Ölkəmizin ICESCO ilə əməkdaşlığı
ildən-ilə möhkəmlənir
Bu il Bakıda təşkilatın
regional ofisinin açılması
nəzərdə tutulur
Qətər Dövlətinin paytaxtı
Doha şəhərində 25-26 sentyabr tarixlərində
İslam Dünyası Mədəniyyət
Nazirlərinin 12-ci Konfransı
keçirilib.
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli sentyabrın 26-da konfransda çıxış edib.
Nazir konfransa yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə
görə Qətər
Dövləti Hökumətinə
və ICESCO rəhbərliyinə,
bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman
bin Həməd əl-Taniyə
təşəkkürünü bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın
bu təşkilatla əməkdaşlığına xüsusi önəm verir. Eyni zamanda ölkəmizin
ICESCO ilə əməkdaşlığı
Birinci vitse-prezident, ICESCO-nun
xoşməramlı səfiri
xanım Mehriban Əliyevanın
yaxından dəstəyi
ilə daha da möhkəmlənir və
genişlənir: “Əlaqələrimizin
möhkəmləndirilməsində təşkilatın baş
direktoru Salim bin Məhəmməd
əl-Malikin də səyləri təqdirəlayiqdir.
Beynəlxalq əməkdaşlıq
çərçivəsində Bakıda bu il ICESCO-nun
Regional ofisi açılacaq
və bu da ICESCO ilə münasibətlərin,
bütünlükdə təşkilatın
gündəliyinin bölgədə
təqdim edilməsi baxımından çox vacib bir addımdır”.
Adil Kərimli Prezident İlham
Əliyev tərəfindən
2008-ci ildə irəli
sürülmüş mədəniyyətlərarası
dialoqa dair “Bakı Prosesi” təşəbbüsünə ICESCO-nun verdiyi davamlı dəstəyin ölkəmizdə
yüksək qiymətləndirildiyini
bildirib. Qeyd olunub ki, təşkilat
2011-ci ildən ölkəmizdə
keçirilən Dünya
Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyədə
təmsil olunur.
ICESCO-nun 2024-cü ildə ölkəmizdə
keçiriləcək növbəti
forumda da iştirakının
əhəmiyyətli olacağı
diqqətə çatdırılıb.
Azərbaycanın tarixi-mədəni zənginlikləri
və İslam irsi barədə məlumat verən Adil Kərimli qeyd edib ki, ölkəmizdə
İslam mədəniyyəti təkcə qədim dini tikililərdə, onun memarlığında deyil, həm də qeyri-maddi irs və adət-ənənələrimizdə,
xalq yaradıcılığında,
ədəbiyyat, musiqi,
rəqs, xalçaçılıq,
tətbiqi sənət,
kino və s. sahələrdə
özünü göstərir.
Daha sonra çıxışda
Ermənistan tərəfindən
Azərbaycan ərazilərinin
30 illik işğalı
zamanı buradakı tarixi-mədəni irsin tamamilə dağıdıldığı,
mədəni və dini irsin yer
üzündən silindiyi,
yaxud mənimsəməyə
məruz qaldığı
diqqətə çatdırılıb.
Bölgədə mindən
artıq tarixi abidə, o cümlədən
60-dan çox məscidin
yerlə yeksan edildiyi vurğulanıb.
Münaqişənin başa çatmasına baxmayaraq,
Ermənistan hərbi birləşmələrinin qalıqları
Azərbaycan ərazilərində
təhlükəsizliyə və sülhə təhdid yaradırdı. Belə ki, 2020-ci ilin noyabr ayından Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazilərində Ermənistan
hərbi birləşmələrinin
yerləşdirdiyi minalar
nəticəsində əksəriyyəti
mülki şəxslər,
o cümlədən jurnalistlər
də olmaqla 300-dən
çox azərbaycanlı
həlak olub və yaralanıb. Buna görə də Azərbaycan ötən həftə lokal antiterror tədbirlərinə başlamaq
qərarına gəlib
və 24 saat ərzində qanunsuz qüvvələrin təslim
olmasına və tərk-silah edilməsinə
nail olub. Artıq Azərbaycanın Qarabağ
bölgəsinin erməni
sakinlərinin reinteqrasiya
prosesinə başlanılıb.
Bu çərçivədə Azərbaycan Hökuməti
yerli sakinlərə lazımi humanitar yardım göstərir, təhlükəsiz və
dinc reinteqrasiya prosesini təmin etmək üçün lazım olan bütün tədbirləri
həyata keçirir.
Sonda nazir Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar qonaqları Şuşa ilə bağlı videomateriala baxmağa dəvət edib. Şuşa şəhərinin mötəbər tribunadan videotəqdimatı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2023.- 27 sentyabr.-
S.3.