Əsas qəhrəmanlar Buzovna qayalığı və onlara çırpılan dalğalardır...

 

Fərid Qədirlinin “Yenidən doğulma” adlı fotosərgisi

 

 

Abşeronun əzəmətli görkəmə malik Buzovna qayalığı şair Mikayıl Müşfiqin, eləcə də Səttar Bəhlulzadə, Tahir Salahov, Cavad Mircavadov kimi görkəmli rəssamlarımızın ilham mənbəyi olub. Bu mənzərə həm də milli filmlərimiz üçün çəkiliş meydançasına çevrilib, “Koroğlu”, “Yeddi oğul istərəm”, “Qorxma, mən səninləyəm!” kimi ekran əsərlərində kadrlara yansıyıb. Hə, birbu qayaların fonunda dahi Müslüm Maqomàyevin oxuduğu möhtəşəm mahnıları...

Ölkəmiz üçün ağrılı olan müstəqilliyin ilk illərində şahidinə çevrildiyimiz hərc-mərclikdən Buzovna qayalığı da öz “nəsibini aldı”. Füsunkar sahil qanunsuz olaraq ayrı-ayrı fərdlər tərəfindən zəbt edildi, qayalar ucaldılan hasarların məngənəsində sıxılmağa başladı. İki kilometrdən uzun sahil zolağını əhatə edən unikal qayalıq get-gedə kiçildi. 2022-ci ilin aprel ayına kimi Buzovna qayalığından yalnız kiçik bir hissə qalmışdı. Buzovna ictimaiyyəti, xüsusilə gənclərin həmin ilin yayında “Qayalara azadlıq!” şüarı ilə başlatdıqları aksiya qısa zamanda geniş rezonans doğurdu. Ekofəalların səsinə səs verən Prezident İlham Əliyevin göstərişi ilə sahil qanunsuz tikililərdən təmizləndi. Bu zəruri addım Buzovna qayalığının mövcudluğunun təminatı oldu...

***

Fotoqraf Fərid Qədirlinin yanvarın 13-də Bakı Fotoqrafiya Evində təşkil edilən “Yenidən doğulma” adlı fotosərgisi də bu qayalıqların ikinci həyatına həsr olunub.

Sərginin açılışında çıxış edən Xalq  rəssamları Arif Əziz, Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Əməkdar rəssam Vüqar Əli, sənətşünas Sevil Kərimova Fəridin yaradıcılığı haqqında söz açdılar. İxtisası operator olan F.Qədirlinin rəssam və fotoqraf kimi sənətə yüksək peşəkarlıqla yanaşmalarını dəyərli bir tapıntı kimi qiymətləndirdilər.

Sərgidə yer alan fotoları Abşeron mənzərələrinə yeni baxışı kimi səciyyələndirən müəllif bildirdi ki, Buzovna qayalıqlarından fotoreportaj etməsi həm də sosial mahiyyət daşıyır: “Sakinlər tərəfindən qayalıq ərazidə aparılan iməciliklər və abadlıq işlərini fotokameranın yaddaşına köçürməyi özümə borc bildim”.

Yanvarın 19-dək davam edəcək sərgidə təqdim olunan fotoların əsas qəhrəmanları Buzovna qayaları və onlara çırpılan dalğalardır.

Bildirək ki, ekofəal və peşəkar fotoqraf Fərid Qədirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini kinooperator ixtisası üzrə bitirib. Bir neçə ildir fotoqrafiya ilə məşğul olur, Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Birliyin təşkil etdiyi sərgi və müsabiqələrdə iştirak edir. 2015-ci ildə “Azərbaycan ailəsi” film festivalında “Sosial şəbəkələrdə ən çox bəyənilən fotoşəkil” nominasiyasında qalib olub.

 

Lalə

Mədəniyyət.- 2023.- 18 yanvar.- S.5.