Bir daha sənət
əsərlərimizin xaricdəki “həyatı” haqqında
Son vaxtlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın məşhur təsviri sənət ustalarının yaradıcılığına aid edilən əsərlərin xaricdə satışa çıxarıldığı barədə müxtəlif məlumatlar yayılır. Bu sırada Səttar Bəhlulzadənin yüzlərlə əsərinin xaricdə olması, rəssamın 650 əl işinin onlayn satışa çıxarılması ilə bağlı xəbərlər xüsusi yer tutur.
Məlumatlardan bəlli olur ki, haqqında söz açılan əsərlər “eBay” internet mağazasında satışa çıxarılıb. Burada satılan əsərlərin sahibi “Tolga&Sons Art Gallery” şirkətidir. Əsərlər də şirkətin təsisçisi Tolqa Oğuzun oğlu Dəniz Bülənd Tolqaya məxsusdur. Bildirilir ki, əsərlərin hər biri müvafiq orijinallıq sertifikatına malikdir. Başqa sözlə desək, onlar oğurluq əsərlər deyil.
İndi keçək əsas məsələyə. Necə olub ki, Səttar Bəhlulzadənin bu sayda əsəri xaricə gedib çıxıb, bu və ya digər kolleksiyaçı tərəfindən toplanıb. Bu yerdə görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanındakı epizod – əsərin xanım qəhrəmanının (Sona) maddi sıxıntı üzündən illərlə saxladığı xalçasını satmaq üçün bazara aparması, lakin sonra onu, bir əcnəbi tacirin bütün cidd-cəhdinə rəğmən, satmaqdan imtina edərək geri – evinə gətirməsi yada düşür. Zamanında bisavad ədəbi qəhrəmanın bir sənət əsəri olan xalçanın əhəmiyyətini fəhmən hiss etməsi (və məşhur kəlamı dilə gətirməsi), çox təəssüf ki, sonrakı nəsillər üçün nümunə-dərs olmayıb. Müstəqilliyin ilk vaxtlarında maddi sınağa çəkilən və bu üzdən evindəki əntiq əşyaları və rəsm əsərlərini xarici turistlərə, o cümlədən də kolleksiyaçılara satanlar, hər nə qədər maddi sıxıntılarını aradan qaldıra bilsələr də, maddi-mənəvi dəyərlərimizin itirilməsinə də yol açmış olublar.
O vaxtlar S.Bəhlulzadə haqqında yubiley kitabı üzərində çalışdığımdan şəxsi kolleksiyasında rəssamın əsəri olduğunu bildiyim onlarla məşhur və məşhur olmayanlara müraciət etdim ki, həmin işlərin fotosunun çəkilib kitaba daxil edilməsinə imkan yaratsınlar. Çox təəssüf ki, onların əksəriyyəti buna imkan vermədi. Əvəzində mənə onlarda heç vaxt S.Bəhluzadənin əsərinin olmadığını dedilər. Əslində, başqa bəhanə tapa bilməzdilər. Çünki həmin əsərləri artıq satmışdılar. Başqa sözlə desək, bənzərsiz Səttar dünyasını – mənəviyyatı maddiyyata dəyişmişdilər. Beləcə, rəssamın bir çox əsərlərinin əsl-konkret ünvanları itdi və sonradan onların haradasa peyda olması da artıq təəccüblü görünməyəcək...
Daha bir misal. 2021-ci ildə SSRİ Xalq rəssamı, akademik Mikayıl Abdullayevin 100 illiyi qeyd olundu. Azərbaycanda və Türkiyədə yubiley sərgiləri keçirildi. Hətta Türkiyədəki sərgiyə həsr olunmuş çoxəhatəli bir kataloq (TÜRKSOY-un dəstəyi ilə) nəşr edildi. Ən maraqlısı isə o idi ki, Ankara və İstanbulda nümayiş olunan sərginin ekspozisiyası M.Abdullayevin yalnız Türkiyədə şəxsi kolleksiyalarda saxlanılan (!!!) əsərlərindən təşkil olunmuşdu.
Hazırda görkəmli fırça ustası Mircavad Mircavadovun əsərlərinin Azərbaycanda yox, uzaq Danimarkada toplanması da sual doğuran məsələdir...
Səttar Bəhlulzadənin əsərlərinin internet-hərraca çıxarılmasına qayıdaraq demək istərdim ki, onların təqdimatında ciddi səhvə yola verilmişdir. Belə ki, həmin 650 işdən, bir neçə rəngkarlıq əsəri (onların da orijinallığı elə fotolara əsasən şübhə doğurmaqdadır) istisna olunmaqla, qalanları kiçikölçülü qrafik əsərlərdir. Lap dəqiq desək, qrafik eskizlər və cızma-qaralardır. Belə nümunələr rəssamın emalatxanasında saysız-hesabsız idi. 1974-cü ildə onun emalatxanasını boşaldarkən həmin eskizlərin əksəriyyəti “əhəmiyyətsiz” sayılaraq nəzarətə götürülməmiş və son nəticədə itirilmişdir. İndi məlum olur ki, o vaxt kimlərsə onları toplamış və uzun bir müddətdən sonra satışa çıxarmışdır.
Bu gün bir çox adamlarda da bunlara bənzər çoxlu sayda qrafik əsərlər var. Heç şübhəsiz, Səttar Bəhlulzadənin bütün yaradıcılığı dəyərlidir. Onların ölkəmizdə, rəssamın öz vətənində toplanması isə çox vacibdir. Toplayıb yaxşı formada özümüzə və başqalarına göstərməyi bacarmalıyıq. O zaman dahi fırça ustasının doğma yurdu Əmircanda yerləşən ev-muzeyinin ekspozisiyası da daha çox əsərlərinin fotosurətləri ilə deyil, orijinalları ilə zənginləşər...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi,
professor
Mədəniyyət.- 2023.- 13
yanvar.- S.7.