Qətərlə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirlinin nümayəndə heyəti 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak edib.

Səfər çərçivəsində sentyabrın 26-da Qədər Dövlətinin Mədəniyyət Nazirliyində bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüş keçirilib.

Nümayəndə heyətini salamlayan Şeyx Əbdülrəhman bin Həməd əl-Tani iki ölkə arasında mədəni əlaqələrdən söz açıb, münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, mədəniyyət informasiya sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

Qətərli nazir Azərbaycanda olduğunu, ölkəmizin mədəniyyətini, insanlarını, mətbəxini sevdiyini bildirib. O, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin, eləcə muzey sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir Adil Kərimli səmimi qəbula, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, dövlət başçılarımızın dostluq münasibətləri, digər sahələrdə olduğu kimi, mədəni əlaqələrin inkişafına zəmin yaradıb.

Görüşdə Qətərin mədəniyyət naziri bu ilin noyabrında Bakıda keçiriləcək beynəlxalq kitab sərgisinə 2024-cü ildə paytaxtımızda təşkil olunacaq VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna da dəvət edilib.

Bu il Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığı tədbirin təqviminin proqramının dəqiqləşdirilməsi üzərində aparıldığı diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.3.