Qədim İpək Yolu irsindən çağdaş mədəniyyət
dialoquna
Azərbaycan-Çin mədəni əlaqələrinin inkişafı
üçün mühüm
zəmin var
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının
mədəniyyət naziri
Adil Kərimlinin rəhbərliyi ilə geniş nümayəndə
heyəti 3-9 sentyabr tarixlərində Çin
Xalq Respublikasında səfərdədir.
Sentyabrın 6-da Azərbaycan nümayəndə
heyəti Çinin Qansu vilayətinin Dunhuan şəhərində
təşkil olunan
6-cı Beynəlxalq İpək
Yolu Sərgisinin açılış mərasimində
iştirak edib.
Nümayəndə heyəti əvvəlcə
mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək Yolu boyunca yerləşən bölgələrinin tarixinə,
mədəni irsinə,
İpək Yolunun mədəni əlaqələrdəki
roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına
dair eksponatlar, fotolar, rəsm əsərləri və kitablar nümayiş etdirilib.
Sərginin açılış
mərasimində Çin
Kommunist Partiyası
(ÇKP) Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen,
Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri
Li Çun və digərləri çıxış
ediblər. Çıxışlarda
tədbirin əhəmiyyətindən,
tarixi İpək Yolu üzərində yerləşən ölkələr
və xalqlar arasında mədəni mübadilənin əməkdaşlığa
töhfə olacağından
söz açılıb.
Qeyd edək
ki, İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi
Çin Kommunist Partiyası MK-nın və Dövlət Şurasının (Nazirlər
Kabineti) birgə qərarı ilə
2016-cı ildən hər
il Dunhuan şəhərində keçirilir.
Sərginin təşkilatçıları
Qansu Vilayəti Xalq Hökuməti, Mədəniyyət və
Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və
Televiziya İdarəsi,
Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır.
Builki sərgidə
dövlət rəsmiləri,
ictimai xadimlər, incəsənət adamları
da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi
nümayəndə iştirak
edib. İki gün davam edən sərgi çərçivəsində forum, konfrans, seminar, simpozium, görüş və konsert proqramları təşkil olunub.
Nazir Adil
Kərimli tədbir çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Administrasiyasının
rəhbəri Li Çun
ilə görüşüb.
Azərbaycan İpək Yolu irsinin qorunmasına böyük əhəmiyyət
verir
Sentyabrın 6-da Dunhuan şəhərində
Beynəlxalq İpək
Yolu Mədəniyyət
Sərgisi çərçivəsində
“İpək Yolu mədəni irsi və yeni sivilizasiya
formasının qurulması”
mövzusunda forum keçirilib.
Azərbaycanın mədəniyyət naziri forumda çıxış
edib. Bu mötəbər tədbirə
dəvətə və
yüksək qonaqpərvərliyə
görə təşkilat
komitəsinə təşəkkürünü
bildirən Adil Kərimli Çinə səfərinin çox məhsuldar və yaddaqalan olduğunu diqqətə çatdırıb.
Qeyd edilib
ki, İpək Yolu boyu xalqların
milli-mədəni dəyərlərinin
qorunub saxlanılması,
ənənələrə və birgə məqsədlərə sadiqlik
xüsusilə qloballaşma
dövründə dünya
sivilizasiyasının sabitliyi
və tərəqqisinə
böyük töhfə
verir.
Vurğulanıb ki, tarixən İpək Yolu boyunca əlaqənin təmin edilməsinə mühüm töhfələr
verən Azərbaycan keçmişdəki missiyasını
bu gün də davam etdirir:
“Azərbaycan Böyük
İpək Yolu ilə bağlı çoxsaylı beynəlxalq
konfranslara ev sahibliyi edib və iri regional
infrastruktur layihələrinin
təşəbbüskarı olub. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çindən Qərbə
daşımalar üçün
əlverişli marşrut
təklif edir. Eyni zamanda Azərbaycanda
İpək Yolu mədəni irsinin qorunub saxlanılmasına böyük əhəmiyyət
verilir. Tarixi abidələrin qorunmasını
təmin etmək üçün müvafiq
qanunvericilik bazası yaradılıb, institusional
addımlar atılıb.
Azərbaycan həm də UNESCO-nun “İpək Yolu” proqramının fəal üzvüdür”.
Azərbaycanın mədəniyyətlərarası dialoqa da xüsusi
önəm verdiyini diqqətə çatdıran
nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə
irəli sürülən
“Bakı Prosesi” haqqında məlumat verib. Deyib ki,
hazırda BMT-nin Sivilizasiyalar Alyansı,
UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası və
İCESCO-nun tərəfdaş
olduğu “Bakı Prosesi” mədəniyyətlərarası
dialoqa dair qlobal platformaya çevrilib.
Nazir çıxışının
sonunda forumun işinə uğurlar arzulayıb.
Çin səhnəsində
“Qarabağ” və “Şuşanın dağları”
Forumda digər
nümayəndələrin çıxışlarından sonra bədii proqram təqdim olunub. Nümayəndə heyətində yer alan incəsənət ustalarımız da maraqlı proqramla çıxış ediblər.
Konsertdə Əməkdar
artist İlkin Əhmədov “Xudayar təsnifi”ni, xanəndə
Günay İmamverdiyeva
“Şuşanın dağları”
mahnısını səsləndirib.
Azərbaycan Dövlət
Rəqs Ansamblının
solistləri İnarə
Zeynalova və Aydəmir Aydəmirov “Naz eləmə” rəqsini ifa ediblər.
Konsert proqramı
Günay İmamverdiyeva-İlkin
Əhmədov duetinin ifasında Bəhram Nəsibovun “Qarabağ” mahnısı ilə başa çatıb. Bütün ifalar böyük maraq və alqışlarla qarşılanıb.
İşgüzar görüşlər üçün
imkan
Qeyd etdiyimiz
kimi, Dunhuan şəhərindəki beynəlxalq
sərgi və foruma müxtəlif ölkələrdən
nümayəndə heyətləri
qatılıb. Bu baxımdan tədbir işgüzar görüşlər
üçün də
bir platformadır.
Nazir Adil
Kərimli sentyabrın
6-da Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan ilə
görüşüb.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud
vəziyyətinə nəzər
salınıb, bu sahədə gələcək
əməkdaşlıq üçün
daha geniş potensialın olduğu vurğulanıb.
Sergiu Prodan
gələn il Azərbaycanda Moldova mədəniyyəti
günlərinin keçirilməsi
təklifi ilə çıxış edib.
Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.
Çin Milli
Kitabxanası ilə tanışlıq
Mədəniyyət Nazirliyinin nümayəndə
heyəti sentyabrın
7-də Çin Milli Kitabxanasını ziyarət
edib.
Kitabxananın kitab fondu, nəşrlərin
qorunması, oxuculara xidmət prosesi və burada fəaliyyət göstərən
muzeylə tanışlıq
olub.
Direktor xanım
Çen Yin kitabxananın fəaliyyəti
haqqında nümayəndə
heyətinə məlumat
verib.
Qeyd olunub
ki, Çin Milli Kitabxanası dünyanın ən böyük və zəngin kitabxanalarından
biridir. Əsası
1909-cu ildə qoyulan kitabxana 1916-cı ildən
ölkənin bütün
kitabxanalarını özündə
birləşdirib. 1928-ci ildə
“Milli Kitabxana” statusu alıb.
Çoxfunksiyalı elm ocağı olan və üç
binada yerləşən
Milli Kitabxananın ümumi sahəsi 280 min kvadratmetrdir. Əsas binanın sahəsi 80,5 min kvadratmetrdir və burada eyni vaxtda
8 min oxucuya xidmət göstərmək
mümkündür. Ümumilikdə
isə Çin Milli Kitabxanasından bir gündə 12 min oxucu istifadə
edə bilər. İllik oxucu kontingenti 5,2 milyon nəfərdir.
45 milyon nüsxəyə
yaxın kitabın saxlanıldığı kitabxanada
həm də dünyanın ən qədim kitab nümunələri yer alır. Burada çap şəklində
olan ən qədim kitabın 1600 yaşı var. Ən qədim yazılı nümunələr
isə tısbağa çanağı və sümüklər üzərindəki
qeydlərdir. Onların
tarixi 3 min il öncəyə gedib çıxır.
Müasir innovativ
vasitələrin geniş
tətbiq olunduğu kitabxanada 1300 terabayt həcmində elektron resurs saxlanılır.
Qeyd edək
ki, Azərbaycan Milli Kitabxanası ilə Çin Milli Kitabxanası arasında uzun müddətdir əməkdaşlıq
əlaqələri mövcuddur.
2015-ci ildə Azərbaycan
Milli Kitabxanasında iki kitabxana arasında
qarşılıqlı əməkdaşlıq
barədə memorandum
imzalanıb. Sənədə
əsasən, Azərbaycan
Milli Kitabxanasında Çin daimi guşəsi yaradılıb.
Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin yaradılması
nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinin
Çinə səfəri
sentyabrın 9-da başa
çatacaq.
Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.1;3.