Vətən övladlarının əziz xatirəsinə ehtiram

 

Şanlı Zəfərlə başa çatan, müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü tamam oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızın azadlığı üçün haqq mübarizəsinə başlayıb.

Vətən oğullarının misli görünməmiş fədakarlığı şücaəti ilə otuzillik işğal cəmi 44 gün ərzində başa çatdırılıb, Qarabağ Şərqi Zəngəzur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri düşməndən azad edilib. Ordumuzun parlaq Qələbəsi ilə xalqımıza əbədi Zəfər ruhu bəxş olunub. Minlərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Sentyabrın 27-də bu münasibətlə Mədəniyyət Nazirliyinin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.3.