Litvada Qarabağa həsr olunmuş fotosərgi

 

“Dağıdılmış şəhərlər: keçmişin kölgəsi”

 

Azərbaycanın Litvadakı Səfirliyinin dəstəyi ilə Vilnüs şəhərində yerləşən “Jurnalistlər Evi”ndə fotojurnalist Arunas Sartanaviçusun ölkəmizin işğaldan azad edilmiş ərazilərində çəkdiyi şəkillərdən ibarət “Dağıdılmış şəhərlər: keçmişin kölgəsi” adlı sərgi təşkil olunub.

Səfirlikdən bildiriblər ki, tədbiri Litva Jurnalistlər İttifaqının sədri Dainius Radzeviçius açıb. O, sərginin mövzu ilə tanış olmayanların bu haqda daha ətraflı məlumat əldə etmələrinə imkan yaratdığını vurğulayıb.

Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev fotosərginin müəllifi A.SartanaviçiusaLitva Jurnalistlər İttifaqına belə bir sərginin təşkil olunmasına göstərdikləri dəstəyə görə təşəkkür edib. Bildirib ki, müasir dövrdə insanlar baş verən hadisələri faktlar əsasında deyil, təbliğatın təsiri altında qavrayırlar. Məhz bu səbəbdən sərgidə nümayiş olunan fotolar Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycan mədəni irsinin, tarixi abidələrinin, dini məbədlərinin, hətta məzarlıqların, məhvinə doğru yönəlmiş vəhşilikləri barədə insanlara daha dəqiq məlumat verilməsi baxımından əhəmiyyətlidir.

Özünün də əslən Azərbaycanın Qarabağ bölgəsindən olduğunu qeyd edən səfir bu fotoların heç bir şərhə ehtiyac olmadan Qarabağda baş verən əsl həqiqətləri nümayiş etdirdiyini vurğulayıb. Diplomat Azərbaycanın işğaldan azad etdiyi ərazilərində  Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti ilə geniş bərpa və quruculuq işlərinin həyata keçirildiyi barədə məlumat verib, bu işlərin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.

Nümayiş olunan fotoların müəllifi A.Sartanaviçius və Xocalı faciəsinin şahidi olmuş litvalı hərbi jurnalist, “Sonsuz dəhliz” sənədli filminin müəllifi Riçardas Lapaytis Birinciİkinci Qarabağ müharibələri, eyni zamanda, sonrakı dövrdə bölgəyə səfərləri zamanı orada üzləşdikləri mənzərə, lentə aldıqları kadrlar barədə təəssüratlarını sərgi iştirakçıları ilə bölüşüblər.

 

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.1.