Otuz yaşlı GÖZYAŞI…
Ulu Şəhriyarımızın
30 illik anımı və təkrarsız Məmməd Arazımızın
“Şəhriyar gəlmədi”
yanımı üstə
köklənmiş köşə
Mətnə – bu böyük Vətən nəğməkarının
“Heydərbabaya salam”ında ümummilli
vəsiyyət (və
bu yazı janrına ehtiva) kimi səslənən son bənddən ilk misra ilə
başlayıram:
“Heydərbaba, alçaqların köşk
olsun...”
Əlli bir
il öncə “Şahlıq” üsul-idarəli
Güneyimiz M.P.Vaqifin
250 illiyinə rəsmən
dəvətli bu şairin “Rejim” üsul-idarəli Quzeyimizə
gəlişini (guya “poçtalyonun dəvətnaməni
“səhvən” başqa
bir “Məhəmmədhüseyn”ə
çatdırması” bəhanəsilə)
əngəllədi. Və
dövrün bu milli-mənəvi “bomba” hadisəsinə ovaxtadək
həmin o güneylimizin
yazışdığı quzeyli qocalardan (xüsusən, “Eşq əhlisən, məni yaxşı qanarsan, Gözlər yağış
yağdırmasa, yanarsan”
kəlmələrilə xitab
etdiyi S.Rüstəmdən)
qulaq verən olmadı. Otuz dörd yaşlı Məmməd Araz isə yazdı:
Ümidlər yollara sərili qaldı.
Güllər güllüklərdə dərili
qaldı –
Şəhriyar gəlmədi...
Bu Allahsız
GƏLMƏZLİKdən 19 il sonranın bir yaz günü
böyük alim Xudu Məmmədov və dayım – (Ağdamda “Bala Marks” adlandırılan) Zeynal Məmmədovla Bakıdan
Füzuli rayonunun Əhmədalılar kəndinə
– kiçik qardaşımın
toy məclisinə yollanmalı olduq. “Şıx” çimərliyini
ötər-ötməz, dayım
sürücüsünə dedi: “O kaseti qoy, Güney Dədəmizin səsinə-sözünə
qulaq asaq. Ancaq tüstülənəcəyimiz
məqamlarda saxla ki, özümüzü söndürə bilək...”.
Sürücü düyməni bascaq, salona ilahi bir
səs yayıldı:
Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular
şaqqıldaşıb axanda...
Hal əhli
sürücü 3-cü bənddə
(“Uşaqların bir dəstə gül bağlasın, Yel gələndə, ver gətirsin bu yana, Bəlkə mənim yatmış bəxtim oyana”) kaseti dayandırdı. Ancaq o çağların (Bəxtiyar
Vahabzadə, Nurəddin
Rza, Şahmar Əkbərzadə də daxil) məşhur “beşlik” üzvlərindən
bu ikilik donmuş göl kimi susurdu. Mənsə
vəziyyətdən “süi-istifadə”
edib, M.Arazın həmin şeirindən növbəti misralara başladım:
Şəhriyar gəlmədi!
Gəlsəydi...
Təbrik yağdırardı
məktəblər ona
–
Ana dilində.
Təbrik
yağdırardı məktublar
ona –
Ana dilində...
Əslində, şairə sədd
qoyan naşı
Çıxır bu dünyanın
özünə qarşı...
Sürücü
düyməyə toxunur.
Sözü göylərə
bülənd Dağ şair ömrün keçməsi, əsl aşiqlərin vüsala varmaması, gözəllərin
necolması, döngə-dönümlərin,
itkinlik-ayrılıq-ölümlərin var olması kimi əbədi qaçılmazlıqlardan kəlam-abidələr
yaradıb, “Ay özümü o əzdirən
günlərim, Ağac
minib, at gəzdirən günlərim!...” kimi bənzərsiz
etnoqrafik tabloya çatanda, Xudu müəllim astaca bir səslə dilləndi: “Belə şairlər Vətən
içində ayrıca
bir vətəndirlər...”
Bu dəm
mən M.Araz Şəhriyarından misralamağa
başladım:
Alqışlar qollarda kirindi artıq,
Ümidlər yollardan küründü artıq...
Qayıtdı geriyə toylar, yallılar,
Qayıtdı evlərə fərşlər,
xalılar
Şəhriyar gəlmədi!...
Sürücü düyməyə toxunur. Biri-birindən şimşək
bəndlər səsləndikcə
Zeynal Məmmədov (nəzərlərini Arazboyu
tikanlı məftillərdən
ayırmadan): “Bu misraların bu məftilləri qıracağı
günə az qalıb!...” kimi qaçaq-qıvraq kəlmələr
işlədir.
Xudu müəllimsə
susur, susur, susur. Ta ovaxtacan
ki;
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı
əlimizdən alıblar,
Yaxşı bizi yaman günə
salıblar!... –
bəndi səslənir
və güzgüdən
onun sözlü olduğunu görən sürücü kaseti dayandırır. “Ay Zeynal müəllim, doğrudanmı “yaxşı
bizi”?! Biz yaxşıyıqsa, bu yaman məftillər niyə burdadı?...”.
Bu an mən müdaxilə edirəm:
Şəhriyar gəlmədi...
O tayda bir təpə
torpaq dikəldi:
- Mən daşlar altında bir tarix daşam,
Min dəfə daşlara dəyən bir başam,
Yatıram bir qarış
torpaq xanada,
Bir zaman demişdim Səttərxana
da:
Düşmənin hər vədi gülə bürünmüş,
İşvəli, qəmzəli mələyə
dönmüş...
Qoyub arxayınca qılıncı
qına,
Getmə
bu vədələr qonaqlığına...
Sürücü bir xeyli sükutdan sonra düyməyə toxunur:
Heydərbaba, alçaqların köşk
olsun,
Bizdən
sora qalanlara eşq olsun,
Keçmişlərim gələnlərə
məşq olsun,
Evladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə
aldanmasın!...
Kaset dayandırılır, ancaq
arxadan səs gəlmir. Sürücü
tərəfdən (“təbiət
seyri” mahnısıyla)
göz gəzdirib, Xudu müəllimin yanaqlarında yaş görürəm. Dayımsa,
millilik dərd-ələminə
hamımızdan yaxşı
bələd olduğu
bu dostunun cari qəm yükünü
azaltmaqçün səsindəki
qəhəri boğmağa
çalışaraq deyir:
“Həə, tez-tez muzeylərdən yazan bacoğlu, bir fotoaparatın da yox ki, bu müqəddəs canlı “eksponat”ı
da əbədiləşdirib, haçansa yazasan...”.
O vaxt o göz yaşları ilə o sözləri M.Araz
misralarıyla cavablandıra
bildim:
Siz ey bu dünyanın
söz dərgiləri,
Dünyanın qəzetçi xəbərçiləri!
Bir ölkə düzəldin:
yalandan yalan!
Yazın
nə gözəldir:
yalandan yalan!
Həsrətlər qoşulub dartır
qatarı,
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar “yollanır” Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?!.
O vaxt o poema və
o gözyaşı müəllifləri
o 300 kilometrlik yolu bizə 3-4 dəqiqəyə
qət etdirdi. Ancaq onların bir-birindən bir ay fərqlə vəfat etmə sehrini bu otuz ildə
sinirib qurtara bilmirəm...
Tahir Abbaslı
(“Mədəniyyət” qəzeti,
21.09.2018)
Mədəniyyət.- 2023.- 27 sentyabr.-
S.6.