Milli Kitabxanada Tofiq Kazımovun 100 illiyi ilə bağlı sərgilər hazırlanıb

 

 

Yanvarın 14-də Azərbaycanın tanınmış teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun (1923-1980) anadan olmasının 100 illiyi tamam olur.

Bu münasibətlə yanvarın 12-də Milli Kitabxanada kitab sərgisinin açılışı olub. Bir həftə nümayiş olunacaq sərgidə Tofiq Kazımov haqqında yazılan kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr əks olunub.

Tofiq Kazımov klassik pyeslər əsasında hazırladığı tamaşalarda əsərə günümüzün reallığı baxımdan yanaşaraq, tarixi bir dövrdə cərəyan edən hadisələrin mayasındakı müasirliyi üzə çıxara, tamaşanı çağdaş dövrün mənzərəsi müstəvisində yoza, ümumbəşəri problemlərin bədii həllinə nail ola bilirdi. “Ölülər”, “Pəri cadu”, “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşaları rejissorun klassik milli dramaturgiyaya müasir münasibətinin təzahürü kimi qiymətləndirilir.

Görkəmli rejissor 1965-ci ildə “AntoniKleopatra” (V.Şekspir), 1979-cu ildə “Şəhərin yay günləri” (Anar) tamaşalarına görə respublika Dövlət mükafatları ilə təltif olunub. 1961-ci ildə “Əməkdar incəsənət xadimi”, 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Yubileylə bağlı, həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən “Tofiq Kazımov – 100” adlı virtual sərgi də hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgi kitabxananın saytında (www.anl.az) yerləşdirilib. http://anl.az/el/vsb/Tofiq_Kazimov/index.htm

 

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.5.