Mədəniyyətimizin böyük
hamisi
İllərin xronikasından...
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə geniş anlamda diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1969-cu il 18 sentyabr
Heydər Əliyevin Azərbaycan KP MK-nın Birinci katibi kimi fəaliyyətə başlamasından (14 iyul 1969-cu il) iki ay sonra respublikanın əsas mətbu orqanı – “Kommunist” qəzetinin 50 illiyi qeyd edilib. Təntənəli yığıncaqda nitq söyləyən Heydər Əliyev respublikada mətbu işlə bərabər, mədəni-maarif işinin təşkilindən də söhbət açıb.
1969-cu il 1 noyabr
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyən Heydər Əliyev respublikanın ilk ali məktəbinin xalqın mədəni tərəqqisində rolunu xüsusi vurğulayıb.
“...Azərbaycanın bu birinci ali məktəbi doğma xalqın mənəvi dirçəlişində, onun iqtisadiyyatının və mədəniyyətinin tərəqqisində elə böyük, elə nəcib rol oynamışdır ki, universitetin 50 illiyi əsil ümumxalq təntənəsinə çevrilmişdir.
...Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir-şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, Orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən M.Ə.Sabirin, C.Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir.
...1919-cu ildə, Azərbaycanın ictimai dairələrində universitet açmaq haqqında məsələ müzakirə olunduqda bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamsızlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər...”.
1970-ci il 3 mart
Lenin və Dövlət mükafatı laureatı İqor Moiseyevin rəhbərlik etdiyi SSRİ Dövlət Akademik Xalq Rəqs Ansamblı Bakıda Ümumittifaq incəsənət festivalı çərçivəsində qala-konsert verib. Heydər Əliyev təntənəli musiqi axşamında iştirak edib.
1970-ci il 19 iyun
Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında nitq söyləyən Heydər Əliyev respublikada elmi fəaliyyət və alimlərin qarşısında duran vəzifələrdən bəhs edib.
1970-ci il 16 avqust
Heydər Əliyev SSRİ-nin aparıcı ədəbi orqanı olan “Literaturnaya qazeta”ya müsahibəsində Azərbaycan ədəbiyyatının zəngin tarixindən də söz açıb.
1970-ci il 2 oktyabr
Sov. İKP MK-nın Baş katibi L.İ.Brejnevin Azərbaycana səfəri ilə əlaqədar Bakıda keçirilən təntənəli iclasda nitq söyləyən Heydər Əliyev respublikada mədəniyyətin inkişafı, mədəni-maarif sahəsində əldə olunan nəticələri də diqqətə çatdırıb.
1971-ci il 10 mart
Azərbaycan Kommunist Partiyasının XXVIII Qurultayında hesabat məruzəsi ilə çıxış edən Heydər Əliyev mədəniyyət sahəsindəki nailiyyətlərlə yanaşı, problemlər üzərində də ətraflı dayanıb.
“...İndi respublikada 2 mindən artıq klub, mədəniyyət sarayı və evi, 7242 kütləvi kitabxana, məktəb və idarə kitabxanası, 2 min kino qurğusu, 37 muzey vardır. Bununla birlikdə mədəni-maarif ocaqlarının böyük imkanlarından hələlik heç də tamamilə istifadə edilmir. Mədəniyyət Nazirliyi və onun yerli orqanları tərəfindən yarıtmaz rəhbərliyin nəticəsidir ki, əhali arasında, xüsusən kənddə və şəhər tipli qəsəbələrdə mədəni-maarif işi zəif görülür. Klublarda, mədəniyyət evlərində və saraylarında çalışan işçilərin çoxu xüsusi hazırlıq keçməmişdir...
Ötən dövrdə Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri böyük müvəffəqiyyətlər qazanmışlar. Ədəbiyyata və incəsənətə gənc qüvvələr gəlmiş və onların bir çoxu özlərini yaradıcılıq nöqteyi-nəzərindən kamil əsərlərlə tanıtmışlar. Yazıçıların bir çox kitabları rus dilində, sovet ölkəsinin və sosialist dövlətlərinin başqa xalqlarının dillərində buraxılmışdır. Respublika bəstəkarlarının yaradıcılığı geniş şöhrət qazanmışdır. Azərbaycan rəssamlarının gözəl əsərləri dünyanın onlarca ölkəsində nümayiş etdirilmişdir. Artistlərimiz ölkənin teatr səhnələrində və estradalarında, habelə xarici ölkələrdə çıxış etmişlər.
Lakin yaradıcı ziyalılarımız qarşısında duran vəzifələr də böyükdür və buna görə də biz onlara qarşı daha tələbkar olmalı, yaradılmış əsərlərə tənqidi yanaşmalıyıq. Görməmək olmaz ki, bizdə hələ də bir çox miyanə, qeyri-bitkin, sönük, bəzən də ideyaca yetkin olmayan əsərlər meydana çıxır. Belə əsərlərə ədəbiyyatın və incəsənətin demək olar, bütün sahələrində rast gəlmək olur... Bəstəkarlarımızın işində xüsusən opera janrı sahəsində bir çox qüsurlar vardır. Biz çoxdandır ki, yaxşı yeni operalar dinləmirik. Bəstəkarlıq və ifaçılıq sahəsində də qəhrəmanlıq və vətəndaşlıq motivləri müəyyən dərəcədə zəifləmişdir... Bu işdə çox vaxt liberalizmə və prinsipsizliyə yol verən bədii tənqidin də təqsiri az deyildir...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 6
yanvar.- S.5.