Tarın dostu
Tar
haqqında bəhs edərkən şairlərimizdən biri
belə deyib:
Könlüm tara bənzəyir,
Üstünü simlər bəzəyir:
Bir sim ağ,
bir sim sarı
–
Biri könlüm simsarı…
Həqiqətən də, tar Azərbaycan xalqının könül
simsarıdır, könül
dostudur. Azərbaycan xalqı bəzən heç kimə açmadığı könül
sirlərini, könül
duyğularını tara açır, tar vasitəsilə dilləndirir.
Məsələ burasındadır ki, tar da hər
kəsə könül
vermir, mizrabını
hər yoldan ötənə tapşırmır.
Könül verdiyi adamlar
isə sənətsevərlərin
ürəklərini riqqətə
gətirə bilir.
Belə ifaçılardan biri də Ramin Rzayevdir.
Ramin tar ifaçılığının
orta yaş nəslinə mənsubdur.
Amma onu dinləyəndə ifasının
sanki qocaman, ustad bir sənətkarın
barmaqlarından süzüldüyünü
güman edirsən…
Ramin Rzayev Azərbaycanın tar
ifaçıları sırasında
öz dəst-xətti,
yeri olan sənətkardır. Lakin
o, bu səviyyəyə
birdən-birə nail olmamış,
hələ uşaq yaşlarından saatlarla tarı bağrına basmağı bacarmış,
Asəf Zeynallı adına Musiqi Kollecində oxuyarkən gözəl muğam bilicisi Elxan Müzəffərov kimi tarzənlərdən dərs
almış, Üzeyir
Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasında (indiki
Bakı Musiqi Akademiyası) görkəmli
tarzən, Xalq artisti Ağasəlim Abdullayevin sinfində oxumuşdur. Ağasəlim Abdullayev virtuoz
sənətkar olmaqla yanaşı, eyni zamanda muğam ifaçılığı zamanı
xanəndəni ən
gözəl şəkildə
müşayiət edən
tarzənlərdəndir. Mənə elə gəlir ki, Ramin müəllimindən
tar ifaçılığı zamanı əxz etdiyi digər xüsusiyyətlərlə yanaşı,
bu cəhəti – xanəndəni müşayiət
etmək ustalığını
da dərindən mənimsəmiş və
öz ifaçılığına
tətbiq etməyi bacarmışdır. Bu fikrin sübutu kimi isə onun
hələ gənc yaşlarından Səkinə
İsmayılova və
Simarə İmanova kimi Xalq artistlərini
müşayiət etməsini
nümunə göstərmək
olar. Raminin gözəl ifa
və xanəndəni
müşayiət edə
bilmək ustalığının
nəticəsidir ki, bu iki sənətkar
onunla bu gün də birgə çalışmaqda
davam edirlər.
Ramin Rzayev qocaman, ağsaqqal sənətkarımız, Xalq artisti Arif Babayevi də müşayiət etmiş, hətta onunla xarici səfərlərdə – İtaliyada, Türkiyədə konsertlər vermişdir. Tarzən dünyanın bir çox yerlərində, dəfələrlə Avropa ölkələrində, iki dəfə Hindistanda musiqimizi, muğam sənətimizi uğurla təmsil etmişdir. Bu səfərlərin əksəriyyətində Xalq artisti Səkinə İsmayılovanı müşayiət etmiş, ilk Türkiyə və Hindistan səfərinə də onunla getmişdir.
O, muğamlarımızı gözəl bilir. Bu baxımdan onun ifasında bir sıra muğamların lentə alınması da təbiidir. Ramin Rzayev “Bayatı-Şiraz”, “Mahur-hindi” və müəllimi Elxan Müzəffərovdan öyrəndiyi “Nəva” muğamlarını lentə yazdırıb. Bununla da gələcəkdə muğamsevərlər digər tarzənlərimizlə yanaşı Raminin də ifasını dinləyəcək, XXI əsrin əvvəllərindəki muğam mənzərəsini duymaqla bərabər, ifasından da zövq alacaqlar.
Məlumdur ki, muğam sənəti, tar ifaçılığı təkcə instrumental ifaçılıq sahəsi ilə məhdudlaşmır. Bu sənət elə yarandığı gündən ədəbiyyat, irfan, fəlsəfə ilə birlikdə meydana gəlmiş və bu mənəvi dəyərlərin vəhdəti şəklində meydana çıxmışdır. Və eyni zamanda xoş o ifaçının, muğam sənəti nümayəndəsinin halına ki, o da bu sahələrə vaqif olub, muğamın daxilindəki xüsusiyyətləri duyur. Raminin də cövhərində ədəbiyyata, irfana meyil güclüdür və onun ifaçılıq sənəti məhz bu istiqamətlərdən də su içmişdir. Bu gün Ramin Rzayev əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs desə də, tələbələri bütün Azərbaycana səpələnmişdir. Bu isə onun daha böyük bir uğuru, nailiyyətidir. Uğurları davamlı olsun...
Tərlan
Quliyev
BMA-nın Humanitar fənlər kafedrasının
müdiri professor
Mədəniyyət.- 2023.- 11
yanvar.- S.6.