Qarabağ abidələri tədqiq olunacaq
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 2023-cü ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Qarabağ bölgəsində olan abidələrdə tədqiqat işləri aparılacaq. Tədqiqatlar 2026-cı ilədək davam edəcək.
Bu barədə məlumat verən institutun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva qeyd edib ki, tədqiqat işləri çərçivəsində abidələrin inventarlaşdırılması, pasportlaşdırılması ilə yanaşı, diqqətdən kənarda qalan, dövlət qeydiyyatına alınmayan yeni abidələrin siyahısı da hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunacaq. Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə aparılan tədqiqatların nəticələri həm kitab şəklində çap olunacaq, həm də elektron şəkildə saytlarda yerləşdiriləcək.
2022-ci ildə görülən işlərdən
bəhs edən alim bildirib
ki, tədqiqatlar əsasən Azərbaycanın
memarlıq irsinin qorunmasının mədəni
turizm konteksti ətrafında
olub. Bu sahədə
Azərbaycanda tarixi və mədəniyyət
qoruqları tədqiq olunub. Azərbaycanın
Qafqaz Albaniyası memarlıq irsinin qorunması və idarə olunması məsələləri
üzrə, mədəni turizmin
inkişafı ilə bağlı tədqiqatlar
aparılıb. Abşeronda mədəni turizm və
memarlıq irsi, Azərbaycanın şimal bölgəsində memarlıq abidələri
üzrə araşdırmalar aparılıb, mədəni turizm konteksti ətrafında
tədqiqatlar yerinə yetirilib. İnstitutun əməkdaşları həm tədqiqat
işləri ətrafında, həm də bu
il üçün çox aktual olan Qarabağ abidələrinin
tədqiqi, onların bərpası ilə bağlı bir sıra məqalələr çap
etdiriblər. O cümlədən xarici jurnallarda dərc olunan məqalələr
əsasən “Şuşa İli”nə və
Qarabağ abidələrinə həsr olunub.
Mədəniyyət.- 2023.- 6
yanvar.- S.6.