“Azərbaycanın
qış gözəllikləri” fotosərgisi
Xəbər verdiyimiz kimi, Yeni il münasibətilə İçərişəhərdə “Sehrli qala” festivalı keçirilir. Festivalın proqramına müxtəlif əyləncəli oyunlar, musiqi nömrələri, sərgilərin təşkili və digər tədbirlər daxildir.
Yanvarın 5-da İçərişəhərdəki Bakı Fotoqrafiya Evində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəllikləri” adlı fotosərgi açılıb. Sərgi İçərişəhər Muzey Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gəlib.
İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova 2023-cü ilin ilk tədbirlərindən olan sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, sərginin təşkilində məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır.
Tədbirin kuratoru, fotoqraf Rüstəm Hüseynov və fotoqraf Aydın Mehdiyev sərgidə iştirak edən həmkarlarını təbrik ediblər. Vurğulanıb ki, layihənin ideyası adətən isti mövsüm mənzərələrini əks etdirən sərgiləri ziyarət edərkən yaranıb. Düşünülüb ki, həmin sərgilərdə qış mənzərələrini də əks etdirən fotoların yer alması daha maraqlı ola bilər. Bütün bu gözəlliklər diqqətdən yayınmayıb və geniş ictimaiyyətə təqdim olunub.
Sərginin təşkilində məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, eləcə də gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır. Azərbaycanın qış gözəlliklərini fotokameranın yaddaşına köçürən fotoqraflar, çətin hava şəraitinə baxmayaraq, vəzifə borclarını sevgi və ruh yüksəkliyi ilə icra ediblər.
“Azərbaycanın qış gözəllikləri”
fotosərgisi yanvarın 12-dək davam edəcək.
Mədəniyyət.- 2023.- 6
yanvar.- S.1;7.