Beynəlxalq Muğam Mərkəzində həmrəylik konserti

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dekabrın 30-da Beynəlxalq Muğam Mərkəzində (BMM) “Vətəndən Vətənə” adlı konsert proqramı təşkil edilib.

Konsert proqramının bədii rəhbəri Xalq artisti Mənsum İbrahimov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Konsertdə muğam müsabiqələrinin qalib və laureatları, muğam ixtisası üzrə təhsil alan gənc xanəndələr çıxış ediblər. İfaçıları BMM-in solisti Rəşad İbrahimovun rəhbərliyi ilə muğam instrumental ansamblı müşayiət edib.

Məhəmmədhüseyn Şəhriyar, Süleyman Rüstəm, Məmməd Araz və digər şairlərin sözlərinə bəstələnmiş vətənpərvərlik mahnıları, həmçinin Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Xan Şuşinski, Cahangir Cahangirov, Şəfiqə Axundova, Əli Səliminin musiqiləri səslənib.

Konsertdə Aytən Məhərrəmova, aşıq Samirə, Yusif Sadıqov, Həsrət Əzizli, Ədilə Əliyeva, Sədəf Budaqova, Elsevər Muradov, Günay İmamverdiyeva, Babək Şuşalı, Cavid Hüseyn Təbrizi, Çingiz Mehdipur, Sahənd Məzahiri, Nərmin Quliyeva və digər gənc xanəndələrin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 6 yanvar.- S.5.