Milli animasiya sənayesinin perspektivləri

Dəyirmi masada müzakirə olundu

 

6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı çərçivəsində sentyabrın 7-də Heydər Əliyev Mərkəzində “Azərbaycan milli animasiya sənayesi üçün kommersiyalaşdırılma və ixrac imkanları perspektivləri” mövzusunda dəyirmi masa təşkil olundu.

Tədbirin moderatoru Ramil Abbəkirov animasiya sahəsində çalışan insanların bir masa arxasında toplanmasını əhəmiyyətli hadisə kimi dəyərləndirdi.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bildirdi ki, animasiya yaradıcı sənayenin vacib istiqamətlərindən biridir. Dövlət başçısının fərmanı ilə Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikasının Kino Agentliyinin yaradılması animasiya sənayesinin də inkişafına geniş imkanlar yaradacaq: “Qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın animasiya ənənələrini inkişaf etdirməklə bu sahənin gəlirlərinin və rəqabət qabiliyyətinin artırılması üçün xarici bazara çıxarılmasını dəstəkləməkdir. Bu baxımdan animasiya sahəsində təhsil, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, əqli mülkiyyət hüquqlarının qorunması və ondan istifadənin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Sözügedən məsələlərin həllində müxtəlif güzəşt və təşviq alətlərinin, yeni innovativ və rəqəmsal həllərin tətbiqi, zəruri infrastrukturun formalaşdırılması da əsas şərtlərdəndir. Bütün bunları bir araya gətirdikdən sonra yerli və xarici auditoriya üçün yüksəkkeyfiyyətli animasiya məhsulu təqdim etmək, eyni zamanda məşğulluq göstəricilərinin artmasına nail olmaq mümkündür”.

Animasiya sahəsinin inkişafı ilə bağlı real addımların atıldığını diqqətə çatdıran nazir müavini Mədəniyyət Nazirliyi kollegiyasının 2023-cü il 11 avqust tarixli qərarı ilə “Mədəniyyət və yaradıcı sənayelər üzrə şura”nın formalaşdırıldığını, bir sıra vacib tapşırıqların verildiyini dedi: “Bu tapşırıqlardan biri də məhz animasiya sahəsini əhatə edir. Bu gün animasiya sənayesinin inkişafı ilə bağlı fikir mübadiləsi və sıx əməkdaşlığa ehtiyac var. Mədəniyyət Nazirliyi bu sahənin də inkişafını diqqətdə saxlamağa çalışır. Bu il 6-cı dəfə təşkil edilən “Animafilm” festivalına nazirlik olaraq verdiyimiz dəstək bunun bariz nümunəsidir”.

Kino Agentliyinin müşaviri Orxan Fikrətoğlu animasiya sahəsində istedadlı gənclərin olduğunu qeyd etdi. Bildirdi ki, bu yaradıcı gənclik kino və animasiya sahələrinə  məzmunca yeniliklər gətirəcək.

Tədbirdə Almaniyada yaşayan azərbaycanlı animasiya rejissoru Məsud Pənahi, animator Elçin Axundov, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, “Animafilm” festivalının direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və sahə üzrə ekspertlər fikirlərini bölüşdülər. Çıxışlarda milli-mənəvi dəyərlərimizi, bəşəri mövzuları əks etdirən animasiya filmlərinin çəkilməsi, yerli və xarici bazarlara çıxarılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Dəyirmi masada Mədəniyyət Nazirliyi, Medianın İnkişafı Agentliyi, Əqli Mülkiyyət Agentliyi,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, kinoteatrlar şəbəkəsinin nümayəndələri, xarici və yerli ekspertlər iştirak edirdi.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.2.