“Melisa” gəncəli uşaqların qonağı olub

 

Teatrların bölgələrə qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrının kollektivi sentyabrın 28-də Gəncə şəhərində son premyeraları olan “Melisa” tamaşasını təqdim edib.

Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır. 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan səhnə işində obrazları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırıblar.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.

Melisa (gəlincik) onunyaşadıqlarınıfərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı Melisa görür, hiss edir, düşünür, anlayır anladır. O, təkcə gəlincik deyil, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. Tamaşaçını inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər...

Səhnə işi balacalar tərəfindən maraqla qarşılanıb.

 

Həmidə

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.4.