Bizi inandırmağa çalışırlar ki...

 

Akademik Musiqili Teatrda sürpriz tamaşa hazırlanır

 

İlin-günün bu vədəsində – teatr adamlarının “boş səhnə” dediyi yanvarda Akademik Musiqili Teatrda yeni tamaşanın məşqini izləmək təklifini böyük həvəslə qarşıladım. Yarıqaranlıq zala keçdiyimdə məşqin qızğın vaxtı idi. Rus dilində durmadan təlimatlar verən, arabir replikasını unudan aktyorların əvəzində də danışıb onların tərəf-müqabillərinə də “ayaq” verən rejissor heç fərqimə də varmadı. Mənə elə bu lazım idi. Özümə bir köşə seçib başladım müşahidəyə.

Səhnədə ifa və səs tembrləri ilə yaxşı tanıdığım Fərid Əliyev və Nərgiz Kərimova şəkil üzrə məşq edirlər. Deyəsən, tamaşanın kulminasiyasına gəlib çatmışdım. Düzü, buna çox sevindim. “Görəsən, axırı necə olacaqdeyib kitabı sondan oxuyan oxucu kimi.

Budur, duetə xor da qoşuldu. Bayaqdan zalda əyləşən balet xor artistləri səhnədə yerlərini aldılar. Dəyişən səhnənin keçidində texniki işçilərə, xüsusən heç sözə baxmaq istəməyən işıq mühəndisinə təlimatlar verən rejissor qısa fasilə elan etdi. Hiss elədim, o da, heyət yorulmuşdu. Bu qısa fürsəti ayaqüstü söhbətlə öz xeyrimə çevirib rejissoru bir az yordum...

Əvvəlcə tamaşa haqqında. Bildiyimiz kimi, 4 fevral Xalq artisti, görkəmli bəstəkar, nəğmələri ilə zövqümüzü oxşayan Polad Bülbüloğlunun ad günüdür. Ona onun pərəstişkarı olan sənətsevərlərə fərqli ad günü sürprizi etmək istəyən Akademik Musiqili Teatrda (rus bölməsində) bəstəkarınNəğməmə inanmusiqili komediyası (libretto mahnıların mətini Mixail Şerbaçenko, redaktəsi Cavid İmamverdiyevə məxsusdur) səhnələşdirilir. Səhnə işinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru  Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanov, dirijoru Səməd Süleymanlıdır.

Səhnə əsərində rolları Fərid Əliyev (Sərvər Səttarov), Nərgiz Kərimova (Tatyana Voloşina),  Emil Heydərov (Şahmar Kərimov), Mehriban Zalıyeva (Vika Petroviç), Rauf Babayev (İqor Qudimov), Boris Qrafkin (Boris Qrafkin) oynayırlar. Tamaşada xor balet artistləri iştirak edirlər.

4-5 fevral tarixlərində premyerası nəzərdə tutulan tamaşa barədə rejissor niyə məhz bu əsəri seçməsinə belə aydınlıq gətirdi: “Bu pyesi teatrımızın kitabxanasından tapdım ilk oxunuşundan valeh oldum. Əfsuslar olsun ki, bu əsər heç vaxt bizdə qoyulmayıb. Amma Bakıda oynanılmasa da,  Rusiyada bir neçə teatrda səhnələşdirilib. Hətta maraqlı radio tamaşası da var. Orada Polad Bülbüloğlu baş qəhrəmanı özü oxuyur. Pyes 80-ci illərdə yazılıb həmin dövrü əhatə edir. Onu bir az redaktə edərək müasirləşdirib, günümüzə gətirdim.

Pyesdə hadisələr bu günümüzdə baş verir. Polad müəllimin xeyir-duasını aldıqdan sonra məşqlərə başladıq. Ötən ilin mayından davam edən məşqlər artıq tamamlanmaq üzrədir”.

Tamaşada hadisələr iki yaradıcı insan arasında münasibətlərdən bəhs edir. Rejissor tamaşaçılar üçün maraqlı qalsın deyə hadisələri açmasa da, əsas ideya məhəbbət fədakarlıqdır.

Onu da deyim ki, bu tamaşadakı mahnıların bir qismi indi Polad Bülbüloğlunun repertuarındadır. Əminliklə demək olar ki, seyrçilər tamaşada bir qədər nostalgiyaya dalıb, sevilən nəğmələrin müşayiətində xoş anlar yaşayacaqlar.

Rus dilində yazılan əsəri teatrın rus bölməsi üçün ərsəyə gətirən rejissor beləcə, repertuara daha bir musiqili komediyanın daxil olmasından məmnunluq ifadə etdi.

Bu məqamda, Musiqili Teatrın baş rejissorunu tapmışkən, üstəlik bundan əvvəlki quruluşunun da (“Bəxtiyartamaşası) musiqili komediya olduğunu nəzərə alaraq, teatrın profilinə uyğun bu janrda yeni tamaşaların nisbətən az səhnəyə çıxmasının səbəbini soruşdum. Həmsöhbətimin öz arqumentləri oldu: “Bizdə yaxşı rejissor komandası var onlar fərqli janrlarda maraqlı, mövzu palitrası zəngin tamaşalar qururlar. Mən isə daha çox musiqili komediya janrına maraqlıyam. Çünki mənim üçün bura ürəyimdə daim musiqili komediya teatrıdır. 4 yaşımdan babam məni bu teatra gətirib o zamandan bu teatrın repertuarını əzbər bilirəm. Musiqili komediya səpkili maraqlı tamaşalarımız var. Repertuarımız genişdir yeni tamaşalar qoyulmaqdadır. Razıyam ki, onların arasında siz deyən janrda tamaşalar azdır. Amma klassik əsərlər , müasirləri var. Maraqlısı budur ki, teatr bir səpkidə getmir. Amma musiqili komediyanı da unutmuruq”.

Cavid İmamverdiyev yeni tamaşasının əsas ideyasına da toxundu: “Tamaşanın ana xəttində insanın öz ideyalarına, sevgi məqsədlərinə bağlılığı, sadiqliyi durur. Bizim baş qəhrəmanlar nə etdiklərini, bu dünyayaüçün gəldiklərini anlayırlar. Öz məqsəd və məramları uğrunda çalışırlar. Bir an sevgi, məhəbbət, ali hisslər üçün fədakarlıq etməli olurlar. Nəticədə yenə də sənət və sevgilərinin arxasınca gedə bilirlər. Düşünürəm ki, sevgisinə görə öz qələbəsindən imtina edən qəhrəman tamaşaçı üçün maraqlı olacaq. Beləcə, biz sevgidə fədakarlıq sayəsində sevginin qələbəsini görəcəyik”.

Aktyor seçiminə də toxunan rejissor əsas partiyalardan ikinci dərəcəli rolların ifaçılarına qədər hər birinin boylarına biçilmiş obrazlarından danışdı. Bildirdi ki, obrazlar az olsa da, onlar yaddaqalan səs və ifaları ilə tamaşanın ruhunu ifadə edəcəklər.

Rejissor nəinki bu teatrın, ümumilikdə Azərbaycan səhnəsinin ən qocaman aktyoru – 86 yaşlı Boris Qrafkinə də tamaşada xüsusi yer verib. Hətta onu tamaşaçı yaddaşında məxsusi saxlamaq üçün əsərdəki obrazına da onun öz adını verib.

...Budur, orkestr çökəyində canlanma başlayır. Xorun üzvləri son partiyanı ifa etmək üçün səhnənin sağsol yanlarından çıxıb mərkəzə toplaşırlar. Bayaqdan öz aralarında qızğın müzakirələr edən aktyorların da səsi kəsilir. Zaldakı işıq daha da öləziyir. Rejissor köməkçiləri pyesi vərəqləyib səhnə arxasındakı yerlərini tuturlar. Qalır rejissorun baş qəhrəmana təlimatı. Sonrasını onsuz da biləcəyik...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.5.