Milli düşüncənin
yorulmaz təbliğatçısı
İctimai-bədii fikir tariximizdə demokratik düşüncəli,
mübariz şəxsiyyət
kimi qalan ziyalılarımızdan biri
də şair, tədqiqatçı, tərcüməçi
Əmin Abid Gültəkin olub. O, Orta əsrlər ədəbiyyatımızın tədqiqində, “Kitabi-Dədə
Qorqud” dastanının
tədqiq olunmasında
böyük xidmətlər
göstərib. Eyni zamanda milli düşüncənin
yorulmaz təbliğatçısı
kimi də tanınıb. Bu il görkəmli ədibin anadan olmasının 125 illiyidir.
Əmin Abid
(Əmin Mütəllib
oğlu Əhmədov)
1898-ci il noyabrın
2-də Bakıda dünyaya
göz açıb. İbtidai və orta təhsilini burada tamamladıqdan sonra ali təhsil
almaq məqsədilə
1914-cü ildə Türkiyəyə
getmək istəyir. Ancaq yenicə başlayan I Dünya müharibəsi buna mane olur. O, qardaşı
şair Əlabbas Müznibin naşiri və redaktoru olduğu “Dirilik” və “Babayi-Əmir” jurnallarında çalışmağa
başlayır. Müxtəlif
imzalarla hekayə, şeir, məqalə və tərcümələr
dərc etdirir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan
sonra onun xaricdə ali təhsil almaq arzusu da gerçəkləşir.
İstanbul Universitetinin
Ədəbiyyat fakültəsinə
qəbul olur. Tələbəlik dövründə
“Azərbaycan türklərinin
ədəbiyyat tarixi”
adlı monoqrafik əsərini qələmə
alır. 1920-ci ildə
Cümhuriyyət süqut
edir, vətəndən
gələn acı xəbərlər onun yaradıcılığında da özünü göstərir. “Yeni Qafqaz”, “Azəri-türk”,
“Odlu yurd” və digər jurnallarda Gültəkin təxəllüsü ilə
milli ruhlu şeirlər dərc etdirir. Sibir sürgünlərinə, təqib
və təhqirlərə
qarşı etiraz səsini ucaldır. Şairin Türkiyədə
qələmə aldığı
şeirlər siyasi mühacirlərin köməyi
ilə nəşr olunan “Buzlu cəhənnəm”
adlı kitabında yer alır.
Əmin Abid
1927-ci ildə Azərbaycana
qayıdır, vətənində
başqa ovqatla qarşılaşır. İstanbula
oxumağa getdiyi zaman milli şüur
yüksək, xalqda özünüdərk hissləri
güclü idi. İndi isə o bunların əksini müşahidə edir. Sovet rejiminin apardığı yadlaşdırma,
milli dəyərləri
heçə endirmə
siyasətinin, müstəqil
düşüncə sahiblərinin
təqib edilməsinin
şahidi olur. Ancaq bunlara baxmayaraq,
o, mənsub olduğu xalqın ədəbiyyatını,
folklorunu araşdırmaq
işində həvəsdən
düşmür, səylərini
daha da artırır.
Bakı
Dövlət Universitetində
işə düzəlir.
Qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi
xalq yaradıcılığına
dair elmi məqalələri çap
edilir. Tədris ocaqlarında, dərnəklərdə
mühazirələrlə çıxış
edir. “Azərbaycan türklərinin ədəbiyyat
tarixi”, “Bayatının
türk xalqları ədəbiyyatında mövqeyi”,
“Azərbaycan ədəbiyyatının
qədim abidələrindən”
monoqrafik əsərləri,
eyni zamanda “Kitabi-Dədə Qorqud”un
mətni haqqında məlumat”, “XVII əsr Azərbaycan ədəbiyyatı”,
“Ədəbiyyat tariximizdə
Sabirin mövqeyi”, “Mirzə Şəfi haqqında aparılan tədqiqlərə bir baxış”, “Türk el ədəbiyyatına elmi bir baxış
(“Oğuznamə”)” kimi
məqalələri mətbuatda
dərc olunur. Gərgin elmi axtarışları nəticəsində
Məhəmməd Füzulinin
“Söhbətül-əsmar” əsərini aşkara çıxarır və
elm aləminə tanıdır.
Alimin yaradıcılığının ən maraqlı səhifələri folklorumuzla,
qədim qaynaqlarımızla
bağlı olub. Mənbələrdə göstərilir
ki, Əmin Abidin fikrincə,
qədim türk dastanlarının ahəngdar
mətni – vurğunun cümlələrin sonuna salınması, cümlə
və ifadələrin
təkrarı və
s. zaman keçdikcə cilalanaraq
heca vəznli şeiri formalaşdırıb.
O, qədim şeirlərimizi
“vəznli şeir” adlandırıb. Fikirlərini
əsaslandırmaq üçün
“Kitabi-Dədə Qorqud”un Drezden Kitabxanasında saxlanılan
nüsxəsindən nümunələr
verib. Bu dastanın müstəqil bir əsər deyil, “Oğuznamə”nin tərkib hissəsi olduğunu bildirib.
O, elmi yaradıcılığı
ilə yanaşı, gizli şəkildə yayılan vətənpərvərlik
mövzusundakı şeirləri
ilə gənc nəslə milli mübarizə
ruhunun aşılanmasında
önəmli rol oynayır. Həmin şeirlərin birində müəllif işğalçı
bolşevik rejiminə,
müstəmləkə zülmünə
qarşı etirazını
belə ifadə edir:
Qaldıqca ruslarda diyarım
mənim,
İntiqam olacaq şüarım
mənim.
Əmin Abid
millət sevgisinə,
vətənpərvərliyinə görə təqiblərə
məruz qalır və işdən çıxarılır. Eyni
zamanda mətbuatda tənqid hədəfinə
çevrilir. Maarif sahəsində aparılan
“təmizləmə” əməliyyatı
əsasən türk ədəbiyyatı, coğrafiya
və tarix müəllimlərinə qarşı
yönəldilirdi. Bundan
sonra onun Bakıda işləməsi
daha da çətinləşir.
Məcburiyyət qarşısında
qalan alim
1929-1934-cü illərdə Ağdaş, Quba və Ağdam rayonlarında müəllim
işləyir.
Milli düşüncəli
ziyalıların məhrumiyyət
dövrü – 1937-ci il
minlərlə günahsız
insan kimi Əmin Abidi də qara kölgə
kimi təqib
edir.1938-ci il iyulun 14-də
həbs edilir. Türkiyəyə casusluqda,
gənclər arasında
pantürkizmi təbliğ
etməkdə günahlandırılır.
Oktyabrın 21-də, 40 yaşında
güllələnir...
S.Fərəcov
Mədəniyyət.-
2023.- 22 sentyabr.- S.6.