Tokioda azərbaycanlı və yapon sənətçilərin həmrəylik
konserti
Tokionun Mequro rayonunda yerləşən “Naka Meguro TRY” mədəniyyət mərkəzində “Şuşa İli”nə və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan konsert keçirilib.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin Diasporla İş üzrə Dövlət Komitəsi və bu ölkədəki səfirliyimizin dəstəyi ilə təşkil etdiyi tədbirə türk, özbək, rus icmasının üzvləri, Cənubi Azərbaycandan olan soydaşlarımız, eləcə də yerli ictimaiyyət nümayəndələri də qatılıblar.
Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu diqqətə çatdırıb. 2020-ci ilin Vətən müharibəsindəki Zəfərin xaricdə yaşayan azərbaycanlıların həmrəyliyini daha da gücləndirdiyini deyən diplomat Yaponiyadakı soydaşlarımızı ölkəmizin maraqları və uğurlarımızın təbliği istiqamətində daha fəal olmağa çağırıb.
İki hissdən ibarət olan konsertin birinci hissəsində yapon pianoçu Yusey İnuinin ifa etdiyi “Xudayar təsnifi”, cazmen Yamamoto Kyokonun oxuduğu “Ay Laçın” mahnısı, azərbaycanlı rəqqasə Dilarə Qazıyeva və yapon İgit Nozakinin birlikdə oynadığı “Naz eləmə”, “Ləzginka”, habelə “Otantik Bunka” qrupunun ifasında “Nəlbəki”, “Ağ çiçək” və s. rəqslər alqışlarla qarşılanıb.
Konsertin ikinci hissəsində Dilarə Qazıyevanın ifasında “Uzundərə” rəqsi, Yaponiyada Azərbaycan-türk simli alətlərinin mahir ifaçısı kimi tanınan Kiyoşi Ohiranın rəhbərlik etdiyi qrupun ifasında “Ruhani” aşıq havası, “Sudan gələn sürməli qız”, “Gizir oğlu Mustafa bəy” xalq mahnıları, “Kələbək Lotus” qrupunun ifasında Azərbaycan rəqslərindən ibarət popurri təqdim edilib və sürəkli alqışlarla müşayiət olunub.
Tədbirə yekun vuran diaspor təşkilatının
rəhbərləri Xəlil Kələntər və Vüqar Ağayev yeni təqvim ilinin bütün dünyaya sülh və əmin-amanlıq gətirməsini
arzulayıblar.
Mədəniyyət.- 2023.- 6
yanvar.- S.8.