Qərbi Azərbaycan mövzusu elmi tədqiqatlarda xüsusi yer tutacaq

 

Qərbi Azərbaycana qayıdış konsepsiyasının Azərbaycan elmində, tarix elmində müstəsna yeri var. Bizbu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik. Burada ümumiləşdirilmiş əsərin yazılmasından, regionun tarixinə dair atlasın hazırlanmasından, regionun tarixinə dair bütün mənbələrin toplanmasından, bizə qarşı törədilən cinayətlərin bilavasitə dünya ictimaiyyətinə çatdırılmasından söhbət gedir.

Bu fikirləri AMEA-nın Tarix İnstitutu Qərbi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib.

Alim qeyd edib ki, Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə regionun tarixinin bütövlükdə kompleks şəkildə tədqiqindən, yazılmış tarixin bir neçə dilə tərcümə edilib dünya ictimaiyyətinə çatdırılmasından söz açıldı: “Burada məqsəd öz dədə-baba torpaqlarından məhrum edilmiş vətəndaşlarımızın torpaqlarına qaytarılması probleminin həll edilməsidir. Bu torpaqlara haqqımız var. O torpaqlarda əcdadlarımız yaşayıblar”.

Cəbi Bəhramov bildirib ki, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə üç institutda müvafiq şöbələr, o cümlədən Tarix İnstitutunda Qərbi Azərbaycan şöbəsi yaradılıb.. Biz artıq fəaliyyət proqramımızın əsas istiqamətlərini müəyyən etmişik. Prezidentin çağırışlarına cavab olaraq bu işlər görüləcək.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi isə Qərbi Azərbaycan toponimlərinin və işğaldan azad edilmiş ərazilərin onomastik mənzərəsinin bərpası, adların müəyyənləşdirilməsi məsələləri ilə ətraflı məşğul olacaq.

İnstitutdan bildirilib ki, zaman-zaman Azərbaycan tarixinə aid toponimlər ermənilər tərəfindən kütləvi şəkildə dəyişdirilib, bəzilərinə isə yeni erməni adları qoyulub. Yeni yaradılan şöbə Qərbi Azərbaycanda ermənilər tərəfindən adları dəyişdirilmiş toponimlərin milliləşməsi istiqamətində tədqiqatlar aparacaq. Şöbəyə Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov rəhbərlik edəcək.

 

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.4.