusunu təşkil edir. “Sovet Azərbaycanı”,
“Ana yurdum Azərbaycan”,
“Sovet Azərbaycanının
50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”,
“Səadət yolu ilə” və s. filmlərdə vətənin
əsrarəngiz təbiəti,
tarixi şəxsiyyətləri
kino dili ilə tərənnüm olunur.
M.Dadaşov 1939-cu ildə “Samur-Dəvəçi
kanalı” kinooçerkini
çəkir. Xalq şairləri Səməd
Vurğunla Rəsul Rzanı da lentə alır. Su kanalının
çəkilişində iştirak
edən ləzgi qızına şeir qoşur. “A ləzgi qızı” adlı şeir mətbuatda dərc olunur:
Gözəl, ləzgi qızı,
sən dinlə məni,
İlhama
gəlmişəm səni
görəni.
Coşqun
Samur çayı, odlar vətəni,
Dinləsin tərifin, a ləzgi
qızı...
M.Dadaşov bədii
kinoda uğurlu addımlarından birini
1945-ci ildə çəkilən
“Arşın mal alan” filmində operator köməkçisi
kimi atıb. Filmdə Gülçöhrə
obrazını canlandıran
Xalq artisti Leyla Bədirbəyli ekran işinin lentə alınması prosesindən danışarkən
M.Dadaşovu aktyorun daxili aləminə nüfuz etməyi bacaran sənətkar kimi xarakterizə etmişdi.
“Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator
kamerası vasitəsilə
həyata vəsiqə
alıb.
Quruluşçu rejissor kimi debütü
isə “Qanun naminə” bədii filmi olur. Xalq
yazıçısı Süleyman
Rəhimovun “Mehman“ povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran
əsərində bir
çox görkəmli
sənətkarlarımız Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov rol alıb. Filmi ekranlara çıxandan sonra povestin müəllifi Süleyman Rəhimov yazırdı: “M.Dadaşov
“Mehman” povestini sənətkarlıqla, məharətlə
ekranlaşdırmış, mənə intəhasız
fərəh bəxş
etmişdir”.
M.Dadaşovun “Bakıda küləklər
əsir” filmi müharibə mövzusunda
çəkilən dəyərli
ekran əsərlərindəndir.
O, müharibə mövzusunda
hələ 1943-cü ildə
“Bakı döyüşür”
adlı sənədli
film çəkmişdi.
Maraqlıdır ki, müharibənin gedişi
vaxtı S.Vurğunu, Ü.Hacıbəylini, kimyaçı
alim Y.Məmmədəliyevi,
neftçilərdən G.Əliyevi,
A.Nemətullanı, R.Rüstəmovu
və başqalarını
bu filmdə lentə almışdı.
O, sonradan bu filmi genişləndirərək
“Bakı-42” adı ilə
çəkir. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmır. Nəhayət,
1974-cü ildə “Bakıda
küləklər əsir”
bədii filmini çəkərək istəyinə
nail olur. Filmdə xalqımızın
müharibə illərində
arxa və ön cəbhədə göstərdiyi hünəri,
casusların ifşa edilməsində qəhrəman
çekistlərin ayıq-sayıqlığını,
onların çox cəsarətli əməliyyatları
nəticəsində Bakının
neft mədənlərinin
partladılmasının qarşısının
alınmasını ustalıqla
əks etdirir.
“Əbədi qardaşlıq” tammetrajlı
sənədli filmi də nadir kadrlarla
zəngindir. Bu filmdə cəbhə dostları – azərbaycanlı
Məmmədovla ukraynalı
qadın Xovanskayanın
20 ildən sonra Lvovda, sonra isə
Füzuli rayonunun Horadiz kəndindəki görüşləri tamaşaçı
tərəfindən maraqla
izlənilir.
Onun S.Bədəlovla
birgə operator kimi çalışdığı
“Arazın o tayında”
sənədli filmində
II Dünya müharibəsi
illərində İran Azərbaycanındakı
mövcud vəziyyət,
40-cı illərin ikinci
yarısından sonra baş verən siyasi hadisələr, tarixə çevrilmiş
anlar öz əksini tapır. Müharibənin ilk günlərindən M. Dadaşov
neft mədənləri,
zavod və fabrikləri gəzir, gecəni gündüzə
qataraq əmək adamlarının içində
olur. Ön cəbhəni neft və başqa məhsullarla təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına
müdafiə olunmasını
lentə alır.
O həm də
araşdırıcı rejissor
kimi tanınıb. Çəkdiyi tarixi filmlər üçün
zəngin material toplayıb,
sonra onları lentə alır. “Nəriman Nərimanov” sənədli filminin (1966)
çəkilişi zamanı
da belə olub. Nərimanovun Genuya konfransındakı çıxışını
əks etdirən kadrları Moskva arxivlərində
tapır. Sonra həmin
kadrları filmdə canlandırır.
M.Dadaşov müxtəlif illərdə
görkəmli dövlət
və mədəniyyət
xadimlərinin kinoportretini
yaradıb. Ulu öndər
Heydər Əliyev, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət
Əmirov, Bülbül,
Səməd Vurğun,
neftçi Qurban və başqaları onun qəhrəmanları olub.
M.Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Lentə aldığı ekran əsərləri bir sıra ölkələrdə
göstərilib. Onun
“Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl
medal, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafat qazanıb. 1977–1983-cü illərdə
“Azərbaycanfilm” kinostudiyasında
Sənədli filmlər
birliyinin bədii rəhbəri olan sənətkarın əməyi
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib.
“Əməkdar incəsənət
xadimi” (1960), “Xalq artisti” (1976) fəxri adlarına, Dövlət mükafatına (1980) və
müstəqil Azərbaycanın
“Şöhrət” ordeninə
layiq görülüb.
Azərbaycan kinematoqrafiyasının inkişafına
mühüm töhfələr
verən Muxtar Dadaşov 7 may 1998-ci ildə, 85 yaşında vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2023.- 8 sentyabr.-
S.7.