Səudiyyə Ərəbistanı ilə mədəni əlaqələrin perspektivləri müzakirə olunub

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib. Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi heyət UNESCO-nun Dünya İrs Komitəsinin 10-25 sentyabr tarixlərində Ər-Riyadda keçirilən 45-ci sessiyasına qatılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanının mədəniyyət nazirinin müavini Fəhd əl-Kənan ilə görüşüb.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, ölkələrimizin rəhbərləri arasında mövcud olan səmimi dostluq münasibətləri əməkdaşlıq əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərir.

Nazir müavini Səadət Yusifova 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dairBakı Prosesitəşəbbüsünə Səudiyyə Ərəbistanının dəstəyinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Dost ölkənin bu qlobal platforma çərçivəsində Azərbaycanda keçirilən ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq forumlarında fəal iştirakı qeyd olunub, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəminə diqqət çəkilib.

Görüşdə mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb, bu kontekstdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin iki ölkənin mədəni irsinin təbliğinə mühüm töhfə verəcəyi qeyd edilib.

Tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.3.