“Zəfər yolçuları”
və “Qızılgüllərin
ətri”
Yazıçı-publisistin Anım Gününə töhfəsi
Ön cəbhədə ölümün
gözünün içinə
baxaraq düşmənlə
döyüşmək böyük
hünərdir. Vətən
övladlarının şücaətindən
yazmaq, onların taleyini izləmək, igidləri yazılı sözün qüdrəti
ilə tanıtmaq da az iş deyil.
Əgər bu tanıtım təkcə
doğmalarının anlayacağı
dildə yox, sayımızdan dəfələrlə
böyük toplumların
başa düşdüyü
dildə aparılırsa,
o zaman elə əməlin
özü də hünər məqamına
yetişir...
27 sentyabr – Anım Günü ərəfəsində
tanınmış yazıçı-publisist,
Əməkdar jurnalist
Zemfira Məhərrəmlinin
Qarabağ uğrunda savaşmış igidlərimizə
həsr olunmuş iki kitabı təqdim edildi. Kitablardan biri – “Zəfər yolçuları”
İstanbulda Türk Ədəbiyyatı Vəqfinin
“Turay” nəşriyyatında
türkcə nəşr
edilib. İngilis dilinə çevrilmiş
“Qızılgüllərin ətri” (The scent of roses) isə
Bakıda “Mütərcim”
nəşriyyatında çapdan
çıxıb.
Zemfira xanım ötən əsrin 90-cı illərindən
başlayaraq Qarabağ
mövzusunu öz yaradıcılığının əsas istiqaməti seçib. Müəllifin
indiyədək çap
olunmuş 17 kitabının
əksəriyyəti Qarabağ
uğrunda canından keçmiş şəhidlərimizə,
müharibə iştirakçıları
və qazilərimizə
həsr olunub.
“Zəfər yolçuları”
kitabında Qarabağ
savaşının ilk günlərindən
44 günlük Vətən
müharibəsinədək keçən təxminən
otuz üç il ərzində işğal
illərində yaşadığımız
iztirablar, ərazi bütövlüyümüz uğrunda
mücadiləmiz, şəhidlərimizin
savaş hünəri,
böyük Zəfərimizə
həsr olunmuş bədii və sənədli hekayələr
toplanıb. Kitabı Türkiyə türkcəsinə
yazıçı, şair-publisist
İmdat Avşar çevirib. “Zəfər yolçuları” müəllifin
Türkiyədə nəşr
olunmuş üçüncü
kitabıdır.
Zemfira Məhərrəmlinin ingilis
dilində ikinci kitabı olan “Qızılgüllərin ətri”
də Qarabağ savaşı silsiləsinin
məntiqi davamıdır.
Kitabı ingilis dilinə yazıçı-tərcüməçi
Kamran Nəzirli çevirib.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən təqdimat mərasimində
öncə şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Azərbaycan
Yazıçılar Birliyinin
katibi Elçin Hüseynbəyli, tənqidçi
Bəsti Əlibəyli,
“Azərbaycan” jurnalının
baş redaktoru İntiqam Qasımzadə,
Əməkdar jurnalistlər
Bahəddin Həzi, Əntiqə Qonaq, yazıçı-tərcüməçi
Kamran Nəzirli, şairlər
Nəzakət Məmmədli,
Rəfail Tağızadə,
hərbi jurnalist Vahid Məhərrəm və başqaları iştirak edirdilər. Zemfira xanımın Qarabağ müharibəsindən yazmağa
başladığı dövrdən
dostlaşdığı şəhid
ailələrinin üzvləri,
qazilər də təqdimat mərasiminə
fəxri qonaq qismində qatılmışdılar.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.6.