Natəvan haqqında “Wikipedia”da özbək dilində səhifə
yaradılıb
Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvan (1832-1897) haqqında “Wikipedia”da özbək dilində xüsusi səhifə istifadəyə verilib.
AMM-in “Wikipedia” heyəti tərəfindən yaradılmış səhifə ümumilikdə 12 bölmədən ibarətdir və hər bir bölmədə müvafiq olaraq şairənin həyatı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, eləcə də ailə şəcərəsi, əsərləri, ictimai fəaliyyəti və s. haqqında məlumat verilib. Səhifənin “Meros” (İrsi) bölməsində şairənin adına küçə, klub, kitabxana, məktəb yaradılması, Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanılması əks olunub. Bildirilir ki, Natəvanın Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində abidəsi qoyulub.
Səhifədə 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı da diqqətə çatdırılır. Mənbədə Şuşada həmin dövrün ədəbi mühiti və Xurşidbanu Natəvanın burada yaratdığı “Məclisi-üns” ədəbi məclisi barədə geniş məlumat verilir.
Bölmədə Xurşidbanu Natəvanın şeirləri, haqqında çap olunmuş kitabların siyahısı da öz əksini tapıb. Həmçinin məlumat verilir ki, AMM tərəfindən Xurşidbanu Natəvanın şeirləri özbək dilinə tərcümə olunaraq nəşr edilib.
Xurşidbanu Natəvan
haqqında özbək dilində məlumatlarla
https://uz.wikipedia.org/wiki/Xurshidbonu_Notavon linki
vasitəsilə tanış olmaq mümkündür.
Mədəniyyət.- 2023.- 18
yanvar.- S.7.