Göygöl rayonunda arxeoloji tədqiqatlara yenidən başlanılıb
AMEA-nın Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, dosent Müzəffər Hüseynovun
rəhbərliyi ilə
Göygöl rayonu ərazisində uzun fasilədən sonra yenidən arxeoloji tədqiqatlara başlanılıb.
AMEA-dan bildirilib
ki, tədqiqat işləri Göygöl-Topalhəsənli
yolunun sol tərəfində, yoldan
120 metr məsafədə
5 metrə yaxın hündürlüyü olan
kiçik təpənin
üzərində yerləşən
kurqanda həyata keçirilib. Torpaq örtüklü kurqanın
diametri 22 metr, hündürlüyü 1,5 metrdir.
Kurqanda maraqlı dəfn adətləri qeydə alınıb. Burada kurqan örtüyü
götürüldükdən sonra 2,2x2,4 metr ölçüdə, 1 metr
dərinliyi olan əsas kurqanaltı kamera yerləşir. Əsas kamera Son Tunc-Erkən Dəmir dövrünə
aiddir. Digər maraqlı cəhət isə vaxtilə kurqanın yerləşdiyi
təpədə Erkən
Tunc dövrünə
aid torpaq qəbrin salınmasıdır.
Son Tunc-Erkən Dəmir dövrü kamerası torpaq qəbrin bir hissəsini kəsdiyi üçün məzarın
bu hissəsi dağıntıya məruz
qalıb. Torpaq qəbrin kurqan qurulmazdan əvvəl salındığı müşahidə
edilib. Əsas kurqanaltı kameradan başqa, kurqan örtüyündə sonradan
erkən müsəlman
dövrünə aid
10 ədəd katakomba
tipli sapma qəbirlər salınıb.
Sapma qəbirlərin üzərinə bir cərgə uzunsov çaydaşı düzülüb.
Beləliklə, torpaq
örtüklü kurqanda
torpaq qəbir, qəbir kamerası və 10 sapma qəbir aşkarlanıb.
Qeyd edək ki, Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərindəki düzənlik sahədə yüzlərlə kurqan qeydə alınıb və bir qismi bu ərazidə məskunlaşmış almanəsilli şəxslər tərəfindən XIX əsrin sonları və XX əsrin əvvəllərində tədqiq edilib. Tədqiqatçılar içərisində Y.Hümmelin (1941-ci ildə Qazaxıstana sürgün edilib) XX əsrin 20-30-cu illərində burada çoxsaylı kurqanlarda apardığı arxeoloji qazıntı işləri elmi cəhətdən özündən əvvəlki mütəxəssislərin tədqiqatlarından köklü şəkildə fərqlənməklə Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir.
Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.6.