Xurşidbanu Natəvan haqqında daha bir ekran əsəri

 

Azərbaycan Televiziyasında XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xan qızı Xurşidbanu Natəvan haqqında film çəkilib. Ekran əsəri yanvarın 8-də “Mədəniyyət” kanalında yayımlanıb.

Natəvanın 190 illiyi münasibətilə ərsəyə gələn televiziya filminin ideya müəllifi və layihə rəhbəri Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, ssenari müəllifi folklorşünas şair-dramaturq Fəridə Hicran Vəliyevadır. F.Xələfova həm də filmdə Natəvan obrazını canlandırıb.

O qeyd edib ki, film üzərində ötən ilin yayında başlayıb və payızın sonlarında, artıq  qarlı günlərdə Şuşada tamamlanıb. Filmin çəkilişləri Ağdamda, Şahbulaq qalasında, son kadrları isə mədəniyyət paytaxtımız Şuşada aparılıb: “Natəvan xanımın obrazı üzərində işləyərkən məqsədimiz həm də Qarabağ xanlığının geyim mədəniyyətinin elmi-etnoqrafik təsvirini yaratmaq olub. Bu işdə məsləhətçimiz Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, “Qarabağ geyimləri kataloqu” kitabının müəllifi Gülzadə Abdulova idi. Bu layihəni ərsəyə gətirdiyimizə görə çox xoşbəxtəm...”.

 

Mədəniyyət.- 2023.- 11 yanvar.- S.5.