Tanınmış animasiya
rejissoru Məsud Pənahinin 80 illiyi qeyd olundu
Yanvarın 10-da Azərbaycan Dövlət Film Fondunda cənublu soydaşımız, Almaniyada yaşayan tanınmış animasiya rejissoru Məsud Pənahinin 80 illik yubileyinə həsr olunan tədbir keçirildi.
Yubiley tədbiri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə reallaşdı.
Tədbiri giriş sözü ilə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Məsud Pənahinin həyat və yaradıcılıq yolundan danışdı.
Qeyd etdi ki, Məsud Pənahi 10 yanvar 1943-cü ildə İranın Zəncan şəhərində dünyaya göz açıb. 1946-cı ildə ailəsi ilə Bakıya köçüb. O, 1966-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini və bu institutun nəzdində animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib. Burada tanınmış animasiya rejissorlarından İvan İvanov və Fyodor Xitrukdan dərs alıb.
Bakıya qayıdan Məsud Pənahi 1973-1979-cu illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edərək onlarla animasiya mütəxəssisi yetişdirib. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır?” multfilminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda XII Ümumittifaq kinofestivalında “Qız qalası əfsanəsi” multfilmi ilə iştirak edib.
Əməkdar incəsənət xadimi Elçin Axundov dedi ki, Məsud Pənahi istedadlı və yaradıcı sənətkardır. Yaradıcılığında azərbaycançılıq, vətənpərvərlik çox dolğun və aydın şəkildə əksini tapıb. Bu onun Berlindəki Azərbaycan diasporunun dəstəyi ilə 2012-ci ildə çəkdiyi və Xocalı soyqırımından bəhs edən “Sükutun pozulması” animasiya filmində daha aydın hiss edilir. O, əsərlərində görkəmli bəstəkarlar Arif Məlikov və Xəyyam Mirzəzadənin yaradıcılığından ustalıqla bəhrələnib.
Tədbirə Almaniyadan onlayn qoşulan Məsud Pənahi yubileyinin qeyd olunmasına görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Film Fonduna, “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Animasiya Assosiasiyasına təşəkkürünü bildirdi Vətən müharibəsində şanlı Qələbəyə görə bütün xalqımızı təbrik etdi. Cəmil Quliyev sənətkara 80 illik yubileyi münasibətilə xoş arzularını çatdırdı.
Rejissorun yaxın qohumu Teymur Quliyev ailələri adından tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Sonda Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” və “Günlərin bir günündə...” animasiya filmləri, həmçinin vaxtilə Məsud Pənahi tərəfindən fonda təqdim olunmuş “Xoruz” filmi nümayiş etdirildi.
S.Fərəcov
Mədəniyyət.- 2023.- 11
yanvar.- S.3.